Saat:17:46
Haqqımızda

Paşinyan Kremldə, Qaregin Patriarxın yanında - Moskva nəyə hazırlaşır?

2021-10-15 10:52:00

Paşinyan Kremldə, Qaregin Patriarxın yanında - Moskva nəyə hazırlaşır?

Xalqları sülhə hazırlamaq çağırışları və cəhdləri yeni deyil, amma...

Ermənistanın baş naziri Nikol Paşinyanla eyni gündə erməni kilsəsinin rəhbəri II Qaregin də Rusiya patriarxı Krillin qonağı olub. Bu tarixlərin təsadüfi olmadığı haqda iddialar var. 

Oktyabrın 13-də Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü keçirilib. Görüş başa çatdıqdan sonra Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bəyanat yayaraq, II Qareginə və Şeyxülislam Allahşükür Paşazadəyə görüşə razılıq verdikləri üçün təşəkkürünü bildirib.

“Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşamaqdan başqa bir gələcək yoxdur. Bu gün insanların bir-birinə etimadını bərpa etmək, qonşunu hörmət və qarşılıqlı yardıma hazırlıqla qarşılamağı yenidən öyrənmək xüsusi əhəmiyyət kəsb edir. Dini liderlər dinlər və insanlar arasında yaxşı qonşuluq mühitini yaratmaq və dəstəkləmək məqsədinə xidmət edir”, - deyə bəyanatda bildirilir.

Xalqları sülhə hazırlamaq çağırışları və cəhdləri yeni deyil. Bu çağırışlar əvvəllər adətən Azərbaycan tərəfində haqlı etiraz doğururdu. İndi isə Ermənistan cəmiyyəti müharibədə uduzmuş tərəf kimi revanş hissləri ilə yaşayır. Azərbaycan da müharibədə ciddi itkilər verib, bizim yaralarımız da çox təzədir. Erməni kilsəsinin Ermənistan cəmiyyətinə ciddi təsirləri var. II Qaregin özü də ədalətli din adamı imicindən uzaqdır, qanunsuz işğala daima haqq qazandırıb. Amma gerçəklik həm də Krillin dediyi kimidir: “Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşamaqdan başqa bir gələcək yoxdur”.

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov məsələyə bu cür şərh verdi: “Azərbaycanla hərbi siyasi ittifaq kimi izah edilən müqavilələr imzalayan türk qardaşlarımız ruslara jest edibdir ki, Rusiya sülh müqaviləsinin müəllifi olsun. Ona görə də ruslar bu iş üçün tam səfərbər olublar. Bu arada qeyd edim ki, hesab edirəm sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınacaqdır. Sadəcə, ehtimal ki, ruslar Azərbaycanın erməni vətəndaşlarının təhlükəsizliyinin beynəlxalq qarantı olacaqlar. Məhz buna görə din xadimləri lazımdır. Erməni kilsəsi həmişə güclü ictimai dayaqlı və aqressiv olmuşdur. Ona görə bu, Azərbaycanı düşündürməlidir. Azərbaycanın ruhani sistemi milli düşüncəli, səviyyəli bir hala gəlməlidir. Rusların fəallaşması və bu bəyanatlar bizim sayıqlığımızı almamalıdır. Zatən, bizim xalqın dini anlayışında mərhəmət var. Ermənilərdə isə əksinə. Təklifim odur ki, ehtiyatlı və daim savaşa hazır konseptuallığa malik olmalıyıq. Ruslar hər nə qədər barışçıl danışsalar da, 30-50 illik yeni status kvo qurulur. Erməni açıq təhlükədən latent hala keçir. Bunu nəzərə almaq lazımdır. Döyüşçülük artıq qədərimizdir”.

Akif Nağı — Vikipediya

 Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı həmişə ayıq-sayıq olmağın vacibliyini vurğuladı: “Rusiyanın fəallaşması diqqəti cəlb edir. Paşinyanın Moskvaya çağırılması, dini rəhbərlərin görüşü təsadüfi deyil. Rusiya vəziyyətə şəriksiz nəzarət etdiyini göstərmək istəyir. Putinin Paşinyanla görüşünün nəticələri ilə bağlı geniş məlumat verilmədi. Paşinyanın bildirdiyi fikir diqqəti çəkdi: “Dağlıq Qarabağ münaqişəsi hələ həll olunmayıb". Putin də onun sözlərinə etiraz etmədi. Dini liderlərin görüşü ilə bağlı açıqlamada da “qonşu kimi” yaşamağın vacibliyi qeyd olunur. Bu açıqlamalardan belə görünür ki, Rusiya və Ermənistan hazırkı status-kvonun saxlanılmasında maraqlıdırlar. Bu status-kvonun saxlanılması isə Xankəndi və digər ərazilərin Azərbaycanın nəzarətindən kənarda qalması deməkdir. Biz onların bu niyyətini nəzərdə saxlamalı, heç bir halda imkan verməməliyik. Son proseslərdə, o cümlədən xalq diplomatiyası elementlərinin yenidən dirçəldilməsində bizim üçün təhlükə məqamları var. Rusiyanın təhlükəli oyunlarına imkan vermək olmaz. Düşmən və havadarları yuxulamır - bunu yaddan çıxarmamalıyıq".Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR