“Övladına şəhid övladı statusu tanınır, amma xanıma bu status verilmir” - Qanunu yazanlar qanunlara ETİRAZ EDİR...

2022-09-30 16:07:00

“Övladına şəhid övladı statusu tanınır, amma xanıma bu status verilmir” - Qanunu yazanlar qanunlara ETİRAZ EDİR...

Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilib. Gündəliyinə 30 məsələ daxil edilən iclasda əvvəlcə Milli Məclisin 2022-ci il Payız sessiyasının Milli Məclisin 2022-ci il Payız sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. Qanunvericilik işləri planına 10 məsələ daxil edilib. Müzakirələrdən sonra plan qəbul edilib.

İclasda deputatlar cəmiyyəti narahat edən məsələlərdən, şəhid ailələrinin, qazilərin problemlərindən danışıblar, təkliflərini səsləndiriblər.

“Bir adamın imkanı olsa, heç aliment istəməz”

Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib ki, hər bir deputata ailə məsələləri ailə bağlı daxil olan müraciətlərin əksəriyyəti alimentin ödənilməməsi ilə bağlıdır: “Bu məsələ hansısa şəkildə həll edilməlidir: “Aliment fondu olmalıdır ki, alimenti dövlət şəxsin əvəzinə versin. Sonra isə həmin şəxs tapılsın və dövlətə borcunu ödəsin. Mən xahiş edirəm ki, aidiyyəti komitələr vətəndaşın aliment hüququnun tam şəkildə yerinə yetirilməsi haqqında işləri nəzarətə alsınlar. Bir adamın imkanı olsa, heç aliment istəməz”.

“Vağzal", "Mədən", “9-cu döngə”… - Niyə bu küçələrə şəhidlərin adları verilmir?!

İclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklər müzakirə olunub.

“Nazirlər Kabinetinin müvafiq qərarından sonra şəhid adlarının küçələrə verilməsi ilə bağlı çətinliklər yaranıb”. Bu sözləri isə deputat Razi Nurullayev deyib. Millət vəkili qeyd edib ki, şəhid ailələri onların adını yaşatmaq üçün adlarının küçələrə verilməsini istəyirlər: “Amma bu mümkün olmur. Sənədlərə əsasən yalnız ordenlə təltif edilən şəhidlərin adları əbədiləşdirilir. Bununla əlaqədar sənədlərdə dəyişikliklər edilməsini təklif edirəm. Hesab edirəm ki, icra hakimiyyətləri bununla əlaqədar özləri qərar verməlidirlər”.

Deputat Etibar Əliyev isə xatırladıb ki, Milli Məclisdə təmsil etdiyi Suraxanı rayonunun 60 şəhidi var: “Demək olar ki, hamısının xatirəsinə şəhid-bulaq kompleksi yaradılıb. Amma rayonda yerləşən məktəb və uşaq bağçalarına, küçələrə şəhidlərin adları verilməlidir”.

“Suraxanı rayonundakı küçələrin bəzilərinin adlarına baxın: “Vağzal”, “Mədən”, “Şimal Yaşayış Massivi”, "Şərq Yaşayış Sahəsi", “9-cu döngə” və s. Bu küçələrə niyə şəhidlərimizin adı verilməsin?”, - deputat qeyd edib.

“Övladına şəhid övladı statusu tanınır, amma xanıma bu status verilmir”

“Bəzi şəhidlərimiz var, evləniblər, ailə qurublar, amma rəsmi nikahda olmayıblar”, - deyən millət vəkili Qənirə Paşayeva söyləyib ki, qeyri-rəsmi nikahda olan şəhidlərin həyat yoldaşı da şəhid ailəsi kimi tanınmalıdır: “Mənə belə bir şəhid xanımı müraciət etmişdi. Övladına şəhid övladı statusu tanınır, amma xanıma bu status verilmir. O körpə övladı ilə sabah ev növbəsinə durmalıdır, ona görə status vacib hal alacaq. Şəhid xanımı dedi ki, tək deyil. Bir neçə şəhid ailəsi haqqında belə problem mövcuddur. Mən xahiş edirəm, buna baxılmasına çalışaq”.

“Mən bu problem qaldırdım, adımdan səhv məlumat yaydılar”

Deputat Aqil Abbas isə şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı problemi gündəmə gətirib. Millət vəkili xahiş edib ki, bu məsələyə diqqət artırılsın: “Bu boyda dövlət şəhidin yadigarına 2 otaqlı ev verə bilməyəcək? Üstəlik, şəhidin yeganə varisidir, ata yox, ana yox yeganə qardaşı var. Niyə şəhid ailəsi hesab olunmasın? Niyə bu imtiyaz ona verilməsin? Mən bu problem qaldırdım, adımdan səhv məlumat yaydılar. Düşünürəm ki, bu məsələ həllini tapmalıdır”.

“Bəzən intihar edənlərin qazi olması ilə bağlı məsələ gündəmə gəlir, araşdırılır ki, qazi deyil”

“Bəzi qaçqın və məcburi köçkünlər azad edilmiş ərazilərdən qeydiyyatdan çıxıb yaşadıqları ərazilərdə qeydiyyata düşüb. Onları həmin ərazilərdə yenidən qeydiyyata almaq lazımdır”. Bu sözləri isə deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, həmin şəxslər öz dədə-baba yurdunda yenidən qeydiyyata alınmaq istəyirlər: "Qazilərlə bağlı da problemlər var. Onların sayını artırmaqla, şişirtməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Qazilərlə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Təklif edirəm ki, bu say diqqətlə araşdırılsın və dəqiq rəqəm geniş formada verilsin. Bəzən intihar edənlərin qazi olması ilə bağlı məsələ gündəmə gəlir, araşdırılır ki, qazi deyil. Yaxud mənim təmsil etdiyim dairədən bir nəfər intihar etmişdi. Amma biz onun intiharının səbəbini bilirik. Yenə də sosial şəbəkələrdə ictimai rəyi çaşdırmağa çalışdılar”.

“Qazaxda bir orta məktəbdə müəllim şəhidin övladını lövhə qarşısını çıxarıb təqdim edəndə bütün uşaqlar onu qucaqlayır, öpür”.

Deputat Səməd Seyidov bildirib ki, deputatı olduğu Qazax rayonunda şəhidlərin hər birinə xüsusi diqqət və qayğı göstərilir. Amma adların əbədiləşdirilməsində problem var: “Orta məktəblərə, bağçalara, küçələrə şəhid adlarının verilməsi ilə bağlı addım atılması vacibdir. Biz 44 günlük müharibədən əvvəl Qazaxda səngərlər qazırdıq. O səngərlər yerin altında idi. Amma o səngərlərə düşməyə ehtiyac olmadı, çünki yerin altına şəhidlər girdilər və yüksəldilər”.

“Biz torpaqlarımız işğaldan azad etmişik, amma təhlükə davam edir. Qazaxda bir orta məktəbdə müəllim şəhidin övladını lövhə qarşısını çıxarıb təqdim edəndə bütün uşaqlar onu qucaqlayır, öpür. Niyə həmin şəhidin adı elə həmin məktəbə verilməsin? Şəhidlərimizin adları bu cür əbədiləşdirilməlidir. Bütün müəssisələrdə şəhidlərin yadigarlarına, ailələrinə xüsusi ehtiram var. Onların hər bir problemi həll edilir, bunun üçün çalışırlar. Təklif edirəm şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişikliklər edilsin və qaldırılan bu məsələlər öz həllini tapsın”, - deyə Seyidov əlavə edib.

“Ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır”

“Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Açıqlamaq istəmirəm, amma hər bir halda şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir”. Bu sözləri deputat Sabir Rüstəmxanlı deyib. Millət vəkili qeyd edib ki, ilk növbədə evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır.

“Ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Aparılan bütün antitəbliğatlara baxmayaraq, onlar bu duyğunu necə ötürürdülər. Onların bu duyğusunu öldürmək olmaz”, - deyə millət vəkili fikrini tamamlayıb.

Müzakirələrdən sonra “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklər qəbul olunub. (AYNA)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.330555