Paşinyanı təxribata kim vadar edib? - “Şübhələr var...”

2023-05-11 14:10:00

Paşinyanı təxribata kim vadar edib? - “Şübhələr var...”

“Sərhəddə baş verən son erməni təxribatından əvvəl bir neçə məqam diqqəti çəkir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, Ermənistan-Azərbaycan sərhədində toqquşmaların səbəblərinə, habelə bu döyüşlərdə "üçüncü tərəflərin əli"nin mövcudluğu iddialarına münasibət bildirib. 

N.Mirinin sözlərinə görə, mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən paradda iştirakı və Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü zamanı Qarabağ və Ermənistan-Azərbaycan münasibətləri müzakirə predmeti olub və Vaşinqton danışıqlarının hesabatı verilib: 

"Perspektivdə sülh müqaviləsi, çərçivə sazişinə dair Rusiyanın fikri  öyrənilib. Bu səfərin əsas məqsədlərindən biri bu idi ki, gələcəkdə Paşinyan iqtidarı üçün yeni risklər yaranmasın”. 

Şərhçinin fikrincə, bu səfərdən dərhal sonra hərbi təxribatın törədilməsi müəyyən şübhələr yaradıb: 

“Onu Rusiya ilə yanaşı, Avropa İttifaqındakı bəzi qüvvələr də yönəldə bilər. Aİ Rusiya kimi monolit güc deyil və Fransanın absurd xarici siyasət yürüdən Emmanuel Makron kimi bir dövlət başçısı var. Odur ki, təkcə Rusiyanı ittiham etmək düzgün olmazdı”.

N.Miri xatırladıb ki, Brüsseldəki görüş bu dəfə üçtərəfli olacaq və Makronun orada iştirakı nəzərdə tutulmayıb:

“Bu da, əlbəttə, Fransanı qane etməyəcək. Doğrudur, bununla yanaşı, iyulun 1-də Moldovapaytaxtı Kişineuda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin ikinci sammitində Makronun iştirakı ilə belə görüş barədə informasiya verildi. Ancaq bəlli olmadı ki, Azərbaycan həmin dördtərəfli görüşə razı oldu, ya yox. Konkret informasiya olmadığı üçün diqqətlər həm də Fransaya yönəlir”. 

O əlavə edib ki, birmənalı kəşfiyyat informasiyası olmadan kimisə ittiham etmək doğru olmazdı:

“Ancaq bir şey bəllidir ki, bu, kənardan verilən, sifariş nəticəsində baş tutan bir təxribatdır. Çünki təxribat bir neçə sərxoş erməni əsgərinin avtomat silahdan açdığı atəş deyil. Məlumdur ki, burada İrana məxsus kamikadze dronlardan istifadə olunub. Bu da ciddi niyyətlərdən xəbər verir.

Brüssel görüşünə hələlik bir neçə gün var. Əgər baş tutmasa və ya ciddi nəticə əldə edilməsə, onda barmaqlar birbaşa Rusiyaya istiqamətlənəcək. Çünki Ermənistan rəhbərliyinin son günlər Rusiyaya doğru reveranslar etdiyi müşahidə olunur”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.173266