"Paşinyan bu dəfə də ardını gətirməsə, ölkəsi gərginlikdən qurtula bilməyəcək" - ELXAN ŞAHİNOĞLU

2023-04-18 12:53:00

"Ona yenidən səs verən susqun çoxluq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa çoxdan hazırdır"

"Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı ölkəsinin iki qonşusu – Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması vacibliyindən danışıb. O, bunu İkinci Qarabağ müharibəsindən sonra bir neçə dəfə söyləyib. Ona görə də Paşinyanın bu cümləsində qeyri-adi heç nə yoxdur, təkrarlanan fikirlərdir, sadəcə dediklərini reallaşdırmır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq Paşinyanın çıxışında digər iki fikirin diqqəti cəlb etdiyini vurğulayıb: "Birinci cümləsində deyib ki, hökumətin əsas vəzifəsi xalqı ağrılı və güzəştli qərarlara hazırlamaqdır. Onun ikinci cümləsi isə təxminən belədir: "Ermənistanın inkişafının və ərazisinin genişlənməsinin başqalarına qarşı istifadəsiylə barışmayacaqlar". Bu iki cümlə Azərbaycanla bağlıdır və bu mənada Paşinyan haqlıdır. Paşinyanın vəzifəsi xalqını Azərbaycanın ərazi bütövlüyünə və Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlamaqdır. Əslində müharibədən məğlubiyyətlə ayrılan Paşinyana yenidən səs verən susqun çoxluq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa çoxdan hazırdır. İkinci fikri də reallığı əks etdirir ki, Azərbaycan Ermənistanın hərbi gücünün artmasının yenidən bizə qarşı istifadəsinə seyrçi qalmayacaq. Gərək Ermənistan Azərbaycan və Türkiyə ilə yazılı anlaşmalarla sülh əldə etsin ki, inkişafı ehtimalı heç kimə mane olmasın".

Nikol Paşinyan parlamentində ötənilki çıxışında da başqa bir etiraf etdiyini, Ermənistanın Qarabağ yükünü daşımadığını bildirdiyini deyən "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri əlavə edib ki, buna baxmayaraq, o, bu çıxışından sonra addım atmadı: "İndi də lazımi sözlər deyib, bu dəfə də ardını gətirməsə, özünün də dediyi kimi ölkəsi gərginlikdən qurtula bilməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.193217