“PAŞİNYANA SUİ-QƏSD OLA BİLƏR...” – “Əgər sən sərhədi tanımırsansa, mən də Zəngəzura girirəm”

2022-09-19 13:31:00

“PAŞİNYANA SUİ-QƏSD OLA BİLƏR...” – “Əgər sən sərhədi tanımırsansa, mən də Zəngəzura girirəm”

Azərbaycan və Ermənistan sərhədində baş verən son hərbi qarşıdurma iki ölkə arasında sülh sazişinin imzalanmasının zəruriliyini bir daha ortaya qoydu. Əks təqdirdə belə kəskin hərbi insidentlərin baş verməyəcəyinə zəmanət yoxdur.

Amma görünən budur ki, rəsmi İrəvan ənənəvi xəttindən əl çəkmək niyyətində deyil. Bunu Nikol Paşinyanın “Zəngəzurdan dəhliz verməyəcəyik” bəyanatı bir daha təsdiq edir. Bu halda iki ölkə arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi, bunun hansı nəticələr yaradacağı aydın deyil. Görünən budur ki, hərbi baxımdan Azərbaycanın qarşısında duruş gətirə bilməyən Ermənistan hökuməti hansısa qüvvələrə arxalanaraq prosesi uzatmaqda davam edir.

Azpolitika.info mövzunu “Turan” agentliyinin direktoru, analitik Mehman Əliyevlə müzakirə edib.

- Mehman bəy, Azərbaycan-Ermənistan sərhədində qəfil hərbi qarşıdurma baş verdi. Sizcə, bu, niyə yaşandı və nəticə nədən ibarətdir?

- Bu, qəfil baş verməyib. İndiyə qədər belə hadisələr olub və bundan sonra da olacaq. Bu ilin mart və may aylarında belə insidentlər yaşanıb. Fərrux hadisəsi, “Qisas” əməliyyatını müşahidə etmişik. Bu o deməkdir ki, Azərbaycan tərəfi 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli sazişə əsasən razılaşdırılan şərtlərin yerinə yetirilməsini istəyir. Konkret olaraq Qarabağdakı Ermənistan qoşunlarının çıxarılması, sərhədlərin müəyyən edilməsi, böyük sülh sazişinin imzalanması, Zəngəzur dəhlizi daxil olmaqla kommunikasiyaların açılmasını istəyir. Ermənistan tərəfi isə bunu bilərəkdən və şüurlu şəkildə gecikdirir. Biz də dayanmadıq. Fərruxu və digər bəzi yerləri götürdük, alternativ yol çəkdik, Laçından və bəzi kəndlərdən onları vurub çıxardıq. Baxmayaraq ki, çıxmaq niyyətində deyildilər. İndi də Bakı deyir ki, gəlin saziş imzalayaq, İrəvan isə bildirir ki, Qarabağın statusunu müəyyən edək. Bu şəraitdə başqa yol qalmır. Əgər sən sərhədi tanımırsansa, mən də tanımıram. Gəlib mənim torpağıma girməmisən? Mən də Zəngəzura girirəm. Təxmini belə ssenari yaşanır. Məncə, ermənilər indiki formada davam edəcəksə, vəziyyətdə buna uyğun inkişaf edəcək.

- Ermənistan rəhbərliyi dəfələrlə bəyan edib ki, sülhün əldə olunmasında maraqlıdır. Paşinyan Brüssel və Moskva danışıqları zamanı da üçtərəfli sazişə sadiq olduğunu elan edib. Sizcə, niyə bir cür bəyanat verib, başqa cür davranış nümayiş etdirir, məqsəd nədir?

- Ermənistan düşünür ki, Azərbaycanla sülh sazişi imzalasalar, bu zaman Qarabağdan imtina etmiş olurlar. Azərbaycan sərhədlərini tanımaqla Qarabağ qalır bu sərhədlərin daxilində. Ona görə də məsələni uzadırlar. Düşünürlər ki, geosiyasi vəziyyət dəyişə bilər. Məsələn, Rusiyada hakimiyyət dəyişər, başqaları gələ və başqa siyasət apara, məsələn Ermənistana münasibətdə indiki yanaşma dəyişə bilər. Və ya ABŞ-la Rusiya arasında fərqli vəziyyət yarana bilər. Bir sözlə, indiki vəziyyəti davam etdirmək, faktiki vəziyyəti olduğu kimi saxlamaq və bütün ümidləri gələcəyə bağlamaq. Ermənistan indi bunu edir.

