Saat:13:50
Haqqımızda

Paşinyan Putinə "barışıq mesajı" verdi: Kreml isə yenidən İrəvanı qorumağa hazırdır

2024-04-12 21:19:11

Paşinyan Putinə

Rəsmi İrəvan Rusiya-Ermənistan münasibətlərinin bərpası üçün yüksək səviyyədə müzakirələrə ümid bəsləyir... Əgər, Kreml Ermənistana "yeni dəstək modeli" vəd edərsə, rəsmi İrəvan Qərbə yaxınlaşma prioritetlərinə "düzəlişlər" edə bilər...

Ermənistan Brüssel təxribatının təsiri altında qalıb. Rəsmi İrəvan hələlik ABŞ, Avropa Birliyi və Ermənistan arasında ortaq konfransın "fantastik nəticələri" barədə nağıllar uydurmağa çalışır. Halbuki, Ermənistanın gələcək taleyi üçün böyük önəm daşıyan iddiaları əsaslandırmağa uyğun arqumentlər tapmaqda da çətinlik çəkir. Və bu səbəbdən də, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətində o qədər də ciddiyə alınmır.

Ancaq Brüssel təxribatı Ermənistanın gələcək taleyi üçün həqiqətən də ciddi nəticələr vəd edir. Ancaq mövcud situasiya və proseslər bu nəticələrin dağıdıcı ola biləcəyini də biruzə verir. Xüsusilə də, ABŞ və Avropa Birliyinin elə bir ciddi maliyyə vəsaiti xərcləmədəm Ermənistanı Rusiyaya qarşı geopolitik platsdarma çevirmək cəhdləri əks effekt verməyə başlayıb. Və bu baxımdan, rəsmi İrəvanın bütün "pozitiv arqumentləri" erməni müxalifətinin əks reaksiyası qarşısında davamsız görünür.

8f0f3659eddb9dd7b76a2cd0c307486e.jpg (252 KB)

Ermənistan cəmiyyətində formalaşan əsas qənaət ondan ibarətdir ki, ABŞ və Avropa Birliyi Paşinyan hakimiyyəti vasitəsilə bu ölkəni böyük fəlakətlərə doğru sürükləyir. Çünki hesab olunur ki, Paşinyan hakimiyyəti Ermənistan üçün Qərbdən vəd olunan iqtisadi və təhlükəsizlik təminatlarını almağa nail olmayıb. Hətta baş nazir Nikol Paşinyan Brüsseldən az qala əliboş geri dönüb.

Erməni politoloq Arman Qukasyan hesab edir ki, ABŞ və Avropa Birliyi üçün Ermənistanın gələcək taleyi heç bir önəm daşımır. Ona görə də, Ermənistanın gələcək taleyi barədə yalnız ermənilər düşünməlidirlər: "Ancaq Paşinyan hakimiyyəti Ermənistanı fəlakətə sürükləyən ABŞ və Qərbin istəyinə uyaraq, Rusiya ilə münasibətləri korlayır. Halbuki, bunun əvəzində Avropa Birliyindən yaxın 4 il üçün cəmisi 270 milyon ala bilən Ermənistanın Qərblə yaxınlaşa bildiyi uydurmadır".

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan rəsmi İrəvanın Qərbə inteqrasiya cəhdlərini ağıl tutulması hesab edir. Onun fikrincə, baş nazir Nikol Paşinyanın Brüsseldə əldə etdiyi maliyyə vəsaiti Ermənistanın Rusiyadan qazandığının cəmisi bir faizidir: "Bütün bunların qarşılığında rəsmi İrəvanın Rusiyadan uzaqlaşıb, Avroatlantik məkana yaxınlaşma cəhdləri Qərbə inteqrasiya deyil, sadəcə, dövlətin geopolitik intiharıdır".

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan da bu barədə danışarkən, əvvəlcə Ermənistan üçün uğurlu gələcək vəd edən dərin proseslərin başlandığını iddia etmişdi. Ancaq son günlər erməni baş nazir artıq daha ehtiyatlı və təmkinli açıqlamalar verməyə başlayıb. O, bildirib ki, Ermənistan problemlərini özü həll etməlidir. Çünki heç kim, o cümlədən də, ABŞ və Avropa Birliyi Ermənistanın əvəzinə gəlib, bütün problemləri həll etməyəcək. Və bununla da Brüssel uğursuzluğuna müəyyən mənada, haqq qazandırmağa çalışır.

