Partiyalarla bağlı yeni qanun gəlir - MM-də müzakirələr başladı

2022-11-24 10:25:00

Partiyalarla bağlı yeni qanun gəlir - MM-də müzakirələr başladı

66 düzəliş edilən qanun layihəsi plenar iclasa tövsiyə edildi

Noyabrın 23-də Milli Məclisin birgə komitə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasındakı müzakirələrə parlamentdə təmsil olunan partiyaların nümayəndələri və deputatların bir hissəsi qatılmışdı.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli 1-ci oxunuşda müzakirəyə çıxarılan layihə barədə məlumat verdi. Bildirdi ki, müzakirəyə təqdim olunan qanun layihəsi mərhələlərlə gəlib bu varianta çatıb. “Qanun layihəsi çox səliqə-səhmanla işlənib və müqayisəli əsasda, artıq təkmilləşdirilmiş variantda təqdim olunub” - deyən vitse-spiker “belə bir qanun layihəsinin ortaya gəlməsi haradan qaynaqlanır, səbəb nə oldu?”- sualına cavabında bildirdi ki, cəmiyyətdə sistemli, ardıcıl islahatlar həyata keçirilir, çox ciddi dəyişikliklər baş verir: “Taleyüklü məsələlərdə həmişə öz sözünü deyən Milli Məclis bu proseslərdən kənarda qala bilməzdi. Ona görə Milli Məclisdə təmsil olunan siyasi partiyaların 11 nümayəndəsi parlament rəhbərliyinə müraciətlə "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsini xahiş etdi". F.İbrahimli xatırlatdı ki, mövcud qanunun qəbulundan 30 il keçib, bu müddətdə çox dəyişikliklər baş verib. İkincisi də 1995-ci ildə qəbul edilmiş konstitusiya ilə əlaqədar olaraq qanunvericilikdə yeniliklərin olması zəruri idi. “Çox sağ olsun Milli Məclisin sədri Sahibə xanım Qafarova, təklifi alqışladı və 3 komitəyə qısa müddətdə qanun layihəsinin hazırlanıb, müzakirəyə təqdim olunması barədə tapşırıq verdi”.

F.İbrahimli dedi ki, Avropa təcrübəsi nəzərə alınıb, eyni zamanda Azərbaycanda sistemin xüsusiyyətləri öz əksini tapmalı idi və bu məsələlər də nəzərə alınıb. Onun sözlərinə görə, Venetsiya Komissiyasının 2010-2020-ci illərdəki tövsiyələri də nəzərə alınıb: “İş prosesində 20-dək ölkənin təcrübəsi nəzərə alınıb. Nəhayət, Milli Məclis tərəfindən 26 iyulda siyasi partiyalara müraciət olundu. 47 siyasi partiyadan 250-dək təklif alındı. Bizim növbəti işimiz bunu ictimai müzakirəyə vermək oldu. Oktyabrın 29-da siyasi partiyaların iştirakı ilə dinləmələr keçirdik. İkinci dinləmə QHT-lərlə keçirildi. Bundan əlavə, mətbuatda, sosial şəbəkələrdə bu qanun layihəsi ilə bağlı kifayət qədər maraqlı, obyektiv mövqe bildirən hər kəsə öz təşəkkürümü bildirirəm”.

F.İbrahimli qeyd etdi ki, Sosial Tədqiqat Mərkəzinin bu sahədə apardığı işlər bu qanun layihəsinin ərsəyə gəlməsində mühüm rol oynadı. “6 fəsil, 30 maddədən ibarət olan qanun layihəsi sizin əlinizdədir” - deyən vitse-spikerin sözlərindən bəlli oldu ki, qanun layihəsinin 18 maddəsində 66 dəyişiklik edilib. “Amma bu, son deyil. Alınan təkliflər güman edirəm ki, qanun layihəsinin sonrakı variantlarında öz təsirini göstərəcək” - sədr müavini bildirdi.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli də yeni qanunun qəbulunun zəruriliyindən bəhs etdi: “Bizim məqsədimiz ondan ibarət idi ki, qanun layihəsi konstitusiya və Venetsiya Komissiyasının tövsiyələrinə uyğun hazırlansın”. Ə.Hüseynli siyasi partiyalarda narahatlıq doğuran müddəalara yenidən baxıldığını, siyasi partiya təsis olunması üçün tələb olunan sayın iki dəfə aşağı salındığını, eyni zamanda sənədlərin təqdimatı üçün göstərilən vaxtın iki dəfə artırıldığını, bununla da yaranmış narahatlığın aradan qaldırıldığını söylədi.

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bildirdi ki, qanun layihəsinə edilən düzəlişləri təqdir edir. “Amma bəzi məsələlər var ki, ictimai müzakirələr zamanı qaldırmışdım, nəzərə alınmayıb”, - deyə Q.Həsənquliyev razılaşmadığı məqamları sadaladı. Bildirdi ki, konstitusiyaya görə qanunun geriyə tətbiq olunması mümkün deyil, amma bu məsələ layihədə nəzərə alınmayıb: “Həmçinin dövlət qulluqçularının siyasi partiyaların üzvü olmaması barədə təklif etmişdim. Hesab edirəm ki, dövlət qulluqçusunun heç bir siyasi mənsubiyyəti olmamalıdır”.

Bildirdi ki, siyasi partiya təsisçisinin internet portalı yarada bilmədiyi, amma çap mediasını yaratmaq hüququ tanınır ki, burada da məntiq yoxdur. Deputatın sözlərinə görə, bundan başqa, 14-15-ci maddələr, ümumiyyətlə, çıxarılmalıdır: “Partiyalara göstəriş verilir ki, siz partiyaları necə idarə etməlisiniz. Eyni zamanda qanun layihəsinin müddəalarından belə çıxır ki, mən hansısa şöbə yaratmaq üçün hər dəfə qurultay çağırmalıyam. Xırdalıqlara getmək düzgün məsələ deyil, ona görə də həmin maddələr çıxarılmalıdır”.

Eyni zamanda Q.Həsənquliyev bildirdi ki, ölkədə yaşayan etnik qruplara ayrılıqda partiya yaratmaq hüququnun verilməsindən ayrı-ayrı qüvvələr sui-istifadə edə bilər: ““Siyasi partiyalar haqqında” yeni qanun layihəsində qeyd olunur ki, partiyalar çap mediası yarada bilər, amma internet portalı yarada bilməz. Xırdalıqlara getmək düzgün deyil".

BAXCP sədri partiya üzvlərinin telefon nömrələrinin tələb olunmasını da düzgün saymadı. Dedi ki, heç Nazirlər Kabinetinin heyət üzvlərinin şəxsi mobil telefonları telefon kitabşalarında göstərilmir, ancaq xidməti telefonlar göstərilir. İstənilən şəxs götürüb ayrı-ayrı YAP üzvü olan məmurlara zəng edəcək, YAP bununla bağlı xüsusilə narahat olmalıdır.

Bundan əlavə, Q.Həsənquliyev maliyyələşmə ilə bağlı iradlarını da sadaladı. “Ümumən plenar iclasda lehinə səs verəcəyəm. Ümid edirəm ki, bizim təkliflərimiz nəzərə alınacaq” - Q.Həsənquliyev sonda bildirdi.

Deputat, DİP sədri Asim Mollazadə “Siyasi partiyalar haqqında” qanun layihəsinin parlamentdəki müzakirəsi zamanı ümumi şəkildə layihəni dəstəklədi. Bildirdi ki, qanun layihəsinin qəbulunun əsas səbəbi Azərbaycanda ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar, yeni sistem formalaşdırmaqdır. “Amma biz dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısını almalıyıq. 5 min nəfərlik partiya üzvlərinin sayı 4500-ə düşsə, niyə onun əl-qolunu bağlamalıyıq ki? Nə ehtiyac var ki, biz hökumətin siyasi partiyalara nəzarətini gücləndiririk?” - deputat əlavə etdi. 

A.Mollazadə komitələrin Venetsiya Komissiyası ilə əlaqələrini bərpa etməyə çağırdı. Bildirdi ki, buna ehtiyac var, bu, Azərbaycan dövlətinin nüfuzunu artırar.

“Biz elə bir mühit yaratmalıyıq ki, gələcəkdə koalisiyaya yaxınlaşa biləcək idarəetmə mühiti mümkün olsun”.

Bu fikirləri deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa söylədi. Bildirdi ki, siyasi müxalifətin çərçivəsini müəyyənləşdirmək lazımdır. Onun sözlərinə görə, bu çərçivə Milli Məclisin özündə də yoxdur. Deputat layihə ilə bağlı iradlarını da sadaladı: “Deyək ki, partiya təsis olunub. Bizdən tələb olunur ki, yenidən təsis konfransı keçirək. Tariximizi silməliyik? Mən yeni partiya yaradıramsa, müəyyən bir imkan yaradılmalıdır ki, partiyamın təbliğatını aparım, insanları cəlb edim. İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar kifayət qədər inkişaf etsin”.

F.Mustafa ardınca bunları dedi: “Azərbaycanda bir hakim partiya var, hər kəsə məlumdur. Amma bu gün digər siyasi partiyaların da əsas niyyəti iqtidarda olmaqdır. Gəlin görək, hakimiyyətdə olmaq üçün digər partiyaların nə qədər şansı və imkanı var. Belə olan halda hakimiyyət siyasi partiyalardan qorxmamalıdır, yeni münbit istiqamət yaradılmalıdır. İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar inkişaf etsin, rəqabət mühiti olsun”.

Sonda deputat “Ümumiyyətlə, mən qanun layihəsinin lehinə səs verəcəyəm, müsbət bir tendensiya kimi qəbul edirəm” - söylədi.

“Mən bu qanun layihəsini kökündən yanlış sayıram və əleyhinə səs verəcəyəm. Xahiş edirəm bu mövqeyim stenoqramda əksini tapsın”.

Bunu deputat, REAL təmsilçisi Erkin Qədirli söylədi. Çıxışlar üçün 5-7 dəqiqəlik reqlament müəyyən olunduğu halda, E.Qədirli çıxışdan imtina etdi.

İclasa sədrlik edən vitse-spiker Fəzail İbrahimli “necə demisinizsə, elə də yazılacaq”, - deyə reaksiya verdi.

Deputatlar Sahib Alıyev, Elşad Mirbəşir, Ceyhun Məmmədov, Sevinc Fətəliyeva, Bəhruz Məhərrəmov və digərləri də çıxış edərək fikir və təkliflərini bildirdilər, ümumi şəkildə qanun layihəsini dəstəklədilər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deputatlar tərəfindən səsləndirilən bəzi iradlara münasibət bildirdi. “Bu gün ölkədə 50-dən çox partiya olsa da, çoxpartiyalı sistem hələ oturuşmayıb. Məqsəd də odur ki, siyasi partiyalara belə şərait yaradılsın”, - deyə Z.Əsgərov bildirdi. Əlavə etdi ki, Azərbaycan iqtidarı və dövləti bu məsələdə siyasi partiyaların rolunun artmasında maraqlıdır. “Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın? Hüquq-mühafizə orqanlarının əməkdaşları, dini qurumların əməkdaşları siyasi partiya üzvü ola bilmir, bu normaldır. Amma dövlət qulluqçusunun da hüquqları var” - Z.Əsgərov iradlarla razılaşmadı.

Deputat, Vəhdət sədri Tahir Kərimli bəzi irad və təkliflərini səsləndirdi. O da qanunun geriyə şamil olunmasını nəzərdə tutan məqama diqqət çəkdi. Bildirdi ki, sabah bu məsələ Azərbaycan dövlətinin əleyhinə yönələ bilər.

YAP üzvü, deputat Kəmaləddin Qafarov müzakirələrlə bağlı müsbət fikirlər söylədi. Bildirdi ki, 30 ildə 70 dəyişiklik edilən qanunun yenidən hazırlanması çox mühüm əhəmiyyətə malikdir. YAP hər zaman istəyir ki, rəqib partiyalar inkişaf etsin.

K.Qafarov müxalif fikirlərin nəzərə alınmasını təklif etdi. Bildirdi ki, bu, YAP-la daha sağlam mühitdə rəqabət aparılması imkanı yaradır. Amma konkret say göstərilməsə, istənilən şəxs bir günə özünə partiya elan edər.

YAP-çı deputat Elman Nəsirov isə qeyd etdi ki, bu qanun layihəsində yaş və təhsil senzi yoxdur: “Olduqca mütərəqqi qanun layihəsidir və dəstəkləyirik”. Deputat ardınca bildirdi: “Bu gün Azərbaycanda 58 siyasi partiya var. Amma ardıcıl 11 siyasi partiya saya bildim, ondan sonra digərlərinin adını yadıma sala bilmədim”. 

Hakim partiyanın digər üzvü, deputat Azər Badamov da qanun layihəsini ölkəmizin siyasi həyatına töhfə verəcək layihə olaraq dəyərləndirdi.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına təqdim edilməsi məqsədəuyğun sayıldı.

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.093323