Saat:10:47
Haqqımızda

Ordumuz “Ekoloji qisas” əməliyyatı keçirməlidir - ÇAĞIRIŞ

2022-08-19 11:07:00

Ordumuz “Ekoloji qisas” əməliyyatı keçirməlidir - ÇAĞIRIŞ

Hurriyyet.az politoloq Cümşüd Nuriyevin hafta.az-a müsahibəsini təqdim edir:

- Cümşüd bəy, hazırda Azərbaycan xalqının gündəmində olan əsas məsələ Laçın şəhəri və Zabuxda qanunsuz məskunlaşmış hayların çıxarılmasıdır. Sizcə, Azərbaycan dövləti onların avqustun 25-dək torpaqlarımzdan çıxarılmasına nail olacaq, yoxsa yenə də hansısa maneələr ortaya çıxacaq?

- Azərbaycan Prezidenti son Şirvan səfəri zamanı İsmayıllının Basqal qəsəbəsində çox maraqlı bir açıqlama verdi. Əslində bu, Ermənistana və onu dəstəkləyənlərə ciddi bir mesaj idi. Dövlət başçısı bildirdi ki, avqustun 25-dək ermənilər Laçın şəhəri və Zabux kəndindən çıxmalıdır və həmin müddət onların xahişi ilə verilib.

Dövlət başçısı ermənilərin çıxdıqları məkanları yandırmayacaqları haqda da fikirlər söylədi. Amma onu da qeyd etdi ki, bu, onların özlərindən gələn bir məsələdir. Azərbaycan onsuz da əvvəldən bilir ki, onlar verdiyi sözə əməl etmir. İndi də elə oldu. Bütün dünya bilir ki, bu haylar xəstədir. Onsuz da Laçın camaatı, zabuxluların Zabuxda ermənilərin saldığı qəsəbədə yaşamaq fikirləri yoxdur. Deyirlər ki, haylar tərəfindən tikilməsi və orda yaşamaqları bir yana, həm də o qəsəbə kəndin köhnə qəbiristanlığı üzərində salınıb. Bu haqda yerli sakinlərdən mediaya açıqlama verənlər də olub... Bu və digər səbəblərdən belə baxanda hayların çıxdıqları evləri yandırıb-yandırmamasının Laçın camaatı üçün elə bir əhəmiyyəti yoxdur. Görünən odur ki, laçınlılar, o cümlədən Zabux kəndinin əsil sakinləri artıq toparlanıb və bütün ağır obyektiv şərtlərə baxmayaraq hamısı geri - öz tarixi dədə-baba torpaqlarına dönməyə hazırdır. Bu, çox müsbət bir haldır. Yəni Laçın camaatı o əvvəlki qeyrətdə, iradədə, qürurdadır. Çox xoş bir haldır ki, 30 ildən çox vaxt keçməsinə rəğmən bu insanların öz doğma yurdlarına dönmə əzmi, iradəsi sınmayıb. İnanıram ki, tezliklə Laçının nəinki rayon mərkəzi və Zabux kəndinin, bütün digər kəndlərinin də sakinləri öz dədə-baba ocaqlarına dönəcək...

Rusiyanın “dırnaqarası” sülhməramlılarına gəldikdə, onlar son 1 il 10 ay ərzində öz lazımı missiyalarını yerinə yetirmədilər və bu gün də ermənilərin Laçın və kəndlərində törətdikləri vandallıqlara, o cümlədən meşələrimizi yandırmalarına göz yummaqda davam edirlər. Digər tərəfdən, dünyaya hüquq dərsi keçən Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri bir daha utansınlar ki, bu 30 ildən çox müddətdə həmin hayların Azərbaycan torpaqlarında qanunsuz yerləşdirilməsinə də göz yumdular və beynəlxalq hüququ çığnadılar, tapdadılar. Bu gün ATƏT, BMT və digər beynəlxalq təşkilatlar nəinki evlərin, meşələrimizin də yandırılmasına göz yumurlar. Bu baxımdan hesab edirəm ki, Azərbaycan ordusu bir “Ekoloji qisas” əməliyyatı da keçirməlidir. Sadəcə, snayper və kəşfiyyatçılarımız bütün Qarabağ və Şərqi Zəngəzurda, xüsusən ermənilər oralardan çıxana qədər Laçın və Zabux ətrafındakı meşələrə ciddi nəzarət etməlidirlər. Meşələrimizi yandırmağa cəhd edən şəxslərə xəbərdarlıq edilməli və hərbçilərin əmrinə tabe olmadıqları təqdirdə yerlərindəcə güllələnməlidir... Dünya bu saat ekologiya ilə bağlı ciddi problemlərlə üzləşib. Odur ki, ermənilərin meşələri yandırmaları əslində beynəlxalq bir cinayət kimi dəyərləndirilməli və günahkarlar ciddi cəzalandırılmalıdır.

Prezident İsmayıllıdakı çıxışında “Qisas” əməliyyatı məsələsini gündəmə gətirdi və hazırda erməni ictimaiyyətində ikinci “Qisas” əməliyyatının başlayacağından ciddi əndişə və qorxu yaranıb. Və bilirlər ki, ikinci “Qisas” əməliyyatı birincidən daha qorxulu olacaq. Prezident də son çıxışında qeyd elədi; artıq “Qisas” əməliyyatında Sarıbaba, Qırxqız, Buzdux və s. yüksəkliklər azad edildikdən sonra Azərbaycan ordusu Laçın “dəhlizi”, o cümlədən Laçın şəhərini tamamilə nəzarətə götürüb. Ümumiyyətlə, Xankəndi və Ağdərə də, demək olar ki, nəzarətimizdədir. Ayın 25-ə artıq 9 gün qalıb. Həmin müddətdə ermənilər Laçın və Zabuxu tərk edəcəklər. Mən buna tam əminəm... Yaxşı bilirlər ki, artıq Azərbaycan əvvəlki Azərbaycan deyil...

- Erməni mediasında belə bir fikirlər də yayılır ki, guya avqustun sonunda keçiriləcək üçtərəfli komissiyanın görüşündə Ermənistan Rusiyanın dəstəyi ilə Laçın və Zabuxdan köçün 2-3 ay uzadılmasına nail olacaq. Yəqin ki, Azərbaycan tərəfi belə bir məsələyə heç bir halda qol qoymaz?..

- Xeyr. Azərbaycan tərəfinin buna qol qoyması mümkün deyil. Həm də ona görə ki, Prezident elan etdi ki, ermənilərin xahişindən sonra biz Laçından köç məsələsini avqustun 25-dək uzatdıq. Dövlət başçısı başqa bir mesaj da verdi. İlham Əliyev dedi ki, hansısa kənar müdaxilələr, hansısa zənglər 100 minlik ordunun qarşısını ala bilməyəcək. Yəni dövlət başçısı artıq qəti mövqeyini birmənalı şəkildə bildirdi. Mən başqa bir şey də gördüm. Ərdoğanın Putinlə və İlham Əliyevin Ərdoğanla son görüşlərindən sonra dövlət başçısının Quzey Azərbaycanın min illik dövlətçilik təcrübəsinə malik qədim Şirvan torpağında və məhz Azərbaycan gerbindəki rəmzlərimizdən biri olan palıd ağacının yanında verdiyi açıqlamaları təsadüfi saymıram. Buna “lal diplomatiya” deyirlər. İlham Əliyev çox ustalıqla lal diplomatiyadan istifadə edir. Yəni görünən odur ki, Azərbaycan Prezidenti Qarabağla, Laçınla bağlı məsələlərdə iradəsini qoymaqla yanaşı, həm də çox arxayındır. Öz sözünə arxayındır. Qürurla danışmaq, iradəli danışmaqla yanaşı, bir özünə əminlik, özünə güvən var çıxışlarında... Bir sözlə, Prezident həm də lal diplomatiya ilə Ermənistanı dəstəkləyən xarici qüvvələrə də anlatdı ki, biz bu məsələlərdə geri çəkilən deyilik. Özü də elə başa düşürəm ki, dövlət başçısı konkret olaraq Laçınla bağlı mövqe və qərarlarında hər hansı bir dəyişiklik etməyəcək. 10 noyabr bəyanatından az sonra Laçın rayonu ərazisində hava limanının tikilməsi, Laçında hərbi hissələrin yerləşdirilməsi və onlar üçün binaların tikilməsi, Laçının baş planının hazırlanması, Kəlbəcərdən Laçına yeni yol çəkilməsi və s. göstərir ki, Laçının bir neçə istiqamətdə tam təhlükəsizliyi təmin olunur...

- Laçın və Zabuxdan köçməli olan hayların bəziləri deyir ki, biz Qarabağda qalacağıq. Və həmin məntəqələrdəki qondarma erməni “mer”lərin mediaya verdiyi məlumata görə, guya artıq bir neçə ailə Xankəndinə köçüb və otellərə yerləşdirilib... Əslində Azərbaycan dövlətinin bu prosesə də nəzarət etmək hüququ var. Yəni 30 ildən çoxdur torpaqlarımızda qanunsuz məskunlaşmış və xeylisi də xaricdən gəlmə olan haylar indi də öz bildikləri kimi, istədikləri yerdə məskunlaşa bilməzlər ki?

- Əvvəla, bu, haylar üçün baş tutan sevda deyil. Azərbaycan tərəfi buna da imkan verməyəcək. İkincisi də artıq “Qisas” əməliyyatından sonra Şuşa rayonunun Salatınkənd, yaxud Sarıbaba adlanan keçmiş “Yextsaox”, eləcə də Böyük və Kiçik Qaladərəsi kəndlərindəki haylar arasında elə bir təşviş yaranıb ki, onlar nəinki Laçın və Zabuxdan köçəcək soydaşlarını qəbul etmək, özləri həmin kəndlərdən köçməyə hazırlaşırlar. Onlar qorxuya düşüblər ki. Bizi burada heç kəs: nə Ermənistan, nə də Xankəndidəki qondarma rejim qoruya biləcək. Sarıbaba və Qırxqız da azad edildikdən sonra Xankəndi və Şuşa ətrafındakı haylar yaşayan bütün kəndlər ovuc içi kimi ortada qalıb... Hətta bildiyimə görə, Xankəndi və Ağdərədən də tədrici köç başlayıb...

Azərbaycan dövlət başçısı son çıxışında Qarabağda qalacaq ermənilərə nəinki heç bir status verilməyəcəyini, onların digər Azərbaycan vətəndaşlarından heç nə ilə seçilməyəcəyini deyəndən sonra haylar bütün ümidlərini itiriblər...

Bilirsiniz, bu dəqiqə ermənilərin əsas işi-gücü Rusiya “sülhməramlı”ları vasitəsilə Qarabağdakı xarici muzdluları çıxarmaq problemini həll etməkdir. Rusiya özü “Vaqner” muzdlularını tam çıxarıb torpaqlarımızdan...

- Siz hesab edirsiniz ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indiyədək “vaqner”çilər olub?

- Bəli. Rusiya onları 44 günlük savaş zamanı torpaqlarımıza yerləşdirib. İndi də istəmirlər ki, Azərbaycan ordusunun əlinə qeyri-qanuni yollarla, sənədlərlə gəlmiş bir rus keçsin...

Ümumiyyətlə, son məlumatlara görə, II Qarabağ müharibəsi zamanı Qarabağa toplanmış 18 min ümumi silahlıdan təxminən 3-5 min nəfər qalıb. Qarabağdakı ermənilərdən isə uzağı, 1000-2000 nəfər silahlı var. Qalan 1000-2000 nəfər “PKK”, “YPQ” və “PJK” ünsürləridir. Eyni zamanda Livandan olan onlarla erməni muzdlusu qalıb. Bəzi erməni saytlarının yazdığına görə, hazırda Ermənistan və Xankəndindəki separatçı-terrorçu qurum o muzdlulara vəd etdikləri aylıq muzdu – 1000-1500 dolları ödəyə bilmədiklərindən həmin terrorçular etiraza qalxıb. Xaricdəki erməni diasporu Qarabağ üçün ianə toplamaqdan imtina edib. Onlar deyir ki, on illərlə toplayıb yolladığımız milyonlarla bir iş görə bilməmisiz, bizə kələk gəlmisiz. Hazırda ermənilərin elitası sayılan qüvvələr: erməni kilsəsi, “daşnaksütyun” və “ASALA” arasında ciddi gərginlik var. Hər biri öz maraqlarının ödənilməsini tələb edir. Bilirsiniz, para elə bir şeydir ki, qardaşı-qardaşa düşmən edir – qalmışdı erməni ola... Hazırda kilsə deyir ki, pul vermirəm- yığılmayıb. Separatçı rejimə yalnız bir az Amerikadakı ermənilər birliyi –“ANCA” yardım edir, bir də Rusiyadakı milyarder Ara Abramyan. Onların da resursları tükənmək üzrədir. Bir yandan da xarici muzdlular hesablarını tələb edir. Paşinyan həmin muzdlulardan tam imtina edib, deyir ki, kim sizi Qarabağa gətirib, probleminizi onunla həll edin. Ortada qalıb Araik Arutyunyan, Vitali Balasanyan və s. kimi separatçı rejim rəhbərləri. Belə getsə, inşAllah, Qarabağdakı separatçı, terrorçu qruplar özləri bir-birilərini qıracaqlar. Bir gün eşidəcəyik ki, bizim axtarışa verib hələlik tutmadığımız Araiki, Balasanyanı xarici və ya erməni muzdlular özləri güllələyib...

- Alternativ yolun çəkilişindən sonra Laçın və Şuşa sakinlərini narahat edən əsas məsələlərdən biri də həmin yola yenidən hər tərəfdən hava xətti ilə 2,5 kilometrlik məsafə olmaqla 5 km.-lik dəhliz statusu veriləcəyi halda Laçın rayonunun Ağanus, Unannovu, Mığıdərə, Məlikpəyə, Malxələf, Şuşa rayonunun Zarıslı, Zamanpəyəsi, Xəlfəli, Qaybalı və s. kəndlərinin həmin dəhliz ərazisində Rusiya hərbi kontingentinin və dolayısıyla ermənilərin nəzarəti altında qalmasıdır..

- Əslində, həmin 5 km.-lik dəhliz məsələsini nə Rusiya, nə də Ermənistan həll edir -bunu Azərbaycan dövləti həll edir. Əvvəllər də dediyimiz kimi, beynəlxalq hüquq baxımından Rusiya “sülhməramlı”larının Azərbaycan torpaqlarında yerləşməsi üçün heç bir hüquqi mandatı yoxdur. Sadəcə, 10 noyabr üçtərəfli bəyata-razılaşması var ki, onu da Azərbaycan parlamenti ratifikasiya etməyib. Nə də BMT Rusiya hərbçilərinə hər hansı mandat verib. Odur ki, Azərbaycan istədiyi vaxt “sülhməramlı”ların ölkə ərazisindən çıxmasını tələb edə bilər. Bəyanatın da belə bir xüsusiyyəti var ki, hər bir tərəf istənilən vaxt oradan çıxa bilər. Hətta hər hansı bir dövlətin könüllü qoşulduğu və parlamet tərəfindənn təsdiqlənmiş beynəlxalq müqavilələrdən istənilən dövlət 6 ay müddətində çıxa bilər... Yəni əgər Rusiya “sülhməramlı”ları Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir müdaxilə etsə, Azərbaycan birtərəfli qaydada həmin bəyanatdan imtina edə bilər. Digər tərəfdən, 22 fevral 2022-ci ildə bağlanmış müqaviləyə görə də Rusiya Azərbaycana müdaxilə edə bilməz. Eyni zamanda 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsinə görə, Türkiyə də Azərbaycanın qarantıdır... Rusiya da ağlını o dərəcədə itirməyib ki, Qarabağdakı 3-4 erməniyə görə Ukraynada bataqlığa düşdüyü indiki onsuz da ağır vaxtında Türkiyə ilə qarşıdurmaya gedə... Putinə özü üçün ikinci cəbhə açmağa ehtiyac yoxdur... Bir sözlə, hesab edirəm ki, qalan 2-3 illik müddətdə Rusiya hərbi kontingenti yalnız alternativ yola nəzarət edəcək, heç bir dəhlizdən söhbət gedə bilməz...

-İrəvanda “Sürməli” ticarət mərkəzindəki partlayışla, eləcə də şəhərdəki bütün metro stansiyalarına guya partlayıcı qoyulması haqda xəbərlərlə Qarabağda, Laçında baş verənlər arasında bir əlaqə varmı? Bəzi erməni siyasiləri bu hadisədə Rusiya izi axtarırlar. Hətta Rusiya bununla bağlı Ermənistana nota da verdi...

-Hadisənin Rusiya tərəfindən törədilməsi haqqında hələlik heç bir sənəd-sübut yoxdur. Belə hesab edirəm ki, bunları Ermənistan Milli Təhlükəsizlik xidməti təşkil edib. Lakin üzlərinə-gözlərinə bulaşdırıblar. Bütün metro stansiyalarında partlayış baş verəcəyi xəbəri çox şişirtmə olub... Bunlar “Sürməli” ticarət mərkəzindəki partlayışı boyunlarına almırlar. Tiqran Abramyan, Zohrabyan kimiləri bunu Azərbaycanın təhlükəsizlik xidmətlərinin üzərinə atmağa çalışırlar və bununla bizimkilərin şöhrətini daha da artırıblar. Bütün dünya bilir ki, bu, ağ yalandır. Azərbaycan dövləti Ermənistan kimi şərəfsizlik edib siyasətini dinc, mülki insanları məhv etmək üzərində quran deyil. Bu bədbəxtlər onu da anlamırlar ki, belə dezinformasiyalarla ermənilər arasında təşviş yaradırlar və hayların nəinki Qarabağdan Ermənistandan da birdəfəlik köçməsinə də şərait yaradırlar...

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR