"Paşinyanın Ermənistan-Azərbaycan sülh danışıqlarını uzatmaq cəhdlərinin qarşısı alınmalıdır" - ELXAN ŞÜKÜRLÜ

2023-09-07 11:22:42

"Böyük ehtimalla, yaxın günlərdə Xankəndinin rəsmi Bakının iradəsinə tabe etdirilməsi, eyni zamanda Ermənistanın 2020-ci ilin 10 noyabrında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində Paşinyan hökumətinə daha real təzyiq silahları işə salınacaq"

"ABŞ-ın demokrat prezidenti Baydenin yıxmağa söz verdiyi, ancaq 3 ildir devirə bilmədiyi iki dövlət başçısının - Putin və Ərdoğanın Soçidəki görüşü Rusiya-Türkiyə əməkdaşlığının uğurla davam etdirildiyinin növbəti göstəricisi olmaqla yanaşı, həm də qarşıdakı mərhələnin ortaq hədəflərini aydınlaşdırır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şükürlü deyib.

Elxan Şükürlünün sözlərinə görə, hər şeydən əvvəl, bu görüş zamanı beynəlxalq ictimaiyyətə verilən ilk açıq mesaj o oldu ki, Türkiyə NATO üzvü olsa da, NATO-nun Ukrayna müharibəsi üzərində apardığı Rusiyanı təcrid siyasətində iştirak etmir və yaxın gələcəkdə də iştirak etməyəcək: "Əksinə, iki ölkə arasında yeganə səmimi və etibarlı vasitəçi missiyasını öz üzərinə götürməyə iddialıdır. Bu isə öz növbəsində o deməkdir ki, Türkiyə və Türkiyənin də daxil olduğu Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsiylə Qərbin Rusiyaya qarşı "ikinci cəbhə" açmaq cəhdlərinə imkan verilməyəcək, hətta Rusiya əleyhinə sanksiyaların bu coğrafiya üzərindən genişlənməsinin də önü kəsiləcək. Bu mərhələdə bu razılaşma Rusiya üçün uğurlu olduğu qədər də, bütövlükdə Türkiyə və TDT üçün də eyni dərəcədə əhəmiyyətli, uğurludur: TDT coğrafiyası Qərb-Rusiya toqquşmasının yeni qanlı meydanına çevrilməkdən yayınaraq, həm insan, həm də iqtisadi resurslarını qoruyub saxlamaq və inkişaf etdirmək, Çin - Avropa İttifaqı aralığında gələcəkdə əsas oyunçulardan biri olmaq fürsəti qazanır".

Siyasi şərhçinin fikrincə, Putin-Ərdoğan görüşünün ən önəmli nəticələrindən biri də, öncədən proqnozlaşdırdığımız kimi, Suriya probleminin həlli məqsədiylə qurulan "Astana prosesi"nin, eyni zamanda, 44 günlük Qarabağ savaşının nəticəsi olaraq irəli sürülmüş "3+3" formatının yenidən dirçəldilməsidir: "Hər iki formatın qurulmasında əsas təşəbbüskarlar bizim üç böyük qonşumuz - Rusiya, Türkiyə və İrandır. Azərbaycan bu üç ölkənin quru sərhədlərini bir-birinə bağlayan yeganə dövlətdir. Putin-Ərdoğan görüşündə əldə edilən razılaşmaların ən qısa müddətdə və aydın görünəcəyi əsas meydança da elə məhz Azərbaycan ərazisi - Qarabağdır. Çox böyük ehtimalla, yaxın günlərdə Xankəndinin rəsmi Bakının iradəsinə tabe etdirilməsi, eyni zamanda Ermənistanın 2020-ci ilin 10 noyabrında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində Paşinyan hökumətinə daha real təzyiq silahları işə salınacaq. Paşinyanın Ermənistan - Azərbaycan sülh danışıqlarını Rusiya-Ukrayna savaşına paralel şəkildə uzatmaq cəhdlərinin qarşısı tezliklə alınmalıdır ki, Qərbin regona giriş imkanlarına birdəfəlik sədd çəkilsin və bölgə ölkələri arasında nəqliyyat-kommunikasiya xətlərinin işləkliyi, real əməkdaşlığın dərinləşdirilməsi təmin edilsin. Paşinyanın İtaliya mətbuatına müsahibəsində açıq anti-Rusiya çıxışları və Ermənistan üçün KTMT-dən kənar "təhlükəsizlik çətiri" axtarışında olduqlarını dilə gətirməsi artıq yeni geopolitik toqquşma meydançasının Cənubi Qafqazda Ermənistan olduğunun ən yüksək səviyyədə ortaya qoyulan dəlilidir. Arxasında Qərbdəki erməni lobbisinin durduğu təsisatlar və şəxslər vasitəsi ilə 3 ildir Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığının əleyhinə yönəlmiş təbliğata baxmayaraq, Ermənistan üzərində gedən bu geopolitik savaşın yaratdığı situasiya qarşımızda yeni imkanlar açır və biz növbəti dəfə bu anı tutmalı, ondan yararlanmağı bacarmalıyıq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.139813