Paşinyan Rusiyanın hərbi bazasını ölkədən çıxarır - TƏHLİL
Qərb Rusiyanı Cənubi Qafqazdan ermənilərin əli ilə qovmağa çalışır; Türkiyə də bundan məmnundur…
Qərb Paşinyana Rusiya bazasını Ermənistandan çıxarmaq üçün 6 ay vaxt verib. Bu barədə rusiyalı siyasətçi, yazıçı Serey Karnauxov erməni teleqram kanallarına istinadla bildirib.
“Biz hamımız gördük ki, Paşinyan açıq şəkildə Moskvaya qarşı getdi, bu hərəkətlərin son məqsədi Ermənistandan 102-ci hərbi bazanın çıxarılması və Kremlin təsir dairəsindən çıxmaqdır. Bütün bunlar ancaq müharibə və növbəti kapitulyasiya yolu ilə həyata keçirilə bilər, buna görə Paşinyan Rusiyanı günahlandıracaq, bu proses üçün informasiya hazırlığı sürətlə gedir.
Paşinyana Rusiya bazasını Ermənistandan çıxarmaq üçün cəmi 6 ay vaxt verilib, nəzərə alsaq ki, həm hüquqi, həm də texniki baxımdan bazanın çıxarılması prosesi kifayət qədər ağırdır, bunun üçün ən azı 4-5 ay vaxt lazımdır, yəni belə anlaşılır ki, bu qərar son 1-2 ay içində verilib. Müharibə üçün hər şey hazır idi və başlamaq üzrə idi, lakin sonra İran işə düşdü və açıq şəkildə bəyan etdi ki, İrəvanın qərarından asılı olmayaraq, onlar regionda sərhədlərin dəyişdirilməsinə icazə verməyəcəklər və bu, onların milli təhlükəsizliyini təhdid edərsə, Paşinyanın orada nəyi imzalaması onları heç maraqlandırmır.
Rusiya da öz növbəsində praktiki olaraq yoxa çıxmış təsir zonalarını itirə bilməz. Üstəlik, Rusiyanın ən mühüm tərəfdaşlarını yaratmağa haqqı yoxdur və bu gün İran da belə tərəfdaşdır. Rusiyanın Ermənistanı tərk etməsi İrana badalaq vurmaq olacaq və onların münasibətlərini xeyli korlaya bilər”, deyə teleqram kanalında yazılıb.
Bütün yuxarıda deyilənlərdən belə başa düşürük ki, Rusiya və İran Ermənistanın siyasi kursunu Qərbə doğru dəyişməsinə imkan verməyəcək, lakin Paşinyan artıq belə bir öhdəlik götürüb. İndi biz onun addımlarını izləyəcəyik, lakin hazırda o, həqiqətən təhlükədədir, çünki təkcə hakimiyyəti deyil, əslində onun həyatı da təhlükə altındadır.
Bu deyilənləri Qərbyönümlü erməni politoloqları da təsdiq edir. Məsələn, politoloq Sergey Melkonyan bildirib ki, Cənubi Qafqazda Rusiyanın iştirakı olmadan, NATO-nun və ilk növbədə onun şərq “cinahı” Türkiyənin fəal iştirakı ilə yeni davranış modeli yaradılır:
“Əgər İrəvan qısa müddətdə regionda gərginliyi neytrallaşdıra, Moskvanın iştirakı olmadan Azərbaycanla sərhəddə yeni eskalasiya təhlükəsini aradan qaldıra bilsə, o zaman belə çıxır ki, Ərdoğanla telefon danışığı vəziyyəti dəyişməyə imkan verib”.
Politoloq bildirib ki, Ermənistanla Rusiya Federasiyası arasında hərbi və hərbi-texniki proqramların da tədricən dayandırılması müşahidə olunur. Hindistan əsas hərbi-texniki tərəfdaş kimi Rusiyanı əvəz edir, İrəvanı əsasən NATO parametrlərinə uyğun silahlarla təmin edir.
Amma erməni politoloqun bu açıqlamasının qarşısında Rusiyanın “İzvestiya” qəzeti alyansın nümayəndəsinə “istinadla” yazır ki, NATO Ermənistan hesabına genişlənmək istəmir. Yəni NATO hazırda blokun Ermənistan hesabına genişləndirilməsi imkanını nəzərdən keçirmir və İrəvanın özü də təşkilata qoşulmaq üçün müraciət etməyib. Qəzetin yazdığına görə, alyansdan “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi” adlanan strukturun rəhbəri Günter Felingerin sosial şəbəkələrdə səs-küyə səbəb olan açıqlamalarına da münasibət bildirilib.
“Cənab Felingerin NATO ilə rəsmi əlaqəsi yoxdur. O, NATO əməkdaşı deyil, onun fikirləri özünə məxsusdur və alyansın fikirlərini əks etdirmir. “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi” adına baxmayaraq, alyansın komitəsi və ya orqanı deyil”, deyə “İzvestiya” blokunun rəsmi nümayəndəsi sitat gətirir.
Bu arada, Paşinyanın Lavrovun səviyyəsinə enmək istəməməsi haqda bəyanatı da diqqəti cəlbe dir. Belə ki, jurnalistlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın “Qərbin dəstəyi ilə rusları qovması” ilə bağlı narahatlığına münasibət bildirməyi xahiş edərkən, Paşinyanın, "Mən artıq demişəm ki, həmkarlarımın bəyanatlarına münasibət bildirməyə üstünlük verirəm", seyə cavab verməsi, onun - baş nazirin hansısa nazirin sözlərinə münasibət bildirməsinin yersiz olduğunu nümayiş etdirməsi İrəvanın Rusiyadan qopmaq üçün hər yola əl atmasını ortaya qoyur.
Bundan əvvəl isə Ermənistan parlamentinin spikeri Alen Simonyan Mariya Zaxarovanın sözlərini şərh etmək istəməyərək “filan departamentin katibinin sözlərini şərh etmək fikrində olmadığını” bildirmişdi.
Bəs Türkiyə prezidenti Ərdoğanın Qarabağla bağlı dördtərəfli görüşün keçirilməsini təklif etməsində hansı gəlişmələr gözlənə bilər? Həm də elə bir məqamda ki, Putin Paşinyan hakimiyyətini devirməyə çalışır, ABŞ Paşinyan haimiyyətini qorumaq üçün təlim adı altında xüsusi dəstə göndərir, erməni baş nazir həyat yoldaşı Anna Akopyanı Kiyevə ABŞ-ın dövlət katibi Blinkenə “xəbər çatdırmaq” üçün yollayır, amma Blinken “elçini qəbul etmir”.
Ərdoğanın təklifi kifayət qədər məntiqlidir - əgər müharibəsiz istədiyinə nail olmaq mümkündürsə, onda bunu niyə etməyəsən? Regionda gərginlik son hədddədir, Ermənistan artıq bütün ultimatumlarla razılaşır, rəsmi səviyyədə Qarabağın Azərbaycan ərazisi kimi tanınması artıq həyata keçirilib – qalan hər şeyi masa arxasında həll etmək olar.
Ərdoğan Rusiyanın bu danışıqlarda iştirakını təklif edir, lakin burada hər şey şəffafdır: məğlub olan Ermənistan sadəcə olaraq Rusiyanı günahlandırmaq və münasibətlərin səviyyəsini kəskin şəkildə azaltmaq məcburiyyətində qalacaq. Yəni Paşinyan ya Rusiyanı “lənətləməklə” onunla arada yaranan çatları daha çox dərinləşdirməlidir, Kremli ittihamda davam etməlidir, ya da məğlubiyyəti bütünlüklə öz üzərinə götürməli olacaq, gələcəyini riskə atacaq. Ərdoğan bu addımla heç nə itirmir. Ola bilsin ki, Kremlə Ermənistanı yola gətirməyə, 102-ci bazanın Ermənistanda qalmağa Paşinyanı razı salmağa söz verib. Amma “ox yaydan çıxıb”, Paşinyanın yola gələcəyi inandırıcı deyil.
Bundan başqa, region üzrə aparıcı polşalı analitik Voyçex Quretskinin dediyi kimi, Ermənilər Qarabağ problemindən “çox yorulublar”.
“Ermənilər Qarabağ problemindən çox yorulublar. Onların bəziləri Qarabağı yük kimi, ölkənin normal inkişafına imkan verməyən kələf kimi qəbul edir, hansı ki, bu münaqişənin natamam həlli ən uzun iki sərhədin bağlanmasına, Ermənistanın regional iqtisadi dövrədən çıxmasına gətirib çıxarır. Ermənistandan bir dənə də olsun mühüm magistral keçmir. Ermənistan regional layihələrdən faydalanmır. Məsələn, Xəzər qazı Azərbaycandan Gürcüstan vasitəsilə gəlir, baxmayaraq ki, o, Ermənistandan keçə bilərdi”, - deyə Polşanın aparıcı analitik mərkəzlərindən birinin, “OSW” mərkəznin eksperti Quretski “Belsat” nəşrinə müsahibəsində bildirib.
Voyçex Quretski “Polşa Şərqi Avropa Araşdırmaları Mərkəzi” - OSW-nin Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə baş mütəxəssisidir. O, 2002-2007-ci illərdə 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin şərtlərini araşdırmaq üzrə Aİ nümayəndəliyində ekspert olub. Polşanın Bakıdakı səfirliyində birinci katib, sonra müşaviri vəzifələrində çalışıb.
Ekspert bildirir ki, İrəvanda, yaxud Moskvada hakimiyyət dəyişikliyi olmadan yaxşı ikitərəfli münasibətlərə qayıtmaq mümkün deyil. Paşinyan həm Ermənistan cəmiyyətinin, həm də bütövlükdə Rusiya rəhbərliyinin maraqlarını təmin edə bilməz.
Türkiyə üçün isə vəziyyət idealdır - Rusiyanı Zaqafqaziyadan sıxışdırmaqla türklər və ya azərbaycanlılar deyil, ermənilər məşğul olacaqlar. Türklər bunu maksimum dərəcədə rəğbətlə qarşılayacaqlar.
Digər tərəfdən, ola bilsin ki, Zəngəzur dəhlizinə erməni tərəfinin razı olması üçün Paşinyanı razı salmaq üçün də ona təzyiq ediləcək. Çünki Hindistani öz tərəfinə çəkən ABŞ Rusiya ilə İranın “Ədviyyat Yolu” layihəsinə qoşulmasını istisna etdi. Əslində, Paşinyan da anlayır ki, Zəngəzur dəhlizinə qoşulmaq ona oturduğu yerdən heç bir istehsal etmədən, sərmayə qoymadan pul qazandıracaq. Sadəcə İrəvan Rusiyanın əsgərlərinin bu dəhlizin Ermənistandan keçən hissəsinin təhlükəsizliyinə nəzarət etməsini istəmir. Çünki bu halda İrəvan umduğu gəlirə sahib ola bilməyəcək. Digər tərəfdən, İran Ermənistandan keçən Zəngəzur dəhlizini istəmir. Daha doğrusu, Ermənistanın onun qapazı altında qalmasını istəyir. Azərbaycan XİN rəhbəri C.Bayramovun xarici jurnalistlərlə söhbətində əgər Zəngəzur dəhlizi açılmazsa, alternativ variantın işə düşə biləcəyini açıqlaması İranın məhz alternativ variantın işə düşməsinə çalışdığını ortaya qoyur.
Lakin bu, Bayramovun xəbərdarlığını təşvişlə qarşılayan bəzi erməni siyasətçilərinin Azərbaycanın nəqliyyat dəhlizini hərbi yolla “yarmağa” hazır olduğunu dərhal bəyan etmələri üçün kifayət etdi. Hərçənd, ekspertlər başa düşürlər ki, söhbət “Şərqi Zəngəzur dəhlizi” kimi tanınan Azərbaycan, Naxçıvan və daha sonra Türkiyəni birləşdirən İran kommunikasiyalarının ərazisindən keçən nəqliyyat marşrutlarının açılmasından gedir. Bundan başqa, bu layihənin həyata keçirilməsinə dair Azərbaycan və İran arasında hökumətlərarası saziş də 2021-ci ilin yazında imzalanıb.
Layihəyə əsasən, hazırda Azərbaycan tərəfindən tikintisi davam etdirilən Horadiz-Zəngilan-Ağbənd avtomobil yolu və dəmir yolu Araz çayı üzərindən yeni körpülərlə İran ərazisi ilə birləşdiriləcək, bundan sonra avtomobil yolu Arazın sol sahili boyunca uzanacaq. Naxçıvan gələcəkdə Türkiyə dəmir yolu və avtomobil yolları ilə birləşdiriləcək.
Bu nəqliyyat dəhlizinin uzunluğu Ermənistan ərazisindən keçəndən bir qədər fərqlidir və cəmi 10 kilometrdir. Lakin Azərbaycan və İran arasında bu razılaşma Ermənistanın Qərbi Zəngəzur dəhlizinə münasibətdə manevr imkanlarını kəskin şəkildə məhdudlaşdırar. Aydın idi ki, İrəvan müxtəlif bəhanələrlə Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqələrinin yaradılmasını ləngitməkdə davam etsə, Azərbaycanın cənub qonşusu ilə birlikdə Ermənistandan yan keçərək yeni strateji nəqliyyat marşrutu açmaq imkanı olacaq. Amma bu Türkiyə ilə Azərbaycanın quru yolu ilə birləşmək məqsədinə tam cavab vermir. Çünki İrandan nə desən gözləmək olar. Beləliklə, ola bilsin ki, prezident Ərdoğan bu təfərrüatları da Paşinyana çatdırmağı nəzərdə tutur.
Ülviyyə ŞÜKÜROVA