Bizə isə vəziyyəti uzatmaq sərf etmir. Əksinə, çalışırıq ki, məsələni həll edək, problem aradan qalxsın. Əslində beynəlxalq vasitəçilər də problemin birdəfəlik həllini istəyir. Sadəcə olaraq erməni tərəfi prosesi yubatmaq məqsədilə oyun oynamaqda davam edir. Məsələn, bir neçə gün əvvəl Paşinyan elan etdi ki, heç nəyə baxmayaraq sülh sazişini imzalayır, qoy ona satqın desinlər, gələcək nəsillər pisləsinlər və s. Müxalifər və narazı kəsim dərhal “istefa” şüarı səsləndirdi, azsaylı qruplar aksiya təşkil etdi. Bundan sonra Paşinyan bildirdi ki, yox, sənəd imzalamır. Bununla da dünyaya göstərdi ki, mənə təzyiq var, buna getsəm, çevriliş riski ilə üzləşərəm. İlk baxışdan bu cür də görünür. Əslində isə məsələni uzatmaq xətti ilə hərəkət edirlər.

- Zəngəzur və Göyçə istiqamətində son hərbi qarşıdurma bizə nə verdi?

- Mənim fikrimcə, bu dəfə bir qədər fərqli oldu. Məsələn, biz postmüharibə dövründə Qaragöl, Fərrux və digər hadisələri müşahidə etdik. Amma o əməliyyatlar zamanı ermənilər elə şok vəziyyətində olurdu ki, biz asanlıqla istədiyimizi edirdik. Məncə, bu dəfə bir qədər fərqli oldu, ermənilər mümkün qədər müqavimət göstərib. Üstəlik, biz tərəfdə də itkilər olub. Əlbəttə, mən yenidən belə halların olacağını istisna etmirəm.

- Deməli, siz həm də yaxın dövrdə sülh sazişinin imzalanmasını gözləmirsiniz?

- Yox, mən gözləmirəm. Digər tərəfdən, hər dəfə belə hallar yaşananda ermənilər dərhal Moskvaya üz tuturlar, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək tələb edirlər. Bu dəfə də eyni cür hərəkət etdilər. KTMT də Ermənistana nümayəndə göndərir, vəziyyətlə tanış olacaq, monitorinq aparacaq və s. Demək istəyirəm ki, ermənilər təxribatlara getməyə hazırdırlar. Əgər onlan qarantiya alsalar asanlıqla buna gedə bilərlər. Onlar bir şeyə də nail ola bilər. Məsələn, sabah sərhədə rus qoşunlarının yeridilməsinə. Hər halda bu, variantlardan biridir. Diqqət etsəniz görərsiniz ki, nə qədər canfəşanlıq edirlər, özlərini ruslara yaxın göstərir, bunun üçün dəridən-qabıqdan çıxırlar. Baxmayaraq ki, daxildə ruslara böyük nifrət gizlənir. Amma bu məsələdə onlar hər şey etməyə hazırdırlar. Məsələn, rusların Qarabağa gəlməsindən məmnun idilər. İndi də rus qoşunlarının sərhədlərdə təmsil olunmasından xoş olardırlar. Çünki sabah bu qoşunları Azərbaycana qarşı istifadə edə bilərlər. Bu mənada onların məqsədləri çirkin və təhlükəlidir.

- Hərbi qarşıdurmadan sonra Paşinyan hökuməti Rusiya, Fransa, ABŞ və KTMT-yə üz tutdu, mövzunu BMT Təhlükəsizlik Şurasına çıxarmağa nail oldu. Sizcə, İrəvan istədiyi reaksiyanı əldə edə bilibmi?

- Bu dəfə reaksiya maraqlı oldu. Məsələn, KTMT nümayəndəsi İrəvana gedib, sərhədi yoxlayacaq və s. Yəni hərəkət var. Eləcə də BMT Təhlükəsizlik Şurasında məsələ müzakirəyə çıxarıldı.

Əlbəttə, müzakirələrdə biri deyə bilər ki, Azərbaycan ordusu Ermənistan ərazisindən çıxmalıdır, digəri dialoq və danışıqlar haqda çağırış edə bilər. Bunlar normaldır. Amma Azərbaycanın əleyhinə olacaq kardinal addımları müşahidə etmədik.

- Biz Ermənistan ərazisinə daxil olmuşuqmu?

- Biz irəlilədiyimizi heç gizlətmirik də. Amma nəzərə almaq lazımdır ki, iki ölkə arasında delimitasiya və demarkasiya prosesi olmayıb, sərhədlər faktiki tanınmır. Lakin aydındır ki, müharibədən sonra biz tərəfdən müəyyən irəliləmə olub. Ona görə də deyə bilərlər ki, Azərbaycan bizim ərazimizə daxil olub, zatən deyirlər də.

- Biz nə cavab veririk?

- Biz onsuz da deyirik ki, gəlin sərhədlərin delimitasiyasını aparaq, müəyyən edək. Biz demirik ki, buna getmirik. Onlar bunu etmirlər. Sərhədlər dəqiqləşdiriləndə hər şey aydın olur. Dəqiqləşməyəndə faktiki açıq qalır və sən də deyirsən buralar mənimdir. Gəlib Laçını tutub, iyrənc bir ad qoymamışdılar? Deyirdilər bizim torpaqdır. Biz də deyirik ki, yox, belə deyil. Sərhəd olmayanda belə hallar baş verir. Ona görə də dəqiqləşdirmə aparılmalıdır.

- Hökumətin müharibədən sonra Ermənistanla bağlı apardığı siyasəti necə qiymətləndirmək olar?

- Pis deyil, vəziyyətə adekvatdır. Amma qeyd edim ki, bu, daha çox müəyyən adamlara və şəxslərə bağlanır. Əsasən də Rusiya kimi dövlət var, hər şeyi dəyişə bilir. Biz bunu görmüşük. Ona görə də təhlükəlidir. Qarabağda hərbi kontingenti var, Ermənistanda da hərbi baxımdan təmsil olunub. Biz də çalışırıq ki, məsələni tez həll edək. Reallıq odur ki, qarşı tərəf məsələni uzadır və hələlik bunu edə bilir. Ortada olan nəticə də odur ki, sülh sazişi, sərhədlərin dəqiqləşdirilməsi, yolların açılması məsələsində ciddi irəliləyiş yoxdur.

- Paşinyan son hərbi qarşıdurma zamanı parlamentə gələrək nümayişkəranə formada elan etdi ki, dəhliz verməyəcəklər, başqalarının fikri onlar üçün əhəmiyyətli deyil. İrəvan nədən dəhliz məsələsində belə aqressiv mövqe tutur?

- Kəskin mövqe və digər elementlərin səbəbi sonda gəlib Qarabağa dirənir. Bu halda məsələ açıq qalır və sabah şərait yarananda onlar düşünürlər ki, əks addım ata bilərlər və hətta uğur onların tərəfində ola bilər. Onlar belə düşündükləri üçün heç bir saziş imzalamaq, özlərini bağlamaq niyyətində deyillər. Əlbəttə, indiki vəziyyətdə, məncə, dəhliz məsələsinə maraq da yoxdur. Ukrayna savaşına qədər ruslar maraqlı idi ki, cənub dəhlizi açılsın. Hətta Finlandiyada terminal qurmuşdular və maraqlı idi ki, cənub dəhlizi işləsin. İndi Avropa-Rusiya münasibətləri kəskinləşib. Ona görə tələsən yoxdur.

- Bundan sonrakı prosesləri necə proqnoz edirsiniz?

- Birincisi, indiki şəraitdə beynəlxalq oyunçular maraqlıdır ki, məsələ həll edilsin, yollar açılsın, sabitlik olsun. Erməni tərəfi bunu qətiyyən istəmir, Azərbaycan isə bunu istəyir və məsələni başa çatdırmağa çalışır. Amma burada iki dövlət vacib rol oynayır - ABŞ və Rusiya. Ona görə də müəyyən məqamda nəsə ola bilər. Yəni bir ildən sonra şərtlərin necə olacağına heç kim qarantiya verə bilməz. Odur ki, Azərbaycanda daxili siyasət, xüsusilə həmrəylik məsələsi olduqca vacibdir. Bu halda biz daha güclü oluruq. Bu mənada problemlər həll olunmalıdır.

- Son olaylar Paşinyanın hakimiyyətdən devrilmə riskini nə dərəcədə çoxaldır?

- Ermənistan müxalifətinin real gücü, yəni elektoratı azdır. Bu güclə Paşinyanı devirmək olmaz. Üstəlik, müxalifətə inam da yoxdur. Paşinyanı devirmək üçün xalq hərəkatı olmalıdır. Paşinyana sui-qəsd ola bilər. İndiki şərtlərdə onu küçə hərəkatı yolu ilə devirmək olduqca çətindir. Məsələn, sülh sazişindən danışırıq. Paşinyan dedi ki, sənəd imzalaya bilər, daha sonra bunu təkzib etdi. Məncə, bunun imzalanması üçün Ermənistan elə sıxılmalıdır ki, başqa variantın olmadığını görsün. Bunun üçün beynəlxalq vasitəçilərin birliyi və israrı vacib rol oynayar. Erməni cəmiyyətində bir hissə sülhə tərəfdardır, bir hissə isə bunun əleyhinədir. Biz həm də fəaliyyətimizdə nəzərə almalıyıq ki, Ermənistan müharibə sindromunu tədricən adlayır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000144