Saat:17:41
Haqqımızda

"Paşinyan hakimiyyəti Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir" - ASİF NƏRİMANLI

2021-10-20 11:22:00

"Bu kontekstdə ermənilərin bir qisminin İrəvana təhvil verilməsi proseslərin Bakının istəyinə uyğun məcrada inkişaf etdiyi və beş erməninin də atılacaq, yaxud atılmış addımların qarşılığında verildiyi ehtimalını ön plana çıxarır"

"Bakının 5 ermənini təhvil verməsi fonunda İrəvanın son günlər mövqeyində müşahidə olunan bəzi dəyişikliklər diqqət çəkir. Birincisi, Ermənistan Müdafiə Nazirliyinin ombudsman Armen Tatoyanın sərhəddə Azərbaycanın təxribatları ilə bağlı iddiasını təkzib etməsidir. Tatoyan Arazdəyən kəndi istiqamətində Azərbaycan ordusunun mülki əhaliyə qarşı təxribat törətdiyini, o cümlədən, Geqarnukla sərhəddə mühəndislik işləri apardığını, şəxsi heyətin sayını artırdığını, yolların inşa edildiyini və bütün bunların təxribat hazırlığı olduğunu iddia edirdi. Ermənistan Müdafiə Nazirliyi Tatoyanın iddiasını reallıqdan uzaq və şişirdilmiş adlandırdı". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı deyib. 

Siyasi ekspert hesab edir ki, bu təkzib erməni cəmiyyətinin sakitləşdirilməsinə də hesablanıb, hərçənd, İrəvanın Bakı ilə indi qarşıdurmaya getmək istəməməsindən də xəbər verir: "İkincisi, Ermənistan tərəfi Qarabağda yaralanan 6 erməni terrorçu ilə bağlı məsələnin üzərinə getmədi. Rusiya Müdafiə Nazirliyinin reaksiyası da sakit oldu. Üçüncüsü, Moskvada Putinlə görüşdən sonra MDB iclasında çıxış edən Paşinyan Zəngəzur dəhlizinin (Naxçıvanla kommunikasiya əlaqəsinin yaradılması) açılmasına razı olduqlarını açıq şəkildə dilə gətirdi".

Asif Nərimanlı onu da bildirib ki, son bir neçə gündə Ermənistanın hakim partiyasının deputatlarının Qarabağa dair fikirləri diqqət çəkir: "Viqen Xaçatryan bildirdi ki, “Ermənistanın Qarabağsız gələcəyi yoxdur fikrini irəli sürmək təhlükəlidir, əsas məqsəd Ermənistan olmalıdır, Qarabağ yox. Bu ərazilərin Ermənistan ərazisi olduğunu ilə bağlı heç bir söhbət gedə bilməz, məsələ “bu insanların (Qarabağdakı ermənilər-red) həyatı Azərbaycanın tərkibində təhlükəlidirmi” şəklində qoyulmalıdır. Qaqik Melkonyan bildirdi ki, “Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısı Ermənistan yox, Rusiyadır, orada nə baş verir sualının cavabı da Rusiya səfirliyindədir”. Paşinyanın komandasından olan deputatların belə fikirləri rəsmi İrəvanın Qarabağa dair real mövqeyi hesab oluna bilər, sadəcə olaraq, erməni cəmiyyətinin nəbzinə uyğun daha ehtiyatla ictimaiyyətləşdirilir".

Onun sözlərinə görə, müşahidə olunan bu proseslərin bir-birinə bağlı iki mümkün səbəbi var: "Birincisi, sülh sazişi üzərində müzakirələr aparılır, xüsusilə Soçi görüşündən sonra proses daha aktiv şəkil alıb. Cari prioritet kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşməsidir. İkincisi, Paşinyan hakimiyyəti Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir və ermənilərin etirazını məsuliyyəti Rusiyanın üzərinə yükləməklə neytrallaşdırmağa çalışır. Bu kontekstdə ermənilərin bir qisminin İrəvana təhvil verilməsi proseslərin Bakının istəyinə uyğun məcrada inkişaf etdiyi və beş erməninin də atılacaq, yaxud atılmış addımların qarşılığında verildiyi ehtimalını ön plana çıxarır".

Vazeh BƏHRAMOĞLU,     

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR