ÖZÜ VƏ ÖVLADLARI MİLLİ MUSİQİNİN VƏ FOLKLORUN KEŞİYİNDƏDİR - Əhsən Rəhmanlı yazır

2023-01-06 09:45:00

ÖZÜ VƏ ÖVLADLARI MİLLİ MUSİQİNİN VƏ FOLKLORUN KEŞİYİNDƏDİR - Əhsən Rəhmanlı yazır

Azərbaycan aşıq sənəti və folklor nümunələri əsrlərin sınağından keçib üzübəri yol adlayaraq, cilalana-cilalana bu günümüzə gəlib çıxaraq parlaq şəkildə özünü göstərməkdədir. Bu sahədə çalışaraq xüsusi işlər görənlər və fədakarlıq göstərənlər var. Onlar öz çiyninə çətin, lakin şərəfli iş, mühüm vəzifə götürərək xidmət etməkdədirlər.

Rasim Əlimusa oğlu Ələsgərov 1947-ci il martın 5-də Şamaxı rayonunun Məlhəm kəndində dünyaya gəlib. Məlhəm kəndi dühalar və böyük sənət adamlarını yetirib. Ələsgərlilər nəslindən də istedadlı musiqiçilər yetişib. Əlimusa Manaf oğlu Ələsgərov (1910-1991) milli nəfəs alətləri ifaçısı olaraq Şirvan aşıq məktəbi yaradıcılığının, havacatların, dastanların, bayatıların, tapmacaların, el dilində səslənən qoşmaların, xalq oyun havalarının dərindən bilicisi olaraq ustadlığa yetişərək bu sahənin əsl təbliğatçısı idi. O, uşaqlıqdan tütək və qaval çalmış, yeniyetmə çağlarından zurna və balaban çalğısına yiyələnmişdi. Əlimusa Məlhəm kəndindən qarmonçalan Ləzgi Xanlarla sənət yoldaşlığı edərək el toylarında, bayram şənliklərində, kəndirbaz tamaşalarında, pəhləvanların yarışlarında çıxış edirdi. Təcrübəli, bar-bəhərli, zəngin sənət ömrü onu yaşa dolduqca ustad halına gətirib. Əlimusa kişi Şirvan aşıq repertuarını, şikəstələri yaxşı bilirdi. Öz el-obasında, ətrafda ağsaqqal kimi nüfuz qazandığı üçün onu Əlimusa Dadaş kimi tanıyaraq rəğbət bəsləyirdilər. Onun yaşlı dövründə Məlhəmdə toylar keçiriləndə, camaat ondan xahiş edirmiş ki, kəndə məclisi idarə etməyə çağrılan aşığın açılış üçün hansı havanı, hansı şikəstəni oxumasını, gecə hansı dastanı danışmasını Əlimusa Dadaş təyin etsin. Əlbəttə, bu, kənd məclislərinin hər dəfə müxtəlif repertuarlı, rəngarəng, zənginçalarlı, gur və maraqlı keçməsi, həm də insanların zövqlü, bilikli olması, aşıq sənətinin inkişafı üçün idi.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Rasim belə bir bilici sənətkarın ocağından boy verərək ucalıb. Əlimusa kişi oğlu Rasimin istedadını nəzərə alıb onun musiqi tərbiyəsi ilə məşğul olaraq sənət aləminə uğurlu gəlişini təmin etmişdir. Rasim də əksər milli musiqiçilərimiz kimi sənət həvəsinə, ilk addımlarına ritm ifasıyla başlayıb. O, qoşa nağara çalır, tütək, balaban və zurna ifa edirdi.

Rasim Ələsgərov 1954-cü ildə Məlhəm kənd məktəbinə daxil olub. burada orta ümumtəhsili başa vurub.10 yaşı olanda oxuduğu məktəbdə ansambl yaradaraq konsertlərdə və kənd şənliklərində çıxış edib. Qrupun dəmkeşi Mahmud Mahmudov, onun qardaşı Kamil Mahmudov qoşanağara, Rauf Ələsgərov çubuq nağara ifaçısı idi. 10 yaşlı Rasimin heç bir musiqi təhsili almadan, istedadı sayəsində milli nəfəs alətləri ifaçısı kimi yetişərək şəxsi təşəbbüsü ilə kənd məktəbində sənət heyəti yaradaraq ifa göstərməsi təbii ki, əsl hünər, maraqlı və təəccüblü hadisə idi. Bu hadisə Məlhəmdən yetişib gələcəyə addımlayacaq əsl sənət adamının yetişməsindən xəbər verirdi.

Bir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Rasim məktəb illərində Məlhəmdə və ətrafda Şirvan aşıqları ilə, yay tətili aylarında Dəvəçi (hazırda Şabran) zurnaçıları Ağası Ağasıyevlə, Nurağa Rəhmanovla toylarda qoşanağara çalırdı. O dövrdə tay-tuş olan üç nəfər mahir qoşanağara ifaçısı vardı:-Rasim Ələsgərov, Sadıq Zərbəliyev və Həsənağa Sadıqov. Rasim Aşıq Məmmədağa, Sadıq Aşıq Şakir, Həsənağa Aşıq Qurbanxanın dəstəsində çıxış edirdi. Toy şənliklərində, dövlət tədbirlərində rastlaşanda bir-birinin həvəsinə maraqlı, möcüzəli ritmlər sərgiləyirdilər. Rasim 1959-cu ildən 1975-ci ilə qədər Şamaxı zurnaçalanların hər birini toylar və bayram tədbirlərində qoşanağara, əllərlə və çubuqla çalınan nağara ifaçısı kimi çox məharətlə müşayiət edib.

Haşiyə: “Ritmlərimiz, bu yöndə olan çalğı alətlərimiz də zəngin olaraq ayrı-ayrı bölgələrdə müxtəlif çür çalınıb. Bakıda, Muğan bölgəsində qoltuqda, diz üstə, qoşa əllərlə, Şirvanda çubuqlarla, vətənimizin Şimal bölgəsində (Şabran, Quba, Xaçmaz, Qusar) diz arasında tutulub çubuqlarla, Göyçədə çomaq-çubuqla çalınan nağaralardan istifadə olunub. Şəkidə isə zurnaçı heyətini kos nağara və bala nağara müşayiət edib. Hazırda da belədir”.

Şəkilin açıqlaması yoxdur.

Rasim Aşıq Hacıalı Hacıyevlə çox sənət yoldaşlığı edərək onunla radionun lent yazılarında, sənət konsertlərində və toylarda çıxış edib. Aşıq Hacıalı xalq şairi Nəbi Xəzrinin iki şerinə mahnı bəstələyərək 1966-cı ildə radionun fondu üçün oxuyub; “Qız qalası” və “Nar ağacı, nar çiçəyi”. Bu mahnılar öz dövründə müntəzəm sələndirilərək populyarlıq qazanmış, konsertlər və toyların repertuarına daxil olmuşdu. Lent yazıları üçün Aşıq Hacıalının ifasını qoşanağarada Rasim Ələsgərov müşayiət edib.

R.Ələsgərov 1967-1969-cu illərdə Sovet ordusu sıralarında Moskvada xidmət keçib. O, hərbiyə Şabran ustaları Ağası və Nurağa ilə halallaşıb gedib. Rasim həmin ustad sənətkarlar arasında böyük nüfuz qazanaraq halallaşıb ayrılmışdı. Qeyd olunmalıdır ki, Rasimin həyatında bir sıra maraqlı hadisələr baş verib.

O, əsgərlikdə olarkən onun üçün hərbi hissəyə poçt vasitəsilə bağlama göndərmişdilər. Onun içindəki nəfəs alətlərini usta ifaçılardan biri Ağasəf Seyidov hədiyyə etmişdi. Rasim hərbi xidmət illərində boş vaxtlar tapan kimi çalğı alətlərini səsləndirir, yaddaşını təzələyir, ifaçılıq qaydalarını formalaşdırmaqla bərabər əsgər yoldaşlarını sevindirirdi.

Bir 1 nəfər şəkili ola bilər

Halallaşıb ordu sıralarına yola salınan Rasimə qarşı səmimiyyətin, mehribanlığın qarşılığında, ona olan hörmətin, diqqətin müqabilində Ağası kişi öz əhdinə, arzusuna sadiq qalaraq 1969-cu ildə dünyaya gələn oğluna Rasim adı verib. Rasim Ağasıyev sənət aləmində parlayıb, o, əməkdar mədəniyyət işçisidir. Nurağa kişi Rasim Ələsgərova demişdi ki, sən ailə quranda, oğlun olsa, ona mənim soyadımın, babam Rəhmanın adını verərsən. Rasim Ələsgərov 1970-ci ildə ailə həyatı qurub. Və 1971-ci ildə dünyaya gələn oğlunu Rəhman adlandırıb. Rəhman mahir nəfəs və zərb alətləri ifaçısı, əməkdar mədəniyyət işçisidir və hazırda sənət meydanında geniş şəkildə tanınır.

Əsgərlik illərindən sonra vətənə dönən R.Ələsgərov 1969-cu ildən Xaqani adına Şamaxı mədəniyyət evində (hazırda mədəniyyət mərkəzi) əmək fəaliyyətinə başlayıb. O, 1985-ci ildən 2022-ci ilə qədər həmin mədəniyyət müəssisəsinin bədii rəhbəri vəzifəsində çalışıb. Həmin dövrdə R.Ələsgərov rəhbəri olduğu kollektivlə keçmiş SSRİ-nin paytaxtı Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində milli musiqimizi parlaq şəkildə təmsil etdiyi üçün mükafatlar və fəxri fərmanlarla təltif olunmuşdur. 1989-cu ildə Rasim Ələsgərova Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi fəxri adı verilmşdir

Qeyd edək ki, aşıqlarla birlikdə çalışarkən Rasim öz qeyri-adi yaddaşı sayəsində zəngin bilik əldə edir və onları öz ifaçılığında canlandırırdı. Usanmadan, utanmadan, çəkinmədən deyə bilərik ki, Rasim Ələsgərov bu günə qədər öyrənə-öyrənə gəlib. Odur ki, çoxdandır ki, ustadlığa yiyələnib. Onu milli xalq havalarının, şikəstələrin bilicisi saymağa ixtiyarımız çatır. Ona da ixtiyarımız vardır deyək ki, bu barədə usta Rasim bilgi cəhətdən və daxili zənginlik baxımından ən varlı sənətkardır. Qəlbi varlı, beyni işıqlı, ürəyi zəngin ritmli, bilicilər sırasında öndə dayanan usta Rasim milli nəfəs alətləri ifaçıları sırasında nümunə sayıla bilər. O, zərbli muğamlarımızın instrumental variantını zurna və balabanda ifa edir.

SSRİ xalq artisti Rəşid Behbudov 1971-ci ildə Şamaxının Pirqulu kəndində “1001 qastrol” sənədli filmin çəkilişində iştirak edərkən Rasim Ələsgərovun aşıqların dəstəsində qoşanağara ifasını dinləyərək çox bəyənir, valeh olaraq dəyərləndirib yaxşı fikirlər söyləyir. R.Behbudov onu rəhbəri olduğu Mahnı Teatrında çalışmağa dəvət edəndə, Rasim ata-anasının yaşlı olduğunu, onları kənddə qoyub Bakıya işləməyə gedə bilməyəcəyini söyləyir. Rəşid bəy Rasimgilə gəlir, onun atası ilə tanış olaraq söhbət edir və Rasimin Bakıya gəlməsi üçün ondan icazə istəyir. Rasim deyir:-Rəşid müəllim, mən daha qoşanağara deyil, nəfəs alətlərinin ifası ilə məşğul olacağam.

-Aha, bu daha yaxşı, mənə elə sənin kimi sənət adamları lazımdır ki, üç-dörd alətdə çala bilsin, odur ki, gəl Bakıya.

R.Ələsgərovun ifasının radio fonduna yazılması ilk dəfə R.Behbudovun tapşırığı ilə olub.

Rasim atası Əlimusanı, Ağası Ağasıyevi, Nurağa Rəhmanovu və ifalarını qrammafon vallarından, televiziyadan seyr etdiyi, radiodan dinlədiyi bütün mahir nəfəs alətləri ifaçılarını özünə ustad bilib. Özü üçün sonuncu ustad əvəzsiz sənətkar Ələfsər Şəkilini sayıb. Atası Əlimusa kişi radiodan Ələfsərin konsertini dinləyərək vəcdə gəlir, ifa onu heyrətə gətirir və Rasimə deyir:-Oğul, Şəkiyə get, Ələfsər Rəhimovu tap, görüş, sənin ifanı dinləsin, ondan xeyir-dua al.

Rasim ata məsləhətilə 1978-ci ildə Şəkiyə yollanaraq rayonun ikinci katibi, Ənvər Nəzərli ilə görüşərək məqsədini bildirir. Ə.Nəzərli əməkdar mədəniyyət işçisi, rayon mədəniyyət şöbəsinin müdiri Vaqif Kərimova zəng edib tapşırıq verir ki, Rasimi Ə.Rəhimovla görüşdürsün. Ustad Ələfsər Rasimi mehriban və səmimi qarşılayıb, onun balaban, zurna ifasını diqqətlə dinləyir. O, Rasimin ifasından razı qaldığını bildirir, tövsiyələr və xeyir-dua verir.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Rasim Ə.Şəkiliyə bidirib: “Ustad, ilk dəfə olaraq, AzTV-nin “Şənbə təranələri” konsertində ifa edəcəyəm, vaxtınız olsa, dinləyib fikir bildirməyinizi xahiş edirəm”.

Ələfsər Rəhimov həmin konsert tamaşa edəndən sonra bir daha Rasim Ələsgərov haqqında müsbət fikirlər söyləmiş və deyibmiş: “Düşünürəm ki, bizim zurna sənətinin, ənənələrin layiqli davamçılarından biri bu cavan oğlan olacaq, işi irəli aparacaq”.

Rasim Şamaxı sənətkarlarından Aşıq Şahpələng, Aşıq Barat, Aşıq Şərbət, Aşıq Xanış, Aşıq Əvəz, Aşıq Mahmud, Aşıq Mahmud, Aşıq Ağakişi və Aşıq Ağamuradla birlikdə sənət işlədərək el-obanı gəzib-dolaşıb, toylara məzmun, bər-bəzək, yar-yaraşıq və bədii dəyər bəxş edib.

Haşiyə: “Şirvan” folklor qrupu 1976-cı ildə Rasim Ələsgərov tərəfindən yaradılıb. Həmin tarixdən müasir dövrə qədər bu ansambl dövlət tədbirlərində, AzTV-də, sonralar bütün televiziya konsertlərində çıxış etməkdədir. Qrup ilk dəfə beş nəfərdən ibarət olub. Hazırda bu folklor kollektivin iyirmi beş nəfər üzvü var. “Şirvan” 1984, 1987, 1989-cu illərdə keçmiş SSRİ-nin paytaxtı Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərində maraqlı proqramla çıxış edərək böyük uğurlara imza atıb. Bu ansambl Rusiya, Dağıstan, Tatarıstan, Qazaxıstan, Özbəkistan respublikalarında, xarici dövlətlərdən Yunanıstan, Vyetnam, Misir, Rumıniya, Fransa, İsveçrə, Türkiyə və İranda keçirilən festivallarda böyük şöhrət qazanıb. Qrup üzvlərindən iki nəfər fəxri ad alıb və on nəfər üzvü isə laureatdır.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin fondunda “Şirvan” folklor ansamblının ifasında çox qiymətli musiqi nümunələri qorunur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 02.08.2019-cu il tarixli 231 saylı əmri ilə “Şirvan” folklor qrupuna Xalq kollektivi adı verilmişdir”.

R.Ələsgərov ilk dəfə “Sarıtorpaq şikəstəsi”ni 1982-ci ildə Azərbaycan radiosunun fondu üçün balabanla ifa edib. O, zərbli mağamlardan “Heratı”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Şirvan şikəstəsi” və “Səmayi-şəms”i ifa edərək radiomuzun qızıl fonduna təqdim edib.

1986-cı ildə Moskvanın “Melodiya” firmasının Tbilisi filialı R.Ələsgərovun ifası toplanan qrammafon valı istehsal edərək 1987-ci ildə realizəyə çıxarıb. Bu vallar yalnız Azərbaycana deyil, bütün SSRİ məkanına yayılıb və bir sıra xarici ölkələrə göndərilib. Rasim həmin val üçün “Heratı”, “Sarıtorpaq şikəstə” zərbli muğamlarını, “Şamaxı baharı” (öz bəstəsi), “Tərəkəmə”, “Qars” xalq oyun havalarını və Fərahim Sadıqovun “Yara qurban olum” adlı mahnısını ifa edib.

