Saat:20:01
Haqqımızda

“Ondan sonra yaşamırıq…” – Hökümənin atasından ürəkdağlayan sözlər

2025-12-02 16:02:28

“Ondan sonra yaşamırıq…” – Hökümənin atasından ürəkdağlayan sözlər

“Həyətimizdə muzey tikmişik, Hökümənin hər şeyini orada saxlayırıq. Qızımdan sonra yaşamırıq, sadəcə nəfəs alıb veririk. Onsuz necə çətin olduğunu sözlə ifadə etmək mümkün deyil”.

Hurriyyet.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.

O bildirib ki, ailəsi ilə birgə bir dəfə qəzanın baş verdiyi yerə gedib baş çəkiblər:

“Qazaxıstanda dekabrın 19-da onları yad etmək üçün tədbir keçiriləcək. Mən getməsəm də, yoldaşımla oğlum gedəcəklər. Qəza yerində təyyarə formasında heykəl qoyublar.

Qəzaya səbəb olanlara ən böyük cəzanın verilməsini istəyirəm. Onların üzrxahlığı yox, cəzalanması lazımdır”.

Qeyd edək ki, Hökümə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşərək, Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veyselov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra, 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Təhsilini magistr və doktorantura pillələrində də davam etdirən Hökümə, 2016-cı ildən etibarən Azərbaycan hava yollarında işləməyə başlayıb. Əvvəlcə tərcüməçi olaraq fəaliyyətə başlayan Hökümə daha sonra Azərbaycan Hava Yolları (AZAL) şirkətində stüardessa kimi işə davam edib. O, Azərbaycan Hava Yolları (AZAL) şirkətində hüquqşünas kimi fəaliyyətə başlayacaqdı.

33 yaşlı Hökümə Əliyeva sosial şəbəkədə yayılan təyyarə görüntülərində son ana qədər sərnişinlərə təlimat verib və onlara “Hər şey yaxşı olacaq” deyərək, təmkinli olmağa səsləyib.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olmuş pilotlar İqor Knyankin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.

Prezident İlham Əliyevin “Embraer 190” tipli sərnişin təyyarəsində qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında 29 dekabr 2024-cü il Sərəncamına görə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunub.