Ordunun Türkiyə modelinə keçidinə kimlər mane olur?

2022-06-15 10:15:00

Ordunun Türkiyə modelinə keçidinə kimlər mane olur?

Türkiyə modelinə keçidlə bağlı problemlərin aktuallığını nəzərə alaraq yenidən bu mövzuya müraciət etmək qərarına gəldim.

Ətraflı

Azərbaycan ordusunun Türkiyə modelinə keçidinin görüntüsü, demək olar ki, yaradılıb. Ştat strukturu olaraq, mexanizm olaraq bütün hərbi qurumlarda sənəd üzərində Türkiyə modelinə keçidi görəcəyik. Reallıqda isə bu hələ də arzu olaraq qalır. Türkiyə ordusuna baxanda görürük ki, rüşvət sözü Türkiyə ordusunda 1 kilometrliyinə belə yaxın düşə bilməz. Məsələ ondadır ki, Türkiyə ordusunda hərbçilərin təminatları, onlar ordudan tərxis olunandan sonra statusları, xidmətdə olan dövrdə hərbçiyə, onların ailələrinin sosial təminatına yanaşma da Azərbaycan ordusundan çox fərqlidir. Modelə keçid baş tutursa, bunlar da baş tutmalıdır.

Deyəndə ki, Azərbaycan ordusu Türkiyə modelinə uyğunlaşdırıldı, Türkiyədə hərbi hissənin içərisinə girəndə qarşılaşdığımız mənzərənin eynisini burada da görməliyik. Türkiyə ordusunda tərxisə raport yazma təsadüfi hallarda mümkün ola bilər. Minlərlə insan orduya qəbul olmaq üçün sıraya düzülür. Bizdə isə hər gün xəbər gəlir ki, hərbçilər tərxis raportları yazırlar.

Orduya intellektuallar daha çox yönləndirilməlidir. Azərbaycanda, nədənsə, qəbul imtahanlarında 200-dən aşağı bal toplayanlar hərb sahəsini seçirlər. Niyə genofondumuzun intellektual hissəsi orduya üz tutmasın? Türkiyədə ən intellektuallar ordudadır, bizdə isə tam tərsinə. Sovetin intellektualı ilə Türkiyə modelinə keçid mümkünsüzdür.

Orduda Türkiyə modelinə keçid üçün, birinci növbədə, Türkiyənin ordu sistemini bilən kadrlar lazımdır. Türkiyədə təhsil almış, Ali Hərbi Məktəbdə (AAHM) təhsil almış zabitlər indi beyin mərkəzlərində oturmalı idilər. Bunu görürük? Təəssüf ki, yox!

Məsələni bir qədər araşdıran zaman məlum olur ki, AAHM-də əsası 1993-cü ildən qoyulan, sonradan daha da təkminləşdirilmiş türkiyəli zabitlər tərəfindən dərslər keçilib. Tədris sistemi hətta “Kara Harp Okulu”nun eynisi olub. Təbii ki, ordu içərisində buna qarşı çıxanlar olub. Türkiyədən tədris məsələsinə cəlb edilmiş zabitlərin istəyi ondan ibarət olub ki, hər dönəmi bir korpusa təyin etsinlər. Belə olan halda, eyni tədrisi görmüş şəxslər eyni yerdə xidmət aparacaqdı və beləcə korpus-korpus sovetdən qalma təfəkkür və o sistemin nümayəndələri təmizlənəcəkdi. Tədris, psixoloji və fiziki cəhətdən hazırlanmış kadrlar böyük ümid olardı. Deyir, sən saydığını say… Planlama baş tutmur.

1997-2005-ci illərdəki müdavimləri parçalayıb tək-tək korpuslara atdılar ki, bu cür hazırlanmış kadrlar assimilyasiya olunsunlar. Maraqlısı budur ki, həmin dövrdə türkiyəli mütəxəssislərin dərs dediyi zabitlərinin, demək olar, hamısı ordu sıralarından tərxis olunublar. Bu çox ağrılı prosesdir. AAHM-də NATO taktikası keçib gələn zabit orduda rus taktikası ilə qarşılaşır. Belə olan halda, ya assimilyasiya olunmalıdır, ya da getməlidir. Bunun üçüncü variantı yoxdur.

Öyrətmək və davranışdan çox şey asılıdır. Məktəbdə oxuyanda bir müəllimimiz vardı. Şagirdlərə qarşı həmişə ehtiramla davranırdı. Deyirdi, bilmək olmaz, bu stulun arxasındakı uşaq, sabah böyüyüb kim olacaq. Bu hər sahədə belə olmalıdır.

Araşdırmalar zamanı məlum olur ki, 1997-2005-ci illər ərzində kursantların uniformaları da “Kara Harp Okulu”ndan gəlirdi. Türkiyədə necə idisə, burada da eyni. O sistem dağılandan sonra geyimlər də, yeməklər də dəyişdirilib. Türkiyəli mütəxəssislər bütün kursantlarla “zabit adayı” kimi davranıblar. Hətta otaqları da işçilər yığışdırıb. Kursantların işi təlim və tədris. olub. Süpürgə, yumaq, təmizləmək, ərazilərə çıxartdırılıb yer süpürtdürmək sonrakı mərhələnin işi olub. Kadr hansı psixologiya ilə hazırlanır, gələcəkdə şəxsi heyətinə qarşı da eyni cür davranır. Hərbi xidmətdə olan zaman süpürgə götürmək istəməyən əsgərə, “Mən kursant olanda süpürürdüm, sən əsgər olaraq niyə süpürməyəsən?” – deyilir.

Modelə keçid üçün əli çirkaba batmamış, təhsil görmüş və intellektual zabitlər taktiki-operativ, taktiki-strateji səviyyəyə çatsa, proses çox sürətlə həyata keçərdi. Əks halda, Türkiyə modelinin eynisini görməyimiz çox çətin olacaq. Sovet sistemi görmüş, təhsil almış, ənənəsi fərqli olan zabitlər, generallar Türkiyənin ordu modelinə keçidi təmin edə bilməz. Hazırda modelin yaradılmasında iştirak edən şəxslər nə tədrisdə, nə də təlimdə Türkiyə modelindən keçiblər.

Türkiyə modelinə keçidi iki hissəyə bölmək olar: Keçidin baş tutduğu sahə və baş tutmadağı sahə.

Ştat strukturları tərtib və təsdiq olunub. Əslində, bu hissəsi də çox ağırdır. Qərar vermə anı həmişə çətin olur. Bundan əlavə, ştat strukturunun hazırlanması üçün ciddi maliyyə də lazım idi. Dövlət öz üzərinə düşən hissəni yerinə yetirib. Məsələ ondadır ki, bu keçidin yerdəki icraçıları buna kadr olaraq da, beyin mərkəzi olaraq da hazır deyil.

Bir zabit Azərbaycan ordusuna xidmətə başlayanda bilməlidir ki, onu şəffaf xidmət gözləyəcək və ondan heç kim lazım olmayanı tələb etməyəcək. 4 il təhsil almış zabit yalnız haqsızlıq görəndə, haqqı tapdalananda, ondan lazımsız tələblər ediləndə, vəzifəyə nəyinsə qarşılığında gedildiyini görəndə, xidmətə görə yox, yaxınlığa görə irəli çəkmə görəndə qaçar. İnsanların seçim qarşısında qalmaması üçün içəridə bu mühiti yaradan operativ-strateji vəzifə tutan insanlar siyasi hakimiyyətin direktivləri ilə hərəkət etməlidir. Ancaq görünən odur ki, direktivlər fərqlidir, görülən iş isə tamamilə fərqli. Direktivlərlə sahədəki işlər paralel getmir.

Türkiyə modelinə keçid üçün birinci şəxslərin – birlik, birləşmə, idarə rəisləri, müavinlər və müdafiə nazirinin özünun istəyi lazımdır. Birinci şəxs tapşırıq verməlidir ki, bundan sonra harada neqativ iş baş versə, kimliyindən aslı olmayaraq, izahat verməyə, oradan da “içəri” gedəcək. Hesab edək ki, bunu etmək istəmirlər. Onda sual yaranır, nəzarət mexanizmləri nə üçündür?

Orduda, ən azı, 3 cür nəzarət mexanizmi var:

Birinci, ordunun təhlükəsizlik idarəsinin nəzarət xidməti (daxili araşdırma);

İkincisi, xüsusi xidmət orqanlarının birlik və birləşmələrdəki nəzarətçiləri;

Üçüncüsü isə həbi məhkəmə, prokurorluq orqanları.

Əgər bu üç mexanizmin qarşılığında bu qədər neqativ hallar baş verirsə, ya həmin mexanizm işləmir, ya da onlar ordu rəhbərliyi ilə bərəbar hərəkət edirlər. Əgər bu neqativ hallar baş verirsə, bu o deməkdir ki, nəzarət mexanizmi ilə icraçılar eyni paraleldədir. Modelə keçidlə bağlı qərar qəbul edən Ali Baş Komandan isə başqa paraleldə hərəkət edir. Qərar verənlə icra edənlər başqa-başqa paralellərdədirlər. Sual yaranır, kim kimin əksinə gedir?

Regionumuz son dərəcə mürəkkəbdir. Dünyada da kataklizmlər baş verir. Müharibələrdən heç bir ölkə sığortalanmayıb. Nazirlikdə oturan yüksək vəzifəlilər elə hərəkət etməlidirlər ki, rüşvət, korrupsiya, yeyinti ordunun 100 kilometrliyinə belə yaxın gələ bilməsin.

Bütün problemin kökündə duran kadrlardır. Kadrlar istəsələr, hər şeyi ən yüksək səviyyədə də, məhv də edə bilərlər.

2000-ci ildə Azərbaycan Hərbi Akademiyasının ilk buraxılışı olub. İlk buraxılış 23 nəfər olub. Daha sonra onların sayları artıb. 12 il müddət keçib. Ötən 12 ildə Akademiyanı bitirənlərin sayı nə qədərdir və onlardan nə qədəri xidmətdə qalıb? Ən əsası, xidmətdə olmayanlar niyə gediblər? Təkcə bu statistika problemin mahiyyətini ortaya qoyur. Əgər onlar sonradan bu və ya digər formada ordudan uzaqlaşdırılacaqdılarsa, Dövlət niyə onların oxuması üçün xərc çəkirdi?

Bir anlıq təsəvvür edək, belə hallar Türkiyə ordusunda ağıla gətirilə bilər?

Bəzən insanlar, xüsusən generallar elə düşünür ki, ordu xüsusi bir qurumdur. Qəbul etmək istəmirlər ki, hər yerdən və hər evdən orduda adam var. Ordu ən açıq və ən şəffaf olmalı qurumdur. Orduda baş verən hadisələr qədər cəmiyyətə yayıla biləcək ikinci bir yer yoxdur.

Türkiyə modelinə keçid qərarı verilibsə, sənəd üzərində yox, birəbir keçid olmalıdır. Yoxsa bu imitasiyaların zərərdən başqa xeyri yoxdur.

Səxavət Məmməd

Yenicag.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya