“Paşinyan hökumətə təcili tapşırıq verdi: 2023-cü ilə qədər Azərbaycanla sülh sazişi imzalanmalıdır” – erməni mediasının iddiası

2022-09-08 12:22:00

“Paşinyan hökumətə təcili tapşırıq verdi: 2023-cü ilə qədər Azərbaycanla sülh sazişi imzalanmalıdır” – erməni mediasının iddiası

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu günlərdə erməni mətbuatında İrəvanın Bakı ilə sülh müqaviləsi layihəsini məxfi hazırlaması ilə bağlı informasiya sızmaları mütəmadi şəkildə dərc edir. Bu gün “Past” qəzetində verilən xəbərdə deyilir ki, Baş nazir Nikol Paşinyan diplomatlardan dekabr ayının əvvəlinə qədər sülh müqaviləsi layihəsini hazırlamağı tələb edib. Qəzetin yazdığına görə, göstəriş Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə avqustun 31-də Brüsseldə keçirilmiş görüşündən sonra verilib.

Xəbərdə deyilir ki, Nikol Paşinyan İlham Əliyevlə danışıqlardan qayıdandan sonra hökumətin “çox kiçik tərkibdə” iclasını çağırıb və Ermənistanın Azərbaycanla müharibədən sonrakı münasibətləri barəsində hazırlanacaq əsas sənədin üzərində“sürətlənmiş templə”  işləməyi tapşırıb. Bundan sonra Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün təcili Moskvaya uçub, Paşinyan isə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar üçün Vladivostoka gedib. Hər iki səfərin gündəmində sülh müqaviləsi olub.

Bəlli olduğu kimi, bu günlərdə “Qraparak” qəzeti də Nikol Paşinyan deputatlarla qapalı görüşdə Prezident İlham Əliyevlə Brüssel görüşünün nəticələrindən danışarkən cari ilin sonuna qədər sülh müqaviləsinin imzalanmalı olduğunu bəyan elədiyini yazmışdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059028