Saat:02:16
Haqqımızda

ÖZÜ CAVAN, SƏNƏTİ ZƏNGİN, HƏRTƏRƏFLİ İSTEDADA MALİK TARZƏN - Əhsən Rəhmanlı yazır

2024-04-11 16:20:54

ÖZÜ CAVAN, SƏNƏTİ ZƏNGİN, HƏRTƏRƏFLİ İSTEDADA MALİK TARZƏN - Əhsən Rəhmanlı yazır

Haqqında danışacağımız musiqiçini “Muğam müsabiqəsi”ndə yeniyetmə, gənc müğənniləri məharətlə müşayiət etməsindən tanımış və bəzi televiziyaların musiqi verilişlərindən görüb izləmişəm. Deməliyəm ki, Azərbaycan tar ifaçılığına aid bütün xüsusiyyətlər onda var. Ürəkli, təsirli, samballı, dəqiq fikirli, texniki imkanlı çalğını da bura əlavə etsək, qarşımızda yüksək peşəkarlığa xidmət edən əsl musiqiçi canlanır. Bəli, artıq o, musiqi ictimaiyyətində çox yaxşı tanınır, adı daim mahir tarzənlərin sırasında çəkilir. Həm də qeyd etmək insafdandır ki, gənc olsa da o, sanballı, şərəfli, zəngin yaradıcılıq işlərində və bu yolun nailiyyətlərlə davamındadır.

Rəşad Qəşəm oğlu İbrahimov 1985-ci ildə Bərdə rayonunun Kətəlparağ kəndində dünyaya gəlib. 1992-2003-cü illərdə kəndin ümumtəhsil məktəbində oxuyub. 1994-1998-ci illərdə kənddəki uşaq musiqi məktəbinin tar sinfində təhsil alıb. Orada ixtisas üzrə Əsgərxan Əliyev ona sənət qaydaları ilə bərabər bu peşəni sevməyi də öyrədib və təhsili davam etməyi tövsiyə edib.

R.İbrahimov uşaq musiqi məktəbinin xalq çalğı alətləri ansamblının fəal üzvü olub. Ansamblın rəhbəri də Əsgərxan müəllim idi.

1998-ci ildə respublikamızda keçirilən “İstedadlar axtarırıq” baxış-müabiqədə daha bir uşaq diqqəti cəlb edib. R.İbrahimov müsabiqənin diplomantı olub. Burada o, “Bayatı-Şiraz” muğamını, “Rahab dəramədi”ni solo ifa etməklə bərabər, məktəb ansamblının tərkibində də çıxış edib. Uşaqlıqdan ansamblda çalaraq püxtələşməsi onun gələcək ansambl işinə stimul olub.

Rəşad beşillik musiqi məktəbini bitirdikdən sonra orada 1998-2001-ci illərdə tar sinfində dərs deyib. O, həmin illərdə Bakıya gələrək Elçin Həşimovdan dərs alıb və bundan əlavə ustadların ifaları yazılmış lentlərdən, disklərdən bəhrələnib.

Sənətə dərin sevgi, ali təhsil arzusu onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə yönləndirib və o, 2003-2007-ci illərdə həmin ali məktəbdə oxuyub. Muğamdan 1 il Möhlət Müslümovdan, sonra Vamiq Məmmədəliyevdən dərs alıb. 2007-ci ildə ADMİU-nun magistr pilləsinə qəbul olunub. 2007-2008-ci illərdə hərbi xidmət keçib və təhsilə qayıdaraq 2010-cu ildə magistri bitirib.

Deməliyik ki, R.İbrahimov bir musiqiçi kimi yalnız təhsil almaqla deyil, həm də ansambllardan yetişib. O, 2003-2006-cı illərdə H.Sarabski adına Mədəniyyət Mərkəzində, 2005-2007-ci illərdə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin instrumental ansambllarında çalaraq, məşqlər, konsertlər və bədii-kütləvi tədbirlərdə formalaşıb.

O, Bakıda məskunlaşan Şuşa Humanitar Kollecində 2008-2015-ci illərdə tar sinfində dərs deyib. Burada tələbələrdən ibarət xalq çalğı alətləri ansamblı yaradaraq 2009-2012-ci illərdə rəhbərlik edib. Bundan əlavə Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kollecində tar ixtisası üzrə dərslər aparıb. Addım-addım, əzmlə, yüksək göztəricilərlə irəliləyən bu istedadlı musiqiçi 2013-cü ildən AMK-da xanəndə ixtisası üzrə siniflərdə müşayiətçi olmuşdur. 2021-ci ildən o, həmim ali məktəbdə müəllim işləyir və daim uğurlu işlərilə seçilir. Onun hazırladığı tələbələr həmişə ön sıralarda olur. Beləki, əmək fəaliyyətinə müəllim kimi başlaması onu pedaqoji işdə püxtələşdirərək təcrübə qazandırmış, xanəndəlik siniflərində çalışması onu mükəmməl ifaçı, müşayiətçi-tarzən, muğam üçlüyü və ansambl rəhbəri kimi çətin, məsuliyyətli, samballı bir istiqamətə yönəltmişdir. Rəşad müəllim pedaqoji işini AMK-nın tərkibində Musiqi Kollecində də davam etdirməkdə, tələbələrə milli musiqini, tar sənətini sevdirməkdə və onları ifaçılıq sənətinə alışdırmaqdadır.

Həmişə demişik ki, ansambllarda çalmaq, kollektivə rəhbərlik etmək heç də asan məsələ deyil. Burada xeyli incə mətləblər, güclü hissiyyat, səbr və həm də təcrübə tələb olunur. Artıq milli musiqimizdə R.İbrahimov kimi çox bacarıqlı nümayəndə, təcrübəli ansambl rəhbəri var. Milli muğam üçlüyünə də, ansambla da rəhbərlik etməyin öz qaydaları və çətinlikləri var. Doğrudan da bu məsuliyyətli işdə ciddi yaradıcılıq tələb olunur.

2008-ci ildə Rəşad İbrahimov kamança ifaçısı Təbriz Usubovla birləşərək üçlük yaratdı. O, çıxışlarda üçlüyün tərkibinə nağaraçalan Abbas Səfərovu da əlavə etdi. Onlarla çalışan ilk gənc xanəndələr Elgiz Əliyev, Günay İmamverdiyeva, Anar Məmmədov, Qızılgül Babayeva və Saməddin İbrahimov olub. Ansamblın məşqləri ADMİU-da, AMK tərkibində Musiqi Kollecində və Şuşa Humanitar Kollecində aparılırdı. Beləliklə, R.İbrahimovun “Muğam” ansamblı geniş və zəngin fəaliyyətə başlayıb. 2010-cu ildən ansamblın əsas xanəndəsi əməkdar artist Təyyar Bayramov olub. Əlavə olaraq ansambla əvvəllər üçlüklə Rəşadgilin müşayiətilə oxuyan Elnur Zeynalov və İlkin Əhmədov da bu ansambl ilə müəyən əməkdaşlıq edib. Ansamblda çalışan xənəndələrdən Rəvanə Əmiraslanlı və Məhəbbət Səfərov da qeyd olunmalıdır. Burada nağara ifaçılarından Abbas Səfərov, Elnur Əliyev, Kamran Kərimov çalışıb. Hazırda isə “Muğam”ın nağaraçalanı Vüsal Bayramov və Səyyar Teymurovdur.

Rəşad ansamblın özünəxas səslənməsini yaratmaq üçün heyətin tərkibinə bas tar və bəm nağara ifaçısı gətirib. Bəm nağaranı Səyyar çalır. Bəzən bəm qavaldan da istifadə olunur və bunu da Səyyar Teymurov yerinə yetirir. Səslənən musiqiyə uyğun tələb olunan anlarda şaq-şaq (tamburin) alətini də Səyyar çalır. Ansamblda nağaraçalan Siyavuş Kərimov da fəaliyyət göstərib.

Rəşad müəllimin fikirlərindən: “Ansamblda daim bəm, bas səsli çalğı alətlərinə tələb yaranır. Bizdə bas tar diz üstə deyil, sinədə tutulan alətdir, yaxşı da tembri var. Dördsimlidir və çanağı bizim klassik tarlardakılardan böyükdür. Çanağın üzünə nazik dəri çəkilib. Əslində mən qalın dərini lazım bilsəm də, usta nazik dərini məsləhət gördü. Yəni adi tarların çanağına inək ürəyinin pərdəsi çəkilir və bizim istifadə etdiyimiz tarda da elədir”.

Ansamblda bas tarı Rəşad müəllimin tələbəsi Nihad Qədirli çalır. “Muğam” ansamblında müxtəlif vaxtlarda qanun ifaçıları Gülşən Eyvazova, Aysu Sadıqova və Çinarə Mütəllimova çalışıb. Qrupun tərkibində udçalan İdris Hüseynov, balabançı Süleyman Əliyev və Adil Müslümovdur.

Geniş səhnələrdəki çıxışlarda “Muğam” qrupunun tərkibinə qarmon, piano və sintezator ifaçıları da daxil edilir. Bu zaman qarmonçalardan Vahid Quliyev, Fuad Göyüşov, piano, sintezatorda çalmaq üçün Ceyhun Qurbanov və ya Habil İsmayılov dəvətli olurlar.

Fasiləsiz tədbirlərdə, irili, xırdalı konsertlərdə çıxışı Rəşadın rəhbəri olduğu ansamblı geniş şəkildə tanıtdırdı. Bəzi konsertləri qeyd edək:

-Beynəlxalq Muğam Mərkəzində 2007-ci ildə xanəndələr Təyyar Bayramov və Aytən Məhərrəmovanın solo konsertini “Muğam” ansamblı müşayiət edib. AMK-da əməkdar artist Təyyar Bayramovun tələbələrinin konsertində də müşayiətçi Rəşad müəllimin ansamblı olub.

-2018-ci il Beynəlxalq Muğam Müsabiqəsində qalib olmuş Elsevər Muradovu Rəşad müəllim hazırlamış və öz ansamblı ilə müşayiət etmişdir.

-2019-cu ildə 7-ci və 2022-ci ildə 8-ci Televiziya Muğam Müsabiqəsində iştirak edən gənc müğənniləri həftənin II günləri R.İbrahimovun “Muğam” qrupunun müşayiətinin tamaşaçılar tərəfindən necə alqışlanaraq dərin məhəbbət qazanması indi də xatirimizdədir və Youtube vasitəsilə izləyirik.

-Beynəlxalq Muğam Mərkəzində 19 aprel 2022-ci il tarixdə xalq artisti, ustad kamança ifaçısı Munis Şərifovun 60 illik yubileyi keçirilərkən birinci bölümdə sənətkarın özünün rəhbərlik etdiyi qədim çalğı alətləri ansamblı çıxış etmiş, ikinci hissədə isə müğənnilərin müşayiətini R.İbrahimovun idarəsilə “Muğam” qrupu yerinə yetirmişdir.

-Həmin ilin 30 dekabrında BMM-də “Vətəndən vətənə” adlı çox maraqlı bir konsert də olub. Güneyli-Qüzeyli Azərbaycandan olan muğamçı və vokalçı gənc müğənnilərin ifasında “Muğam” ansamblı layiqli müşayiət sərgiləmişdi. Həmin konsert 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuşdu.

-Yenə həmin mədəniyyət ocağında 2022-ci il dekabrın 28-də tanınmış musiqi xadimi, sənətşünaslıq doktoru, professor Abasqulu Nəcəfzadənin 65 illik yubiley tədbirində də müğənnilərin müşayiətində “Muğam” ansamblının rolu olmuşdur.

-2023-cü il fevralın 23-də Dövlət Filarmoniyasında xalq artisti, xanəndə Arif Babayevin 85 illik yubiley tədbiri keçirilib. Ustad xanəndənin konsertdə çıxış edən tələbələrinin yüksək səviyyədə müşayəti R.İbrahimovun rəhbərlik etdiyi ansamblın üzərinə düşmüşdü.

-H.Əliyev sarayında ansamblın dəfələrlə çıxışları olub. Həmin sarayda 2023-cü ildə xalq artisti Fikrət Verdiyevin 75 illik yubileyinin birinci hissəsində “Göy-göl” və “Qaytağı” ansamblları, ikinci bölümdə “Muğam” çıxış edib. “Muğam” ansamblı Səbinə Ərəbli, Təyyar Bayramov, İlkin Əhmədov, Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Eldəniz Məmmədovu yüksək peşəkarlıqla müşayiət etmişdir.

-2022-ci və 2023-cü illərdə BMM-də Televiziya Müsabiqəsi Qaliblərinin qala konsertində müğənniləri bacarıqla müşayiət edən “Muğam” ansamblı gur alqışlara qərq olmuş, dərin rəğbət və daha da populyarlıq qazanmışdır.

-2023-cü ildə Respublika Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsində müğənni Mirəli Əli Sarızadə “Muğam” ansamblı ilə oxuyaraq birinciliyi almışdır.

R.İbrahimovun fikirlərindən: “Festivallara tələbata, müəyyən şərtlərə uyğun olaraq kiçik heyətlə gedirik. Rusiyanın Sankt-Peterburq şəhərində “Dairafet” adlı Beynəlxalq festivalda Təyyar Bayramovu müşayiət etmişik. 2001-cı ildə T.Bayramovla Başqırdıstan Respublikasının Ufa şəhərində “Uralın çağırışı” 2-ci festivalında ansambl nominasiyasında ən az üzvü olan heyətlə, üç nəfərlə biz çıxış edirdik, birincilik qazandıq. 2023-cü ilin oktyabrında Batumi şəhərində Qara Dəniz Beynəlxalq Festivalında çıxışımız olub. Heyətin tərkibində mən, Təyyar Bayramov, Təbriz Yusubov, Kamran Kərimov və Adil Müslümov var idik. Səfərlərimiz daha çox Rusiya Federasiyasına olub”.

2010-cu ildən başlayaraq Rusiya, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Türkiyə, İsrail, Fransa (2 dəfə), Meksika, İsveç, Argentina, Paraqvay, Səudiyyə Ərəbistanı, Bosniya və Hersoqovina, Cənubi Koreya və b. ölkələrdəki səfərlərdə Rəşad bəyin ifasında muğamlar və milli musiqimiz canlanıb. Rəşadgil sonuncu dəfəki səfərdə YUNESKO xəttilə Türkiyə orkestrinin tərkibində Ankarada və Fransada konsertlər veriblər.

R.İbrahimov yorulmadan, usanmadan çalışmaqda, öz işini sevməklə, sevdirməklə davam etməkdədir və ansambl fəaliyyətində bir an belə dayanmaq fikri yoxdur. O, çalışdığı AMK-da tələbələrdən ibarət “Muğam” xalq çalğı alətləri ansamblına da həvəslə rəhbərlik edir. İlk çıxış konservatoriyada keçirilən festivalda olub.

2024-ci il aprelin lap əvvəlində AMK-da keçirilən “İkinci tar festivalı”nda R.İbrahimovun öz ansamblının kiçik heyətilə təqdim etdiyi “Çahargah kompozisyası”nda onun bu muğam üzərində heç zaman işlənməyən çətin keçidlərdən, zərbli cümlələrdən böyük məharətlə istifadə etməsi möcüzə xarakterli idi. Tədqiqatçı, təcrübəli sənətçi olaraq qeyd edirəm ki, mən həmin ifanın video çəkilişini böyük, zövqlə seyr edərək heyrətə düşdüm. Kompozisiyanın sonunda onun qədimliyə söykənən “Şələqoy” rəqs havasına etdiyi əlavələr çox çətin olsa da dəqiq və temperamentli xüsusiyyətlərə malikdir. Bəli, Rəşad bəy yenə əsl ustalıq göstərməkdə və bir daha daim axtarışda, nadir tapıntılarda olaraq müntəzəm inkişafa doğru getdiyini nümayiş etdirməkdədir.

Yazı müəllifi, musiqiçi, bəstəkar, yaradıcı şəxs olaraq mən Rəşadın bəstəkarlıq bacarığını da xüsusi qeyd etmək istəyirəm. Çox təvazökar gənc olaraq R.İbrahimov özünün bu istedadını, belə bacarığını heç yerdə bildirmir, utanaraq dilə gətirmir. Onun hələlik sayı iyirmi beş olan dəramədlər və rəngləri, Xocalı faciəsinə həsr olunmuş iki mahnısı var. Müsahibə götürərkən ondan bu məlumatı əldə etdim, onun öz ansamblının ifasında bir neçə dəramədlərini, rənglərini, aranjeman edilərək müğənnilərin ifasında studiyada yazılmış mahnılarını dinləyərək yalnız zövq almadım və həm də heyrətləndim.

Bəli, çəkinmədən deyirəm ki, onun duyğularından, hisslərindən qaynaqlanan, yaradıcılığının məhsulu olan bu melodiyaların hər biri melodik, harmonik və ritmik baxımdan milli musiqimiz üçün zəngin materialdır. Bu musiqi nümunələri Azərbaycanın klassik muğamlarından qaynaqlanır və bu janrı özündə ehtiva edə bilir.

Musiqi cəmiyyətinə müraciət edərək deyirəm ki, gözlərimiz qarşısında daha bir bəstəkar yetişir. Buyurun diqqət yetirin, laqeyd olmayın, qucaq açın, həvəsləndirin və qayğı göstərin.

Bir sıra tarzənlərimizin bəstəkarlığı olub axı... Əhsən Dadaşov, Qulu Əsgərov (tarzən-bəstəkar), Şahid Əbdülkərimov, Bəhram Nəsibov.

Rəşadın başqa bir istiqamətə də istedadı var. Beləki, o, qəzəllərə nəzirə yazmaq bacarığına da malikdir.

R.İbrahimovun sənət fəaliyyətinə diqqətlə yanaşdıqda onun bu gənc çağlarında necə böyük, geniş, samballı, səmərəli və əhatəli yaradıcılıq yolu keçdiyi nəzəri cəlb edir. Bəli, bu həqiqətən belədir və belə bir qeyri-adi istedada malik soydaşımızla, gözlərimiz önündə ucalan sənət adamıyla fəxr etməyə dəyər.

Rəşad İbrahimov 2016-cı ildə ailə qurub. Onun evində 2017-ci ildə dünyaya gələn Fidan adlı qız, 2021-ci ildə ildə həyata qədəm qoyan Məhəmməd adlı oğul böyüyür. Daim xoşbəxt həyat və uğurlar arzulayırıq.

Əhsən RƏHMANLI

TƏDQİQATÇI, SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.157679