Rasim Ələsgərov sənət meydanında geniş tanındıqdan sonra onun ifaçılıq coğrafiyası daha da genişlənib və onu Azərbaycanın demək olar ki, bütün məkanlarına toylara, konsertlərə dəvət ediblər. Çağrıldığı toy-büsatda onun dəstəsində xanəndələrdən Səxavət Məmmədov, Alim Qasımov, Oqtay Hacıyev, Mənsum İbrahimov, Maşallah Bəşirov, Zabit Nəbizadə, Mehman Rüstəmov və Elbrus Niftəliyev olub. İnsanlar R.Ələsgərovun dəstəsinin fəaliiyyətindən razı olmuş, zövq almış və sevincə qatılmışlar. Onun zurnasının möhtəşəm səsi el-obaya yayılmış, balabanın ahəstə tembri toyxanaların daxilinə həzinlik, ürəklərə təskinlik, məclislərə müdrik ab-hava gətirmişdir.

Əməkdar mədəniyyət işçisi, el sənətkarı R.Ələsgərovu Azərbaycanın bütün istiqamətlərində səbrsizliklə gözləmiş, toy-bayramda onu sevinclə, fərəhlə qarşılamış, milli nəfəs alətlərini həvəslə, eşqlə, təntənə ilə ifa etməsindən bəhrələnmiş və hörmət-ehtiramla yola salmışlar. Təbii ki, bunu qazanmaq illərin zəhmətinin, böyük təcrübənin, güclü sənət çeşməsinin, xalqın bağrından qopan havaları ifa etməyin nəticəsidir.

R.Ələsgərovun evində güclü sənət ocağı var. Onun beş oğlunun biri Manaf hüquqşünas, dördü instrumental musiqiçidir. Manaf da uşaqlıq, gənclik illərində musiqi ilə məşğul olmuş, qoşanağara çalmış, sonra təhsil alaraq öz ixtisası üzrə çalışmışdır. Ələsgərovların ailə ansamblı sevimli qrup olaraq daim tamaşaçı sevgisi qazanmaqdadır. Rəhman nəfəs və ritm alətləri, Aqşin klavişli alətlər (sintezator), Samir qarmon və Müslüm nağara ifaçısdır. Onlar illərlə çox yerlərdə, müxtəlif səhnələrdə, bədii-kütləvi tədbirlərdə, teleradio verilişlərində çıxış etməkdə və mədəniyyətimizə sədaqətlə xidmət etməkdədirlər. Bu ansambl 1987-ci ildə Respublika sarayında keçirlilən ailə ansamblları müsabiqəsində maraqlı repertuarla çıxış edərək laureat adı qazanıb.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Bu istedadlı musiqiçilərin hər birinin can-cismində, iliyində, biliyində, biləyində, qollarında, sümüyündə, damarlarında axan qanında, barmaqlarında, zehnində, fəhmində ustad Rasimin enerjisi var. Bu enerji, istedad Allahın yaratdığı qaydalar əsasında genetik kodlarla ötürülür. Əslində isə bu bədii enerji nəsildən, gendən, Əlimusa Ələsgərovdan gəlir. Bəlkə də hələ ondan da əvvəl, yüz ildən artıqdır ki, yoldadır.

Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı AzTV-nin Mədəniyyət kanalında aparıcısı olduğu “Sazın, sözün sehrində” verilişlərinin birini ustad sənətkar Rasim Ələsgərovun 75 illik yubileyinə həsr edib. Bu verilişin izləyicisi olaraq bildirməliyik ki, M.Qasımlının verdiyi suallara ustad Rasimin verdiyi tutarlı, əsaslı, tamam-kamal cavablar nə qədər maraqlı və zəngin idi...

Sənət aləmi sirlərlə, müxtəlif xoşa gələn, gəlməyən məsələlərlə, sənətkarı qanadlandıran, ucaldan və ya qol-qanadını sındırıb həvəsdən salan, təzadlarla dolu olub özünü nümayiş etdirməkdədir. Burada baş çıxarmaq elə də asan iş deyil. Aşağıda qeyd etdiyim səhv etmirəmsə Aşıq Şakirin sözüdür. Mən bu fikri 1983-cü ildə Göyçayın İnçə kəndində toy ifaçısı olanda, vaxtılə həmin ustad aşığın qavalçalanı olmuş, onun bacısının ömür-gün yoldaşı, kənd məktəbinin direktoru Nəbi müəllimdən eşitmişəm: “Bu sənətin çölü cənnət, içi cəhənnəmdir”.

Rasim Ələsgərov zəngin, ədəb-ərkanlı sənət sahibi olmaqla əsl şəxsiyyətdir, müdrikliyi, alicənablığı, ağsaqqallığı ilə seçilməkdə və sevilməkdədir.

Ustad Rasimin nəfəs alətləri ifaçısı kimi çox bacarıqlı oğlu, əməkdar mədəniyyət işçisi Rəhman və nəvəsi Fəqan hazırda sənət meydanında fəqan etməkdə, hünər göstərərək ad çıxarmaqdadırlar. Rəhman Rasimoğlu 1991-1996-cı illərdə Hacı Məmmədov adına 2 saylı Şamaxı uşaq incəsənət məktəbində təhsil alaraq buranı uğurla başa vurub. Məktəbdə ixtisas üzrə Tofiq müəllimdən sənət incəliklərini və sirləri öyrənib. Rəhman hazırda ən kamil, tam peşəkar ifaçılarımızdan biridir.

Rəhman Rasimoğlu uşaqlıqdan milli ritm alətlərini ifa etdiyi üçün onların hər birini mükəmməl ifa edir. O, on səkkiz il Şirvan aşıq dəstələrinin ritm ifaçısı olub və sonradan milli nəfəs alətləri çalğıçısı kimi formalaşaraq tam fəal çalışmağa başlayıb. Mahir ifaçı Həsənağa Sadıqovun televiziya konsertlərini izlədikdən sonra onda saz çalmağa da maraq oyanıb və 15 yaşından bu alətlə dostlaşaraq onun ifasına yiyələnib.

Rəhman səkkiz il “Natiq” ritm qrupunun nəfəs alətləri ifaçısı olub. O, 2012-ci ildə keçirilən “Avrovizion” mahnı müsabiqəsinin açılışında “Natiq” qrupunun tərkibində zurnanı möhtəşəm şəkildə səsləndirib.

Bir 1 nəfər, ayaqda və içəridə şəkili ola bilər

Fəqan Rəhmanoğlu Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin balaban sinfində ixtisas üzrə Əlibaxış Məmmədovdan dərs alıb. Təhsili Bakı Humanitar Kollecində davam etdirib. İxtisas müəllimi əməkdar artist, ustad sənətkar Elşad Cabbarov olub. Fəqan hazırda Azərbaycan Milli Konservatoriyasının IV kursunda oxuyur. İxtisas müəllimləri sənətşünaslıq doktoru, əməkdar artist İlham Nəcəfzadə (not) və əməkdar artist Şirzad Fətəliyevdən (muğam) dərs alır. Fəqan indiyə qədər baxış-müsabiqələrdə çıxış edərək nailiyyətlər qazanıb. AMK-da keçirilən “Balaban festivalı”- da xüsusi məharət göstərib. Milli nəfəs alətləri ifaçısı kimi Fəqan Rəhmanoğlunun qarşısındakı perspektivlər çox genişdir və ona böyük ümidlər bəsləyirik. O, bir neçə ansamblın və qrupların tərkibində çıxış edir. Fəqan ansambllarda və toy heyətinin tərkibində klarneti də səsləndirir. Fəqan Rəhmanoğlu Azərbaycan Dövlət rəqs ansamblının nəfəs alətləri ifaçısıdır.

Rasim Ələsgərovun adını daşıyan nəvə Rasim də onun sənət ənənəsini davam etdirir. O H.Məmmədov adına Şamaxı şəhər uşaq incəsənət məktəbinin balaban sinfində dərs almaqdadır. Ustad Rasim kişiyə ümidlər, yaşamaq həvəsi, həyat gücü, yaradıcılıq eşqi bəxş edən övladları və nəvələri gündən-günə nailiyyələr qazanmaqda və inkişafdadırlar. Elə isə uğurlar olsun!

ƏHSƏN RƏHMANLI

TƏDQİQATÇI, SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.200204