ONLARI ŞUŞAYA BURAXMAYIN... - İxtiyar sahibi olsaydım, ölkəni talan və tarac edənləri Şuşaya yaxın buraxmazdım...

2022-04-26 11:15:00

ONLARI ŞUŞAYA BURAXMAYIN... - İxtiyar sahibi olsaydım, ölkəni talan və tarac edənləri Şuşaya yaxın buraxmazdım...

Özəl telekanallarda gedən verilişləri diqqətlə izləyin, sözünün əvvəli ilə axırı bilinməyən, camaatı avam yerinə qoyan “politoloqdan” tutmuş, bədənini qəsdən nümayiş etdirən “abırlı sənətçiyə” qədər hər dürlü məxluq görəcəksiniz...

“Əvvəl nə idiksə də şimdi hamanız!”

                                                            M.Ə.Sabir

Cənnətməkan Mirzə Cəlil ötən əsrin lap əvvəllərində baş vermiş aclıqdan söhbət açanda elə mətləblərə toxunub ki, indi də o kişinin yazdıqlarını sakit oxumaq mümkün deyil. Erməni vəkilləri özlərinə əl qataraq Qafqaz canişininin qəbuluna düşüb əziyyət çəkən soydaşlarına yardım, pul tələb edirlər. Bizim Qarabağın qoca, cavan bəyləri isə Tiflisin sirkində qabaq cərgələrdə oturub yarımüryan qızların oynamağına çəpik çalıb deyirdilər: - Oxqay, Liza can, qadavı alım!

...Əsrin sonunda Azərbaycan həm hürriyyətə qovuşdu, həm də tarixində görmədiyi məğlubiyyətlə üzləşdi. Yandırılan kənd və şəhərlərin tüstüsü ərşə qalxanda, qız-gəlinlər əsir-yesir ediləndə bizim binamuslar Bakıda “Gözəllik”, “Göbək rəqsləri” müsabiqələri təşkil etmədilər?

Məni boğazımdan assalar da bəzi həqiqətləri deməliyəm. Qoy gənc nəsil bilsin ki, bizdə biqeyrətlik estafet kimi illərlə ötürülüb. Nə ibrət almışıq, nə də törətdiklərimizin fərqinə varmışıq.

Ərdəbilin riyakar din xadimləri əsrin əvvəlində millətimizin tətbiqi sənətinin şah əsəri “Şeyx Səfi” xalçasını ingilis tacirlərinə üç min manata satmışdılar. Londonun məşhur “Viktoriya və Albert” muzeyində göz bəbəyi kimi hifz olunan bu xalının ümumiyyətlə qiyməti yoxdur. Adlı-sanlı sənətşünaslar onu İtaliya intibahının bütün əsərlərindən üstün tuturlar.

Ötən əsrin 60-70-ci illərində Mərkəzi Komitədə P.M. Yelistrarov adlı bir nəfər ikinci katib vəzifəsində idi. Sənət xiridarı olan bu ağa onun hər göstərişinə  “Ləbbeyk!” deyən bizim neçə-neçə püxtələşmiş sənətkarın köməyilə ordan-burdan istədiyi qədər sənət əsəri yığdı. “Xidmətlərinə” görə həmin şəxslər fəxri adlara layiq görüldülər, əsərləri baha qiymətə alındı, respublika mətbuatında yaxşıca reklam olunub yuxarı başa çəkildilər. Onların hamısı artıq darı üqbadadırlar, biz isə fani dünyada, belə ki, danışmaqla köhnə səhvlər düzəlməyəcək.

Sözümün canı budur ki, Azərbaycan ilk illərdə səlib dünyasının köpəkləri ilə ölüm-dirim savaşına başlayanda iqtidar milli vəhdətə nail ola bilmədi, ideoloji iş pulgir əyalət lotularının əlinə keçdi. Bunları kimlərin Bakıya qastrola gəlmələri, açıq təxribatla məşğul olan sektaların qeydiyyata düşmələri qətiyyən maraqlandırmırdı. Pozucu qüvvələr məharətlə telekanalları ələ keçirə bildilər. Özəl telekanallarda gedən verilişləri diqqətlə izləyin, sözünün əvvəli ilə axırı bilinməyən, camaatı avam yerinə qoyan “politoloqdan” tutmuş, bədənini qəsdən nümayiş etdirən “abırlı sənətçiyə” qədər hər dürlü məxluq görəcəksiniz.

YAP-ın yağ-bal içində neynim demədən yaşayan, törəmələrinin sabahları üçün gün ağlamış “fədəkar” xadimlərini xalq yaxşı tanıyır. Dəfələrlə Əli Əhmədova, Bahar Muradovaya və digər partiya bonzlarına müraciət etdim ki, cəsarətiniz çatırsa gəlir-çıxarınızdan, əmlakınızdan ikicə kəlmə deyin. Ümumiyyətlə istər bunlar, istərsə də onların həmkarlarının bircəciyi indiyə kimi bir maqnatı, bir vəzifəli yırtıcını ifşa edib divara qısnamayıblar. Nə qədər dəhşətli cinayətlər üzə çıxıb, nə qədər azğınlaşmış məmur məsuliyyətə cəlb olunub, həmişə ümumi sözlərlə, boş, mənasız sentensiyalarla baş girləyən Asim Mollazadədən tutmuş, din və millət xaini Qəzənfər Musabəyovun nəvəsi Rasim Musabəyova qədər bir “millət vəkili” bu illər ərzində bir ad çəkməyiblər. Aydın Mirzəzadə özünü YAP-ın nadirəlvücud təhlilçisi sayır, indiyə kimi nəhəng məbləğləri xaricə ötürə bilmiş, kefləri istədikləri yerlərdə mal-mülk almış hansı “vətənpərvərin” əməlləri barədə ikicə kəlmə deyib? Deməyib və bundan sonra da deməyəcək! Adam da üzvü olduğu komandanın başqa üzvünü ayağa verər?

