"Pandemiya artıq dünyada siyasi oyuna çevrilib" - RƏŞİD MAHMUDOV

2022-08-26 12:47:00

"Payızdan etibarən qapanmalara gediləcəyini gözləmirəm, çünki artıq elə böyük bir təhlükə yoxdur"

Son günlər ölkədə koronavirusa yoluxma hallarında yenidən artım müşahidə olunur. Bu isə insanlarda müəyyən təşviş hissi yaradır. İnsanlar əvvəlki kimi iş yerlərinin, istirahət və əyləncə məkanlarının bağlana bilmə ehtimalından narahatlıq hissi keçirirlər. Son günlərdə artan yoluxma halları onu deməyə əsas verir ki, payızdan etibarən yenidən maska tələbi gündəmə gələ bilər. Vəziyyət belə olan halda bir sual yaranır, əvvəlki kimi sərt karantin qaydaları, hətta qapalı məkanlarda maska ilə gəzmə qadağaları yenidən qayıda bilərmi?

Mövzu ilə bağlı professor Rəşid Mahmudov Hurriyyet.az-a açıqlamasında bildirib ki, artıq koronavirusla bağlı ölkə əhalisini ciddi bir təhlükə gözləmir. Onun sözlərinə görə, artıq əvvəlki kimi ciddi şəkildə ölüm halları da qeydə alınmayacaq: "Qapanmalara getmək üçün heç bir əsas yoxdur. Adi, sağlam insanların koronavirus infeksiyasına yoluxmasında heç bir təhlükə yoxdur. Bu xəstəliyin simptomları adi qrip infeksiyası kimidir, cəmi 1 həftə davam edə bilər. İnanmıram ki, bundan sonra əvvəlki kimi ölüm halları müşahidə olunsun. Ölüm halları o zaman ola bilər ki, bu virusa yoluxan insanlarda yanaşı xəstəliklər, qanda laxtalanma, şəkər, hətta psixi xəstəliklər olsun. Xüsusilə də Covid-19 infeksiyası psixi xəstəliyi olan insanlarda çox təhlükəlidir. Belə insanlar olduqca diqqətli olmalıdır. Diqqət etsəniz görərsiniz ki, koronavirusdan əziyyət çəkən xəstələrin əksəriyyəti məhz qorxudan dünyasını dəyişdi. Onların qorxudan vəziyyəti ağırlaşdı, nəticədə dünyasını dəyişdilər".

"Gələcəkdə koronavirusa yoluxan insanlar, bu xəstəlikdən əziyyət çəkənlər qətiyyən qorxmasınlar, çünki bu, çox təhlükəlidir" deyən professor qeyd edib ki, artıq pandemiya dünyada siyasi oyuna çevrilib: "Onu siyasiləşdirirlər ki, insanlar bir araya toplanmasınlar. Koronavirusla bağlı çətin günlər artıq geridə qalıb. Mən payızdan etibarən qapanmalara gediləcəyini gözləmirəm, çünki artıq elə böyük bir təhlükə yoxdur. Bundan sonra yoluxanlarda da yüngül forma müşahidə oluna bilər, bu da 1 həftə davam edir. Ona görə də sentyabr ayından etibarən, məcburi maskaya, məktəblərdə distant təhsilə ehtiyac görmürəm. Artıq əvvəlki kimi heç bir təhlükə gözlənilmir. Lakin yanaşı xəstəliyi olan insanlar çox diqqətli olmalıdırlar. Əgər yanaşı xəstəliyi olan insanlar koronavirusa yoluxarsa, onlarda gələcəkdə ağırlaşma halları müşahidə oluna bilər".

Nərmin Məmmədli,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061118