9daeb22bcdae162aba7a5615dd3edaff.jpg (214 KB) 

Digər tərəfdən, baş nazir Nikol Paşinyanın Rusiyaya münasibətdə də ritorikasını nisbətən yumşaltmağa üstünlük verir. Belə ki, o, Ermənistanın Rusiya ilə hər hansı qarşıdurmada maraqlı olmadığını bildirib. Halbuki, Brüssel təxribatına qədər hər imkanda Ermənistanın bütün hərbi-siyasi məğlubiyyətlərinə görə Rusiyanı ittiham edirdi. Onun fikrincə, hazırda baş verən anlaşılmazlıqlar daha çox "tarixi Ermənistan"ın Rusiya ilə münasibətlərində yaşanan transformasiyadan qaynaqlanır: "Çünki indi "real Ermənistan"ın Rusiya ilə münasibətlərinin yenidən qurulması mərhələsindən keçirik. Rusiya ilə əsas ziddiyyətlər də məhz bu səbəbdən ortaya çıxır".

Ermənistan baş naziri vurğulayıb ki, rəsmi İrəvan Rusiya ilə yeni münasibətlər sisteminə daha ağrısız keçmək üçün hər şeyi etməyə hazırdır. Erməni baş nazir hesab edir ki, indiki situasiyada Rusiya ilə münasibətlərin Ermənistanın dövlətçilik, təhlükəsizlik və iqtisadi maraqları baxımından, yenidən dəyərləndirilməsi vacibdir və bu çox ağır prosesdir. Və bu, o deməkdir ki, baş nazir Nikol Paşinyan Kremlə Ermənistanın Rusiyadan müəyyən gözləntilərinin olduğuna yönəlik mesajlar verməyə çalışır.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan Rusiya-Ermənistan münasibətlərinin bərpa edilməsi üçün yüksək səviyyədə müzakirələrə ümid bəsləyir. Əgər, Kreml Ermənistana yeni situasiyaya uyğun dəstək modeli vəd edərsə, rəsmi İrəvanın Qərbə yaxınlaşma prioritetlərinə düzəlişlər edə biləcəyinə üstüörtülü eyham vurur. Və bu baxımdan, Qərbin Ermənistana yanaşma tərzindən məyus olan rəsmi İrəvanın Rusiya siyasətinin Kremldən verilən reaksiyadan asılı ola biləcəyi artıq tamamilə inandırıcı görünür.

Maraqlıdır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın mesajlarına müəyyən mənada, ümidverici məzmun daşıyan reaksiya verib. Kreml rəsmisi vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan mövcud problemləri yaxın vaxtlarda ikitərəfli görüşdə müzakirə edə bilər. Və o, uzun müddətdən dilə gətirilməyən siyasi kamplementi bu dəfə Ermənistandan əsirgəməyib.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB) 

Məsələ ondadır ki, Kreml rəsmisi Ermənistanın Rusiya üçün yaxın tərəfdaş və müttəfiq olduğunu, ikitərəfli münasibətlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Halbuki, Rusiyaya münasibətdə Ermənistan cəmiyyətində artıq çoxdan belə düşünmürlər. Dmitri Peskov isə Rusiya ilə Ermənistanı tarixi əlaqələrin, müxtəlif inteqrasiya formatlarının birləşdirdiyinə əmindir. Və bu səbəbdən də, onun fikrincə, iki ölkənin münasibətləri baxımdan, ən qısa zamanda Putin-Paşinyan görüşünün keçirilməsi vacibdir.

Göründüyü kimi, Kremlin Ermənistanın yenidən Rusiyanın orbitinə geri dönəcəyinə ümidləri artıb. Rusiya siyasi dairələri Brüssel ortaq konfransının keçirilməsinə sərt reaksiya versə də, onun Ermənistan üçün uğursuz nəticələrindən tamamilə məmnundur. Kremlə yaxın siyasi dairələr açıq şəkildə vurğulayırlar ki, ABŞ və Avropa Birliyi Ermənistanı Ukraynanın keçdiyi fəlakət marşrutu ilə aparmağa çalışır. Onların fikrincə, rəsmi İrəvan bu marşrutun Ermənistanı yeni savaşa doğru sürüklədiyini nəzərə almalıdır. Rus politoloq İqor Korotçenko bildirib ki, ABŞ və Avropa Birliyinin təlimatlarına uyacağı təqdirdə, Ermənistanı irəlidə yalnız müharibə gözləyir: "Rəsmi İrəvan unutmamalıdır ki, Qərbin ucbatından Ukrayna Krım, Donbass, Xerson və digər əraziləri itirdi. Ermənistan isə Zəngəzuru itirməli olacaq".

Kremlə yaxın digər rus politoloq Sergey Markov da Brüssel konfransından sonra Ermənistanın yeni müharibə təhlükəsi ilə üzləşdiyini iddia edir. Onun fikrincə, Paşinyan hakimiyyətinin davranışları Cənubi Qafqazda hərbi-siyasi gərginliyi maksimum səviyyədə artırıb. Ona görə də, rəsmi İrəvan savaş təhlükəsindən yayınmaq üçün mütləq yenidən Rusiyanın "təhlükəsizlik çətiri" altına qayıtmağın vacibliyini anlamalıdır. Və bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətini Azərbaycanla qorxutmağa çalışan Rusiya yenidən Ermənistanı öz himayəsi altına almağa hazırdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.217247