Əcnəbiləri də heyran qoyan böyük işlər görülür. Qısa vaxt ərzində “Zəfər yolu” istifadəyə verilir, aeroportların inşası üçün daha nələr edilmir? Şuşada inşaat, bərpa işləri bir saat da dayanmır. Hər cür alqışa, təqdirə layiq olan sıravi fəhlələrin, mühəndislərin, digər texniki işçilərin nələr çəkdiyini bütün respublika görür. Gecəni gündüzə qatan bizim mina axtaran hərbçilərin şücaətinə söz ola bilməz. Elə bir məntəqə yoxdur ki, orada bərpa işləri aparılmasın...

Baş girləyən, düymə basan deputatların bu nəhəng həyat simfoniyasından danışmağa haqları yoxdur. Bilirsiniz niyə? Sadəcə olaraq bu qədər müsibətlərdən sonra, başı daşdan-daşa dəymiş Azərbaycan zəhmətkeşi ancaq gördüyünə inanır, boş-boş gəvəzələyən siyasi bambılını əsl vətənpərvərdən ayıra bilir. O yaxşı görür ki, Müzəffər çağırdığı Prezidenti kimlər təkləmək istəyir, kimin cinayətkar şəbəkəsi hələ ifşa olunub cəzasına çatmayıb. Allaha şükürlər olsun ki, hamının dolğun, hərtərəfli məlumat almaq imkanı var. Yaxşı deyiblər, cidanı çuvalda gizlətmək olmaz. Bəd əməl əvvəl-axır üzə çıxır. Amma bir iş var ki, bu gec baş verəndə Vətənə ziyan dəyir, cəzasızlıq sindromu fəlakəti yetişdirir.

Xalqın inamı qırılır, artıq hamı ağına-bozuna baxmadan bütün dövlət adamlarını naqis və günah sahibi kimi görür. “Tərtər işi” ilə bağlı söhbətləri çoxdan eşidirdim. Açığını deyim, bəzi nüanslara, çıxışlara inanmaq istəmirdim. Necə yəni, dərd-sər içində  çapalayan ölkədə yüzlərlə insan işgəncəyə məruz qalır? Gen dünyanı insanların başlarına dar etmiş müstəntiqlər, hakimlər, prokurorlar heç bir şey baş verməmiş kimi sərbəst gəzirlər? Öz-özümə deyinirdim ki, nəqafil içimdən elə bil sədayi-qaibanə qalxdı, ay bədbəxt, sənin özünü 20 ay qocalıq təqaüdündən mərhum  etmədilər? Bu iqtidar üçün illər boyu özünü oda-közə vurdun, indi pulsuz-parasız quru yerdə qalmadın? Sən özün yazmamışdın ki, bu torpaqda elit fahişənin hörməti əsgərdən üstündür? 400 nəfərə işgəncə verilib, on üç nəfər ölüb, mən hələ mənən şikəst edilənlərdən, əzablardan müxtəlif xəstəliklərə düçar olanlardan danışmıram. Heç bir hissiyata qapılmadan cürətlə deyirəm, ciyərparələri gözləri qarşısında alçaldılmş, həqarətə məruz qalmış anaların, qız-gəlinin yana-yana yağdırdıqları lənət və qarğışın qarşısında heç bir üsuli-idarə duruş gətirə bilməyəcək. Vay o gündən ki, saçlarını yolan, üzlərini cıran anaların naləsi qəbuli-dərgah olsun! Dindən, imandan az-maz başı çıxanlar nə dediyimi başa düşərlər.

...Bu gün ayın 22-dır(Məqələ 22 apreldə qələmə alınıb – red.). Şuşada “Zəfər qurultayı” çağırılıb! Bu müqəddəs yurd uğrunda canlarını fəda edənlərin ruhları şad olsun! Bu torpağı illər ərzində murdarlamış giyenaları cəhənnəmə vasil edən kişilərə Allah-təala uzun ömür və səadət bəxş etsin!

Səhhətim mənə imkan vermir ki, Şuşaya gedim, amma ixtiyar sahibi olsaydım bu otuz il ərzində araqarışıqlıqdan istifadə edərək ölkəni talan və tarac edənləri, riyakar məddahları, “ziyalı”, “millət vəkili” sözlərini çirkaba batıranları, siyasi buqələmunları Şuşaya yaxın buraxmazdım.

Nə yaxşı ki, hər gün qiyafətlərini dəyişsələr də xalq onları yaxşı tanıyır.

Firuz HAŞIMOV


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya