On bir ayın sultanı və ya milli dəyərlərimizin əks edildiyi müqəddəs ay

2022-05-03 12:59:00

On bir ayın sultanı və ya milli dəyərlərimizin əks edildiyi müqəddəs ay

Ramazan bayramı hər bir müsəlmanın böyük həvəslə gözlədiyi dini bayramlardan biridir. Bu bayrama Azərbaycanda da böyük maraq vardır. Müsəlman dünyasında Ramazan “Ayların sultanı” olaraq da adlandırılır. İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir. Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için, sonra gecəyə qədər orucunuzu tamamlayın”. Qafqaz Müsəlmanları İdarəsinin fətvasında isə deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Müqəddəs ay insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur. Bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramıdır. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

 

Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir

 

Müqəddəs Ramazan ayı müsəlmanlara hicrinin ikinci (622-ci il) ili təyin edilmişdir. Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə, bu hadisə ayın 23-dən 24-nə keçən gecə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sülhdür". Ərəb dilindəki oruc mənasını verən “səum” sözü bütün dünya müsəlmanları arasında işlədilir. İslam ensiklopediya lüğətinə əsasən ərəb dilində bu söz  gün batana qədər yemək, içməkdən çəkinmə anlamına gəlir. Ramazan ayında tutulan oruc İslam dininin əsaslarından biridir. Orucun zəruriliyi haqqında Quranda birbaşa göstəriş vardır və deyilir: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ulu öndər Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.

 

Bu bayram ərəfəsində uşaqların sevincinə daha çox üstünlük verilir

 

Ramazan bayramının əsas özəlliyi qonşuların, dostların və qohumların ziyarət səfərlərinə toplaşması, bir-birlərini yad etmələridir. Bəzən şəhərlərdə yaşayanlar bayramlardan istifadə edib kəndlərdə yaşayan ağsaqqallarına, qohumlarına baş çəkirlər. Gənclər böyüklərin əllərindən öpür, xeyir-dualarını alırlar. Əl öpən uşaqlara pul və hədiyyələr vermək də adətlərdən biridir. Çünki uşaqların sevincinə bu bayram ərəfəsində daha çox üstünlük verilir. Ramazan bayramında ziyarətçilərə konfet təklif olunur. Bu səbəbdən Ramazan bayramınına uşaqlar “şəkər bayramı” da deyilir. 10-cu əsrdə yaşamış Harezm alimi Biruninin verdiyi məlumata görə, bayramlarda şirniyyat təqdim edilməsi ənənəsi Novruzdan gəlir. Belə ki, Cemin Novruz günündə şəkər qamışından şirin suyu tapması və ondan şəkər çıxarması ilə Ramazanda konfet təklif olunması ənənəsi bir-biri ilə əlaqələndirilir. Əvvəllər yalnız Novruzda şirniyyat verilirdisə, sonralar eyni ənənə digər bayramlarda da tətbiq olunmağa başladı. Hətta Türkiyə və bir çox müsəlman dövlətlərində Novruzda çərşənbə və bayram günündəki “papaq atma” adətinin yerinə yetirildiyini də görə bilirik. Ramazan bayramında da uşaqları qapıları tək-tək gəzərək bayram şəkəri toplayırlar.

 

İsveç və İslandiya müsəlmanları 20 saat oruc saxlayırlar

 

Dünyada təxminən 1.6 milyard müsəlman var, amma onlar Ramazan zamanı müxtəlif saatlarda oruc tuturlar. Yaşadığı yerdən asılı olaraq bəzi müsəlmanlar daha çox oruc tuturlar. Məsələn, Avstraliya müsəlmanları ən qısa vaxt oruc tuturlar, onların ibadəti təxminən 9 saat təşkil edir, halbuki İsveç və İslandiya müsəlmanları 20 saat oruc saxlayırlar. Əgər mömin ramazan zamanı öz ölkəsində deyilsə, olduğu ölkənin vaxtı ilə oruc tutmalıdır. Qütb bölgələrində olan müsəlmanlar davamlı gün səbəbindən oruc vaxtını ən yaxın şəhərin vaxtı ilə və ya  Məkkə vaxtı ilə uyğunlaşdıra bilər.

 

Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir

 

Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlandı.  Tarixboyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı da dünya müsəlmanlarının mübarək Ramazan bayramını könül xoşluğu ilə qeyd edir. Bu bayram günlərində Azərbaycan xalqı respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsini ehtiramla yad edir, hər yerdə şəhidlərimizin ruhuna dualar oxunur. Ramazan bayramı, həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Məhz bu birlik, həmrəylik dövlətimizin daha da güclənməsini təmin edəcəkdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Ulu Öndər xalqımıza Ramazan bayramının böyük coşqu və sevinclə qeyd olunması kimi müqəddəs bir ənənəni miras qoymuşdur. Bu gün bu ənənə ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bayram namazlarının ənənəvi qaydada qılınması məhdudlaşdırılmışdı. Bu il isə Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq. Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

 

Elşən Yəhyayev

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya