Paşinyan istefaya məcbur edilir: “Raşist-paşist savaşı” nəzarətdən çıxır

2022-05-27 22:55:00

Paşinyan istefaya məcbur edilir: “Raşist-paşist savaşı” nəzarətdən çıxır

Erməni baş nazir Brüssel görüşünün nəticələrinə zidd açıqlamalarla Ermənistan cəmiyyətini sakitləşdirməyə çalışsa da, hakimiyyətini qoruya biləcəyinə tam əmin görünmür… Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin bəyanatının məzmunu Ermənistanı yenidən qarışdırır, dövlət çevrilişinə yol aça biləcək silahlı toqquşmalar da artıq istisna deyil…

Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə artıq həlledici mərhələyə yaxınlaşır. Raşistlər (Rusiya yönümlü revanşistlər) paşistləri (Paşinyanın siyasi komandası) hakimiyyətdən devirmək hədəfində israrlı mövqe tutublar. Bu hədəfə nail olmayana qədər kütləvi-etiraz aksiyalarını davam etdirəcəklərini bəyan edirlər.

Sonuncu Brüssel görüşündən sonra raşistlərin olduqca aqressivləşdikləri də diqqətdən yayınmır. Hər halda, Rusiya yönümlü revanşistlərin hökumət binalarına hücum etmələri vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir. Ermənistana baş nazir Nikol Paşinyan ilə görüşmək üçün rəsmi səfərə gəlmiş xarici ölkə təmsilçilərini daşıyan avtomobillərin hökumət binasına arxa qapıdan daxil olması siyasi böhranın o qədər də uzaqda olmadığını təsdiqləyir.

Halbuki, baş nazir Nikol Paşinyan revanşistlərin uğur qazanacağına qətiyyən inanmır. Onun fikrincə, hazırda kütləvi etiraz aksiyaları revanşist düşərgənin siyasi maraqlarına zidd istiqamətə yönəlib. Çünki, aksiyaların pik nöqtəsi artıq arxada qalıb, ümidverici nəticə ehtimalı olmadığından kütləvilik zəifləmə mərhələsinə keçmək üzrədir.

312924

Ancaq erməni baş nazirin son açıqlamalarına diqqət etdikdə, onun öz dediklərinə hələ tam əmin olmadığı da diqqətdən yayınmır. Baş nazir N.Paşinyan anlayır ki, revanşistlərin kütləvi etiraz aksiyalarının arxasında Kremlin bu düşərgəyə verdiyi təlimatlar dayanır. Və əsas məqsəd Paşinyan hakimiyyətinə qarşı çevriliş təhlükəsi yaradaraq, rəsmi İrəvanı Rusiyanın maraqlarına zidd olan Brüssel prosesindən uzaqlaşdırmaqdır.

Ona görə də, baş nazir N.Paşinyan Brüssel görüşü ilə bağlı ictimaiyyətə sakitləşdirici açıqlamalar verməklə, rəsmi İrəvana həm haqq qazandırmağa, həm də kütləvi etiraz aksiyalarının intensivliyini zəiflətməyə cəhd göztərir. Erməni baş nazir revanşistləri Ermənistan cəmiyyətinə yalnış məlumat verəməklə, ölkədaxili qarşıdurma yaratmaq cəhdində suçlayır. Və müxalif düşərgənin Ermənistanın gələcək inkişaf perspektivlərini bloklamağa çalışdığını iddia edir.   

Maraqlıdır ki, baş nazir N.Paşinyan Brüsseldə “Qarabağ məsələsi” ilə bağlı çox ciddi müzakirələrin aparıldığını vurğulamaqla, erməni toplumunu nisbətən sakitləşdirə biləcəyinə ümid bəsləyir. O, hətta bu mövzuda Ermənistan və Azərbaycanın mövqeləri arasında ciddi ziddiyyətlərin olduğunu da vurğulayıb: “Azərbaycan hesab edir ki, “Qarabağ münaqişəsi” həll olunub. Ermənistan isə hesab edir ki, “Qarabağ münaqişəsi” həll edilməyib”.

Erməni baş nazir bildirib ki, rəsmi İrəvan Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını, yekun “statusunun” dəqiqləşdirilməsini əsas hədəfi hesab edir. Ancaq Brüssel görüşündə bu mövzuda heç razılığın əldə olunmadığını da etiraf edən baş nazir N.Paşinyan cəhdlərin davam edəcəyini də vurğulayıb. O, hətta Ermənistan cəmiyyətini sakitləşdirmək üçün Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyanla da görüşərək, koordinasiyalı fəaliyyət barədə görüntü yaratmağa da çalışıb.

312923

Təbii ki, baş nazir N.Paşinyanın bu açıqlamaları və davranışları ilk növbədə Ermənistan cəmiyyəti üçün nəzərdə tutulub. Əslində, rəsmi Bakı da bunu nəzərə almağa çalışır. Erməni baş nazirin Brüssel görüşündə əldə olunan anlaşmaların məzmununa zidd açıqlamalar verməsinə mümkün qədər tolerant yanaşmağa üstünlük verir. Yəni, Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsində maraqlı olmayan rəsmi Bakı məqsədyönlü şəkildə səbr göstərməklə, erməni baş nazirə müvəqqəti manevr məkanı açır. Və bununla da, Paşinyan hakimiyyətini ölkədaxilində öz dayaqlarını tamamilə itirmək təhlükəsindən yayındırmağa çalışır.

Ancaq bütün bunlara baxmayaraq, Ermənistan cəmiyyətində mövcud reallığa fərqli yanaşanlar da kifayət qədərdir. Hər halda, bəzi erməni politoloqlar və ictimai xadimlər Brüsseldə bir çox məsələlər üzərində konkret anlaşmaların olduğuna qətiyyən şübhə etmirlər. Və bu prosesin rəsmi Bakının şərtləri əsasında davam etdiyinə də əmindirlər.

Məsələn, Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan “artsax” mövzunun birdəfəlik qapadıldığına şübhə etmədiyini vurğulayıb. Onun fikrincə, Brüssel görüşünün hansı nəticələrlə yekunlaşdığını anlamaq üçün Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin bəyanatını təhlil etmək tamamilə yetərlidir: “Brüsseldə beş faciəvi saat Ermənistanı növbəti itkilərə məruz qoyub”.

312922

Keçmiş deputat “Qarabağın statusu” barədə heç bir eyhamın belə, Ş.Mişelin bəyanatında yer almamasını qabardıb: “Özünütəyinetmə hüququ da gündəlikdən çıxarılıb. Əvəzində Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsindən danışılır. Hətta “Dağlıq Qarabağ” termini də yoxdur, Azərbaycanın istəyinə uyğun olaraq, Qarabağdan söhbət gedir. Rəsmi Bakı Ermənistan üçün daha sərfəli format olan və güc tətbiqini istisna edən Minsk Qrupunu da prosesdən kənarlaşdırıb. Bu, “artsax” üçün hər şeyin bitdiyi anlamına gəlir”.

N.Karapetyan hesab edir ki, dəhliz mövzusu da Ermənistana ciddi problemlər vəd edir. Onun fikrincə, Azərnaycanın qərb hissəsi ilə Naxçıvanı birləşdirəcək marşrut üzərində də prinsipial razılaşma əldə olunub: “Əgər, Naxçıvana istiqamətlənən marşruta Ermənistan nəzarət edərsə, Qarabağın yolu ilə bağlı da eyni rejim tətbiq olunacaq. Bütün bunlar Ermənistanı gözləyən təhlükələrin yalnız görünən bir hissəsidir”.

Göründüyü kimi, raşistlərlə paşistlərin hakimiyyət uğrunda savaşında Brüssel görüşünün nəticələri həlledici faktora çevrilməyə başlayıb. Baş nazir N.Paşinyan Brüssel prosesində rəsmi İrəvanın hər hansı güzəştlərə getmədiyini sübut etmək istəsə də, raşistlər Ş.Mişelin bəyanatını təhlil etməklə, tamamilə fərqli iddiaları gündəmə gətirirlər. Və bu, Ermənistanın daha ağır böhrana, silahlı toqquşmalara, hətta baş nazir N.Paşinyanın istefasına yol açacaq kataklizmlərə belə, sürüklənə biləcəyindən xəbər verir. \\Oxu.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya