Paşinyan Putinə, Əliyev isə Paşinyana vaxt qoyub - kritik ilə giririk

2022-12-28 10:14:00

Paşinyan Putinə, Əliyev isə Paşinyana vaxt qoyub - kritik ilə giririk

Nikol Rusiyanı Qərblə, Qərbi isə Rusiya ilə şantaj edir; İrəvanın Kremlə qarşı demarşı ona baha başa gələ bilər; “2022-ci il Ermənistanın maskasının yırtılması ilə yadda qalacaq...”

İkinci Qarabağ savaşından iki ildən çox keçsə də, Ermənistanda bu gün də əfsus ki, sülhdən çox revanş haqda düşünürlər. Söhbət təkcə radikal müxalifətdən getmir. Hakimiyyət çevrələrində də bitməkdə olan ildə sülhə dəxli olmayan təxribatçı ritorika davam edib və ölkəmizə qarşı absurd iddialarla daha da güclənib. Bakı ilə sülh müqaviləsinin hələ də imzalanmamasının əsas səbəbi bu.

Odur ki, Azərbaycan hərbi və döyüş hazırlığına xüsusi diqqət, yetərli maliyyə ayırmaq zorundadır və bunu edir də. Yeri gəlmişkən, Ermənistan 2023-cü il üçün hərbi məqsədlərə rekord məbləğdə (büdcənin 51%-i həcmində) - 1.2 milyard dollar vəsait ayırmağı planlaşdırır. Cırtdan və yoxsul bir ölkənin Azərbaycanla sülh sazişindən imtina fonunda, görəsən, bunca vəsaiti öz kasıb əhalisinin boğazından kəsib yeni ordu quruculuğuna yönəltməsinin  anlamı nə?

Əlbəttə ki, hədəf - müvafiq regional şərtlərin yetişməsini gözləməklə, ölkəmizə qarşı revanş hazırlığıdır. Az öncə Hindistanla silah tədarükü ilə bağlı imzalanan 267 milyon dollar dəyərində müqavilə, İrandan PUA-ların alınması haqda ilkin anlaşma, habelə “peşəkar ordu quruculuğu” yönündə pafoslu planlar eyni mərama xidmət edir.

Prezident Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə

Bu xüsusda Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə aşağıdakı sözləri əsla təsadüfi işlətmədi. Sitat: “Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar”. 

Erməni cəmiyyətinin şüurunun nə dərəcədə zəhərlənməsi, bu toplumda azərbaycanofobiyanın nə dərəcədə kök salması və davam eləməsinə aid “isti” fakt. Məlum olub ki, İrəvandakı H.Baqramyan adına hərbi hissəsinin müdavimlərinə Azərbaycan dili öyrədilir. Təbii ki, xalqımıza qarşı sevgidən yox, nifrət və revanşizm hisslərindən.

Hərbi hissənin komandiri Davit Aleksanyan jurnalistlərlə söhbətində bildirib ki, hərbi məktəbə qəbul edilən yeni kursantlara bir neçə xarici dil, o cümlədən Azərbaycan dili öyrədiləcək: “Burada Azərbaycanşünaslıq mərkəzinin olması zabit və kursantların təşəbbüsüdür. Əsgərləri seçəcəyik. Onlar həm də psixoloji hazırlıq keçəcəklər. Azərbaycanşünaslığa gəlincə, müharibə göstərdi ki, bizim düşmənin dilini bilməyə böyük ehtiyacımız var, zabitlər onu daha dərindən bilməlidirlər, əsgərlər də öz funksiyalarına uyğun öyrənəcəklər”.

Göründüyü kimi, N.Paşinyan hakimiyyətinin hədəfində Azərbaycanla böyük sülh sazişi imzalamaqdan başqa hər şey var. Onun Qərblə Rusiya arasında oyun oynaması, “iki stul” siyasəti də müstəsna olaraq vaxt uzadıb hərbi cəhətcə dirçəlməyə və danışıq masası arxasında söz sahibi olmağa hesablanıb. Bundan ötrü yeri gələndə Rusiyanı (KTMT-ni) Qərblə, Qərbi isə Rusiya ilə şantaj edir.

Bu arada erməni mediası yazıb ki, Paşinyan guya Laçın dəhlizi ilə bağlı Kreml qarşısında şərt qoyub. Xəbərə görə, Paşinyan bildirib ki, yanvarın 10-na kimi Laçın dəhlizi məsələsi həll edilməzsə, Ermənistan 2023-cü ilin sonunda KTMT və MDB üzvlüyündən çıxmağı nəzərdə tutur.

İrəvanın Moskvaya qarşı KTMT şantajı əslində təzə deyil. “Sorosçu” Nikol Paşinyan hələ müxalifətdə ikən Ermənistanın “Rus NATO-su”ndan və Avrasiya İqtisadi Birliyindən çıxmasının təbliğatını aparırdı. Bu məqsədlə o, “Yelk” (“Çıxış”) deputat bloku da yaratmışdı.

Amma bir var, heç bir məsuliyyət daşımayan müxalifətçi kimi danışasan, bir də var, ölkəyə görə məsuliyyətin əsas daşıyıcısı olan baş nazir kimi qərar verəsən. Nikol Paşinyan bu addımın qarşılığında Ermənistanı nələrin gözlədiyini bilməmiş deyil. Rusiya təkcə kapiyulyant ölkəyə təbii qazı dünya bazarı qiymətinə satmağa başlasa, Ermənistanda böyük bahalaşma baş verə, Nikolun öz durumu kritik hala gələ bilər. Odur ki, Paşinyan həm də qorxur. Moskvanı qəzəbləndirəcək sərt addımlardan çəkinir.

“2022-ci il Ermənistanın maskasının yırtılması ilə yadda qalacaq”.

"Yeni Müavat"ın məlumatına görə, bu barədə rusiyalı politoloq Andrey Petrov "Vestnik Kavkaza" saytındakı təhlili məqaləsində yazıb.

“Ermənistan Putin, Əliyev və Paşinyanın 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, bütün hərbi qüvvələrini Qarabağdan çıxarmağa borcludur. Lakin hələ də onları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada saxlayır. Həmin sənədə görə, o, Rusiya FTX-nin nəzarəti altında Zəngilanla Naxçıvan arasında maneəsiz əlaqə yaratmalıdır. Amma bunu da etməyəcəyini bəyan edir. Bu mənada Cənubi Qafqaz üçün il Ermənistanın maskasının üzündən düşməsi ilə başa çatmaqdadır. Ermənistan hakimiyyəti nə deyir-desin, o, hətta öz xalqının mənafeyi üçün heç nə etmək istəmir”, - deyə müəllif qeyd edib.

Analitik bildirir ki, Ermənistan Bakı ilə sülh müqaviləsi bağlamaq istəmir: “Ermənistan Azərbaycanla sərhədi delimitasiya etmək istəmir, Qarabağdakı separatçı layihəni bağlamaq istəmir, Azərbaycan və Türkiyə ilə kommunikasiyalarını açmaq istəmir. Onlar istəyirlər ki,  2023-də Ermənistan möcüzəvi şəkildə 2019-cu ilə qayıtsın. Bu xüsusda Nikol Paşinyan və komandasının davranışında hətta müharibə sonrası reallıqların qəbulu belə gözə dəymir. Ancaq bu ağılsızlığa heç kim dözməyəcək”.

Ekspertə görə, Rusiyaya lazımdır ki, Ermənistan regionda Rusiyanın maraqlarına zərər vurmağı dayandırsın və Azərbaycanla sülh əldə etsin. “Böyük ehtimalla, Putinin Paşinyanla MDB çərçivəsindəki təkbətək söhbəti məhz bundan ibarət olub. Ən əsası, Rusiya lideri görüş zamanı üçtərəfli bəyanatın Ermənistan tərəfindən yerinə yetirilməyən müddəaları bir daha Paşinyana xatırladıb. Bəs Paşinyan nəyi seçəcək, Putin və Əliyevin ona verdiyi son şansdan istifadə edəcəkmi?”, - deyə analitik fikrini tamamlayıb. 

***

Əslində son şans qarışıq, vaxtı məhz İlham Əliyev Nikol Paşinyana qoyub. Həm Zəngəzur dəhlizi ilə bağlı, həm də qanunsuz silahlı dəstələrin Qarabağdan tam çıxarılması və əlbəttə ki, sülh müqaviləsi ilə bağlı. 2023 bu xüsusda şəkk-şübhəsiz, həlledici, kritik bir il olacaq...   


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150727