Saat:04:18
Haqqımızda

PAŞİNYAN DEVRİLSƏ, NƏ BAŞ VERƏCƏK? – “Bu, böyük müharibəyə səbəb olacaq”

2024-05-11 15:41:03

PAŞİNYAN DEVRİLSƏ, NƏ BAŞ VERƏCƏK? – “Bu, böyük müharibəyə səbəb olacaq”

Artıq bir neçə gündür ki, Ermənistanda hökumətin Azərbaycanla apardığı delimitasiya işlərinə mane olmaq üçün genişmiqyaslı etiraz aksiyalarına start verilib. Belə ki, tərəflərin bu yaxınlarda əldə etdiyi razılaşmaya əsasən, Ermənistan silahlı qüvvələri Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri istiqamətindən geri çəkilməlidir. Razılaşmaya görə artıq müəyyənləşmiş sərhəd hissələri bu il mayın 15-dək imzalanacaq Təsvir-Protokolda təsbit olunacaq. Bundan sonra sərhədin bu hissələri demarkasiya edilmiş sayılacaq.

Bu rəsmi məlumatdan sonra sülh prosesinin önünü kəsmək istəyən erməni revanşistlər daxildəki “beşinci kolon” qüvvələri ilə birləşib Azərbaycana qaytarılmalı olan 4 kəndə qonşu erməni kəndlərində etiraz aksiyaları başlatdılar. Azsaylı kənd sakinlərinin bir neçə gün davam etdirdiyi mitinqlər sonradan daha hazırlıqlı və təşkilatlanmış qüvvələrlə əvəz olundu. Hazırda Ermənistanın regionlarından yürüş etmiş etirazçılar İrəvanın mərkəzinə toplaşır, “Tavuş Vətən naminə” hərəkatının üzvləri 5 gündür ki, “Ermənilər, Ermənistan, Vətən və Tanrı” şüarları ilə İrəvana doğru hərəkət edirlər. Onlara rəhbərlik edən erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan isə qəzəbli kütləni mitinqə və itaətsizliyə, mayın 9-da isə Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Tələbi cavabsız qalan Qalstanyan aksiyalara və Paşinyanın impiçment prosesinə start verildiyini bildirib. Bundan sonra Ararat vilayətində və İrəvan Dövlət Universitetində də etirazlar başlayıb, tələbələr də hökumət əleyhinə aksiyalara qoşulmağa başlayıblar.

Prosesin bu cür sürətlə cərayan etməsi Paşinyan hakimiyyətinin, eləcə də son vaxtlar normallaşan xətt üzrə davam edən Azərbaycan-Ermənistan münasibətlərinin gələcək taleyini şübhə altına alıb. Çünki Paşinyanın devrilməsi və nəhayətində revanşistlərin hakimiyyətə gəlməsi Azərbaycan - Ermənistan münasibətlərinə, eləcə də razılaşıdırılmış bir sıra məsələlərə mənfi təsir edə, ən əsası regionda növbəti silahlı qarşıdurmaya gətirib çıxara bilər.

Bu barədə politoloq Elxan Şahinoğlu “AzPolitika”-ya şərhində bildirib ki, Paşinyanın devrilməsi regionda gərginliyin artmasına səbəb ola bilər: “Paşinyan devrilsə və hakimiyyətə gələn qüvvə Azərbaycanla əldə olunmuş razılaşmalardan imtina etsə, bu, bölgədə gərginliyi artıracaq. Toqquşma ehtimalını nəzərə alsaq, bu, bölgədə böyük müharibəyə səbəb olacaq. Müharibədə qalib və məğlub tərəfin kim olacağı isə bəllidir. Təbii ki, qalib Azərbaycan, itirən yenə də Ermənistan olacaq”.

Politoloq qeyd edib ki, erməni cəmiyyəti hansısa radikallara, başını itirmiş bir keşişə dəstək verməyəcək: “Keçirilən mitinqləri çoxsaylı adlandırmaq da düzgün deyil. 20-30 min nəfər bütövlükdə erməni cəmiyyəti demək deyil. Birazdan yorğunluqlar başlayacaq, evə dağılanların sayı artacaq. Paşinyan hazırda mitinqlə bağrı çağırış etsə, meydana yüz minlərlə insan toplaşar. Ona görə də Paşinyanın istefa verəcəyini düşünmürəm. Lakin Paşinyan öldürülsə, terror və ya çevriliş olsa, yeni qüvvələr də Azərbaycanla razılşmadan imtina etsələr, bu, müharibəyə səbəb olacaq. Bu zaman təbii ki, Ermənistan daha çox itki verəcək və biz tarixi torpaqlarımızın da azad edilməsi ilə bağlı qərar qəbul edəcəyik”.

Hərbi ekspert Elxan Şıxəliyev isə “AzPolitika”-ya şərhində bildirib ki, Qazaxın kəndlərinin Azərbaycana qaytarılması üzərindən başladılan mitinqlərin İrəvana qədər gəlib çatmasının arxasında duran sifarişçiləri düzgün qiymətləndirməliyik. Ekspert hesab edir ki, hazırda baş verən prosesləri sadəcə bir keşişlə əlaqələndirmək düzgün olmaz: “Hansısa bir keşişin Ermənistan hakimiyyətinə qarşı mitinq hazırlayıb, Paşinyanı devirmək potensialı yoxdur. Bu işin icraçılarını və onların nə istədiklərini bilməliyik. Sifarişçilərin bir hissəsi erməni kilsəsidir. Hansı ki, dünya erməniləri diasporasının maliyyə vasaitləri əsasında formalaşan kilsələrin Paşinyanla arası onsuz da yaxşı deyildi. İkinci Qareginlə yaşanan bir anlaşılmazlıq səbəbindən aralarında düşmən münasibət yaranmışdı. Sırf din üzərindən bu keşişin icraçı olması buradan qaynaqlanır. Digər tərəfdən, Qarabağ klanını hakimiyyətə gətiməklə bağlı planlar var. Bu, Rusiyanın planı kimi göstəririlir. Burada digər proksi qüvvələr, Rusiyadan maliyyələşən tərəflər də var. Bu gün normallaşma prosesi üzərindən Paşinyana təzyiq göstərməyə çalışırlar. Düşünürlər ki, etiraz dalğası Ermənistanla münasibətlərin normallaşması üzərindən yaradılsa, Qarabağ klanından kimisə hakimiyyətə gətirə bilərlər”.

“Vəziyyətin bu yerə gəlib çatacağını düşünmürəm. Çünki Paşinyan və onu dəstəkləyən qüvvələr buna imkan verməzlər. Məlumdur ki, Paşinyan ABŞ-nin, Qərbin layihəsidir. O, ən çətin dövrlərdə belə hakimiyyətdə qalmağı bacarıb. Bu səbəbdən mitinqlərin ciddi bir nəticə verəcəyinə inanmıram. Təbii ki, əgər bu baş versə və Qarabağ klanından kimsə hakimiyyətə gəlsə, Azərbaycanla bütün münasibətər sıfırlanacaq. Çünki Qarabağ klanında təmsil olunanlar revanşistlər və Azərbayana qarşı işğalçı münasibət bəsləyən qüvvələrdir”,-deyə ekspert qeyd edib.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.216011