Saat:19:29
Haqqımızda

"Oskanyan Paşinyana Azərbaycanla razılaşma əldə etməyə mane olmağa çalışır" - ELXAN ŞAHİNOĞLU

2024-03-28 12:32:31

"Paşinyan və onun komandası Qarabağ mövzusunu unutmağa çalışarkən, Oskanyan tam tərsiylə məşğuldur"

"Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ABŞ və Avropa ölkələrində yüksək vəzifəli rəsmilərlə intensiv görüşlərinə dair xəbərlər yayılıb. Oskanyan baş nazir Nikol Paşinyana Azərbaycanla razılaşma əldə etməyə mane olmağa çalışır. Oskanyan Paşinyanın bütün addımlarını tənqid edir. Bu baxımdan ABŞ və Avropa ölkələrində Vardan Oskanyanla görüşən rəsmilər kimlərdir? Axı həm Vaşinqton, həm də Brüssel Nikol Paşinyana dəstək verir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun fikrincə, belə çıxır ki, həmin dairələr Paşinyana dəstəklə yanaşı, onun mövqelərini zəiflətməyə çalışan Oskanyanla da fikir mübadiləsi aparırlar: "Ancaq bu Rusiyanın təsirindən qurtulmağa çalışan Nikol Paşinyana əlavə problem yaradır. Bu isə Qərbin maraqlarına ziddir. Ya da ki, Vardan Oskanyan ABŞ və Avropada aşağı səviyyədə qəbul olunur, onun fikirləri diqqətə alınmır. Vardan Oskanyan müxalifət partiyalarında təsmil olunmayıb, deputat deyil, sadəcə özünün təsis etdiyi fond sədridir. Böyük ehtimalla, fondu üçün müxtəlif təşkilatlardan ianə toplayır, içində erməni lobbisinin təmsilçiləri də var, yol və otellərdə qalma pulunu onlar verir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, Nikol Paşinyanın daxili və xarici siyasətindən narazı qalan erməni diasporunun imkanlı nümayəndələrinin Oskanyana maliyyə ayırdığı istisna deyil: "Vardan Oskanyan eyni zamanda təsis etdiyi “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi”nə diqqəti cəlb etməyə çalışır. Paşinyan və onun komandası Qarabağ mövzusunu unutmağa çalışarkən, Oskanyan tam tərsiylə məşğuldur. Əgər Nikol Paşinyan Azərbaycanla razılaşma əldə etmək istəyirsə, Oskanyan kimilər ona mane ola bilməyəcək. Buna baxmayaraq, suyu bulandırmağa çalışan Oskanyanın fəaliyyəti müxtəlif qüvvələrin maraqlarına xidmət edir. Bunlar arasında Ermənistanın radikal müxalifətindən tutmuş Paşinyana nifrət edən Rusiyadakı dairələrə qədər mərkəzlər var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR