Paşinyanın BMT tribunasında "pozitiv" artistliyi: "Qonşu ölkələri günahlandırmaqdansa..."
BMT Baş Assambleyasının sessiyasındakı çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan pozitiv nitqi ilə fərqlənib.
Hurriyyet.az xəbər verir ki, Paşinyan deyib ki, o, qonşu ölkələri günahlandırmaqdansa, diqqətini imkanlara yönəldəcək və bu, müsbət düşüncə və imkanlar haqqında söhbətlər üçün yer yaradacaq.
Paşinyanın çıxışı o dərəcədə pozitiv tonda olub ki, onu Ermənistandakı opponentləri də tənqid etməyə başlayıblar.
Musavat.com həmin çıxışdan önəmli məqamları təqdim edir:
“Biz keçmişi dəyişə bilmərik, bu gün də çox şeyi dəyişə bilmərik, çünki bu gün müəyyən dərəcədə keçmişin bir hissəsidir, lakin gələcəyin formalaşdırılması bu günün ən mühüm vəzifəsidir”.
O qeyd edib ki, erməni tərəfinin də gündəliyi məlumdur: sülh, təhlükəsizlik, rifah, azadlıq, ədalət, insan haqları, süni intellekt, iqlim dəyişikliyi.
“Bununla belə, xüsusilə vacib olan, gələcəyə baxışımızı hansı konsepsiyaya əsasladığımız və ona uyğun olaraq onu necə qurduğumuzdur. Qəribə görünə bilər, amma gələcək üçün edə biləcəyimiz ən vacib şey müsbət hekayələr yaratmaq və ona diqqət yetirməkdir", - deyə Paşinyan bildirib.
Bugünkü qlobal böhranın səbəblərindən biri kimi o, beynəlxalq formatların uzun müddətdir ki, qarşılıqlı ittihamlar və təhdidlər meydanına, böhranların və çıxılmaz vəziyyətlərin baş verdiyi və ya elan olunduğu məkana çevrilməsini göstərib:
“Həm mənim, həm də digər liderlərin beynəlxalq platformalarda etdiyi müsbət çıxışları xatırlamaq mənim üçün çətindir və bunun obyektiv səbəbləri var, müsbət diskurs üçün material azdır və bəlkə də bu, keçmişdə orada olması ilə bağlıdır. Biz adətən BMT-yə bunun pis olacağını söyləmək üçün gəlirik, çünki bunu təsdiqləyən çoxlu faktlar var və onlar hər yerdə var və onları aşkar etmək çox səy tələb etmir”.
Musavat.com bildirir ki, əksər ekspertlərə görə, Nikol Paşinyanın BMT tribunasından etdiyi bu çıxış siyasi artistlik nümunəsidir. Sülh müqaviləsinin imzalanmasını hər bəhanə ilə uzadan Paşinyan dünyaya özünü və hökumətini konstruktiv, sülhpərvər və pozitiv göstərməyə çalışıb.
Musavat.com