PAŞİNYAN VURNUXUR, RUSİYA VƏ İRAN İSƏ... - Sərhəddəki təxribat Ermənistana nəsə verdimi?

Biz azad iradəsi olmayan marionetka ölkə ilə üz-üzəyik və bu cür subyektin öz xoşuna masa arxasına əyləşəcəyi, təxribatlardan əl çəkəcəyi inandırıcı görünmür
Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı qarşıdurma bir daha göstərdi ki, İrəvan müstəqil siyasət yürütmək iqtidarında deyil və o, hələ də kənar güclər tərəfindən təxribat aləti kimi istifadə olunur.
Mətbuatda gedən məlumatlara görə, tərəflər arsında növbəti görüş Vaşinqtonda baş tutmalıydı. Ancaq Rusiya hər vəchlə çalışır ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin formalaşması prosesinə ondan başqa heç bir kənar qüvvə müdaxilə etməsin.
Deməli, bunları nəzərə almadan hadisələrin mahiyyətini anlamaq mümkünsüzdür. İndi biz konkret bilməliyik ki, Ermənistan Baş naziri Rusiyanın caynağından qurtulmaq istəyirmi? Əgər istəyirsə, onda bunu necə, hansı yollarla həyata keçirməyi planlaşdırır? O, doğrudanmı Qarabağ ermənilərinin yükünü üstündən ataraq Azərbaycanla normal qonşuluq əlaqələri yaratmaq niyyətindədir? Məhz bu, ən mühüm məsələdir.
Görünən odur ki, Paşinyan və onu müdafiə edən kəsim Qərblə yaxın əlaqələr qurmaq fikrində olsalar da, bu prosesi Rusiyadan ciddi zərbə almadan görməyi düşünürlər. Qarabağın ermənilər yaşayan ərazilərinin də Azərbaycanın suveren ərazisi hesab edilməsinə və tərəflər arasında sülh müqaviləsinin bağlanmasına gəldikdə isə Paşinyanın bu məsələ ilə bağlı hansısa plana malik olduğunu söyləmək çətindir. O, hadisələrin axarına, ümumi vəziyyətə uyğun davranır, özü isə xoş məramlı hər hansı ciddi təşəbbüs göstərmir.
Əlbəttə, biz Paşinyanın gerçəklikdə nə fikirləşdiyini deyə bilmərik. Paşinyan hakimiyyətə gəldiyindən indiyədək bir-birini təkzib edən çoxsaylı ziddiyyətli bəyanatlar verib. Amma ümumi xətt həm də onu göstərir ki, Nikol Paşinyan erməni ictimaiyyətini real faktlar qarşısında qoymaqla demək istəyir ki, Qarabağ məsələsində Ermənistanı hüquqi baxımdan beynəlxalq arenada dəstəkləyən yoxdur.
Məsələn, Paşinyan son çıxışında deyib: ”Əgər Madrid prinsiplərindən öncə Qarabağın öz müqəddəratını təyinetmə məkanı Sovet İttifaqı idisə, Madrid prinsplərindən sonra Ermənistan tərəfinin “parlaq” diplomatiyası sayəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi. Bizim səhvimiz o oldu ki, bunu hələ 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”.
Ermənistanın Baş naziri bununla öz ictimaiyyətinə bildirmək istəyir ki, məndə heç bir günah yoxdur, hamısını öncəki hakimiyyət edib.
Beləliklə, biz azad iradəsi olmayan marionetka ölkə ilə üz-üzəyik və bu cür subyektin öz xoşuna masa arxasına əyləşəcəyi və təxribatlardan əl çəkəcəyi inandırıcı görünmür. Onlara qarşı konkret mövqe ortaya qoyulmalıdır.
Ermənistanın bir dövlət kimi Rusiyanın təsir dairəsində olması sirr deyil, amma son zamanlar İrəvananın İran və Hindistan kimi yeni müttəfiqləri də peyda olub. İndi İran Ermənistanı özünə tərəf çəkməyə və onu ağuşuna almağa çalışır.
Şübhəsiz ki, İran elə hər zaman Ermənistana qarşı isti münasibət bəsləyib, lakin son dövrlər bu yaxınlaşma daha da güclənib. Ermənistanın tərəfdaşı kimi çıxış edən İran nəyi hədəfləyir?
İran Ermənistanı əlinə düşmüş yaxşı fürsət hesab edir və təxribat mexanizmi qismində ondan maksimum yararlanmağı düşünür. Onlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağılnamasının, Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdan ötrü erməniləri sərhəd boyu məntəqələrdə pozuculuq fəaliyyətlərinə sövq edəcəklər ki, Qərbin sülh planı uğursuzluğa düçar olsun. İranın hərəkətləri Azərbaycanda əminamanlığın, sakitliyin və daxili sabitliyin pozulmasına yönəlib.
Digər tərəfdən, bizim regionumuza uzaq olan Hindistan da deyəsən geostrateji maraqlarını nümayiş etdirmək həvəsinə düşüb. Bu, çox güman ki, Pakistana qarşı yönəlmiş reaksiyadır.
Ermənistana hətta onun Qərbdəki ən yaxın müttəfiqi sayılan Fransanın silah verməməsinə baxmayaraq, Hindistanın bu istiqamətdəki canfəşanlığı xüsusilə sezilir. Belə ki, Dığ kəndi yaxınlığındakı mövqelərimizin atəşə tutulması zamanı Hindistan istehsal olan 152 millimetr çaplı “ATAGS” haubitsalarından istifadə olunub.
İran Pakistan qarşısında Hindistanı özünə müttəfiq qismində görür, lakin Çin faktorunu hesablayaraq, bu məsələdə çox uzağa getməkdən çəkinir.
Çin ilə Hindistan arasında həll edilməmiş problemlər var. Digər yandan, Hindistan ABŞ, Yaponiya, Avstraliya ilə birikdə “QUAD” hərbi təhlükəsizlik ittifaqı yaradıblar. Ona görə də İranın öz ətrafında geniş müttəfiqlər qrupu yaratmaq cəhdi əbəs işdir.
Ermənilər isə İranla dostulq etməklə həm də Rusiyaya mesaj göndərirlər. Demək istəyirər ki, baxın, bizə lazımi səviyyədə sahib çıxmasanız, bundan sonra Tehrana xidmət göstərəcəyik. Ermənilər bir millət olaraq 200 il Rusiyanın himayəsi altında yaşayıblar və hələ üstəlik onlar üçün məhz Rusiya tərəfindən dövlət qurulub. Rusiya qurduğu Ermənistan dövlətini daim öz ixtiyarında olan fitnə-fəsad yuvası və alət kimi görmək niyyətindədir. Rusiyanın strateji dünyagörüşünə görə, Qafqazı əldə saxlmaq və buraya heç kimin yaxın buraxılmamasına nail olmaq üçün Ermənistan həmişə işə yarayacaq. Ancaq vəziyyət heç də Rusiyanın istədiyi və planladığı kimi getmir.
Rusiyanın istər qərb, istərsə də cənub istiqamətindən sıxışdırılıb çıxarılması prosesi gedir. Söz yox ki, bu prosesin arxasında Qərb dünyası dayanıb. Görünən odur ki, Qərb tələsmədən, səbr nümayiş etdirərək tədricən bölgəyə nüfuz edir.
Rusiyanın Azərbaycana və Ermənistana nəsə verə biləcək iqtisadi potensialı yoxdur. Düzdür, onlar Ermənistanı qaz və yanacaqla təmin edirlər, lakin bu, perspektiv inkişaf baxımından ciddi iqtisadi irəliləyiş vəd etmir.
İran və Ermənistan bir-birinə nə qədər yaxınlaşsalar da, unutmayaq ki, Rusiya Ermənstanın Tehranın tam nəzarətinə keçməsini qətiyyən istəməz. Ermənstanla bağlı məsələdə İran ilə Rusiya müttəfiqliyinin bir həddi var. Onların Qafqazdakı maraqları heç də daima üst-üstə düşmür. Bu, bizim üçün əlverişlidir və siyasi taktiki manevrlərdə bundan istifadə etməliyik. Rusiya və İranın maraqlarının toqquşduğu, ziddiyyət təşkil etdiyi xətt diqqətlə analiz edilməlidir.
Ermənistan vəziyyətin gərginləşməsi yolunu tutmaqla özünü bataqlığın içərisinə sürükləyir. Bu ölkənin və ələlxüsus da onun Baş naziri Nikol Paşinyanın mənasız vurnuxmalarının faydası olmayacaq.
Hazırda bizim mövqeyimiz otuz il bundan əvvəlki ilə müqayisədə çox üst səviyyədədir. Ermənistandan fərqli olaraq bizim beynəlxalq arenada Türkiyə, İsrail kimi güclü strateji müttəfiqlərimiz var. Qonşu İran və Rusiyanın dünyadakı möqeyinə, Ermənistanın bir dövlət kimi zavallı vəziyyətinə baxdıqda, zamanın və şərtlərin bizim leyhimizə işlədiyi aydın görünər.
Azpolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya