Saat:18:21
Haqqımızda

ÖMRÜMÜN QÜRUB VAXTINDA SUSAN DEYİLƏM - Namuslu insanları yaltaqlardan, pulgirlərdən, dörd-beş cəbhəyə qulluq edənlərdən ayırmağı bacarın...

2022-08-09 12:34:00

ÖMRÜMÜN QÜRUB VAXTINDA SUSAN DEYİLƏM - Namuslu insanları yaltaqlardan, pulgirlərdən, dörd-beş cəbhəyə qulluq edənlərdən ayırmağı bacarın...

Ürəyim yandığı üçün açıq danışmağa məcburam. Gündə neçə qibləsini dəyişə bilən, pulgir, qatilləri də, günahsız qurbanları da tərəzinin bir gözünə qoyub tərifləyən, soyğunçuluğunu məddahlıqla ört-basdır edən, bir yetimin də başına əl çəkməyən, xalqın nifrət dolu nəzərləri altında villalar ucaldan YAP-ın dələduzları ilə çox uzağa getməyəcəksiniz...

Bu illər ərzində dəfələrlə məndən soruşublar, ağsaqqal, hamı sizi “pambuq bəylərinin” qatı əleyhdarı kimi tanıyır. Mübarizəniz də amansız olub, heç kimə güzəştə getməmisiniz. Çap olunduğunuz məcmuə və qəzetlərin sayı-hesabı yoxdur. Özünüz dəfələrlə də demişiniz ki, Əli Həsənovun nəzarəti altında olan qəzetlər miskin makulatura olmaqdan savayı, həm də onun əlaltıları üçün pul dağarcığıdır.

Bəli, bu sözləri həmişə demişəm, indi də təkrar edirəm. Açıq deyəcəyəm, mən dərin ikrah və nifrət hissini məhz belə makulatura saydığım qəzetdə büruzə verə bilərdim. Əli Həsənovun “əlaltısı” Qafar Əliyev düz on il mənim qonorarımın yarısını “yedi”. İndi-indi məlum olur ki, illərlə bu qəzetdə can qoymuş əməkdaşların bütün iş stajı bihudə yerə batıb, qəzetin bütün işi fırıldaq imiş.

Özünü müxalifət adlandıranların yaxşısı ilə də, pisi ilə də düşmən oldum, “əl-ayağım” təmiz olduğu üçün bir müxalifət yazarı üzərimə gəlmədi. Həm yaşıma, həm də çəkdiyim əzablara, tərcümeyi-halıma hörmət etdilər. Yenə sağ olsunlar, bunlar YAP-ın ideoloqlarından kişi çıxdılar.

Məxləs, mətləbi uzatmıram, bir qərinə ərzində iqtidardan, dişlə-dırnaqla müdafiə elədiyim bu quruluşdan iki qara qəpiklik hörmət görmədim.

Bir ilin sözü olar, bir gün qapımı döydülər. Xatirəsi mənim üçün əziz olan, fani dünyadan köçmüş gözəl bir insanın oğlu gəlmişdi, qucağında da bir karton qutu.

- Firuz müəllim, atamın xatiri sizə əzizdir, bunu bilirəm. Bu humanitar yardımdır... alın, siz Allah inciməyin.

Dillənmədim, cavana bir söz də demədim, söyüş söyüb bu karton qutunu tullamadım. Axı bu cavanın günahı yox idi. Bir yerdə karton qutunu açdıq... içindəkilər bunlar idi: bir kilo tikə qənd, bir kilo vermeşil, bir bərni tomat pastası, bir litr günəbaxan yağı, balaca qutuda çay...

Pula pul deməyən, özləri bir yana, hətta nökər-naibləri üçün də hər şəraiti yaradan YAP-ın mənfur bandasının mənə “sağ olu” bu idi. Bu əmələ təhqir də demək mümkün deyildi. Bu açıqdan-açığa insanı alçaltmaq idi.  Məsəl var, deyərlər özü yıxılan ağlamaz.

...Sovet hakimiyyəti dövründə Bakıda Leninin, sosializm ideyalarının ən qatı barışmaz düşməni sayılırdım. Mədəniyyətimizin elə sahəsi yox idi ki, oraya baş vurmayım. Klassik irsin qorunması və öyrənilməsinə aid onlarla məqaləm işıq üzü gördü. Kitab plana sala bilməsəm də (buna imkan vermədilər), amma mətbuatda çıxış etməyimə mane olmadılar. Uzun illər ərzində kommunist rejimi nə çörəyimə toxundu, nə şəxsiyyətimi alçaltdı. Mənə ən ağır, dözülməz zərbəni müxtəlif şüarlar altında Heydər Əliyevin şəklini üzlərinə tutan şərəfsizlər vurdu.

260 manat pensiya alıram. Bu pulla nə adam kimi yaşamaq mümkündür, nə adam kimi müalicə almaq. Bu dağılmışda insan kimi basdırılmaq da müşkülə dönüb, bir məzar yerinin qiyməti deyilənə görə 1500 manatdan neçə min manata qədərdir. İki dəfə qəzet vasitəsilə birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdim. Pulgir, satqın hakimlər 20 ay qocalıq təqaüdümü əlimdən alıb, onu məşhur fırıldaqçı Elmira Axundovaya verdilər. 85 yaşlı bir veteran neçə ay çörək pulunu itiribsə, yəni onun bu torpaqda insan kimi basdırılmaq hüququ yoxdur? Yazdım ki, hörmətli xanım, göstəriş verin, məzar yeri üçün məndən, daha dəqiq desək balalarımdan pul almasınlar... O müraciət, bu müraciət, hörmətli xanımın dəftərxanasından səs də çıxmadı.

Bundan min qat beşbetər olaylarla üzləşəndən sonra vaxtilə verdiyim ittihamda haqlı olmağıma inandım, məmləkət doğrudan da naqislərin əllərindədir, ölkədə nə əməli-saleh qurum var, nə də məmur.

...Hər şey əvvəl-axır öz məhvərinə qayıdır. Bu kəlam Qurani-Kərimdən əvvəl nazil olmuş “Əhdi-Ətiqdən” götürülüb. Son vaxtlar ciddi-cəhdlə müstəmləkə ədəbiyyatının o dünyada olan nümayəndələrini, onların tarixin zibilliyinə atılmış əsərlərini “reanimasiya” etməyə başlayıblar.

Hamı bilir ki,  kommunist “fürerlər” Moskva irticasına sidqi-dillə qulluq edib, millətlərinin tam mənəvi deqradasiyaya uğraması üçün əllərindən gələni edən şair və yazıçıları yağ-bal içində saxlayırdılar. Ən yaxşı sanatoriya və kurortlar onların ixtiyarında idi. Ən yaxşı mənzillər də onlara verilirdi. Ötən əsrin 30-50-ci illərində Bakıda mənzil məsələsi demək olar ki, dözülməz idi. Alim tanıyırdım ki, dörd-beş baş külfəti ilə balaca otaqda yaşayırdı. Şəhərin düz ortasında isə altı otağı (özü də otaq nə otaq!) S. Vurğuna, M. Rahimə verdilər. Mən hələ başqa “korifeylərdən” danışmıram. Sovet hökuməti onları da razı salmışdı. Kommunist üsul-idarəsinin bəyənib yuxarı başa çıxartdığı rəsmi məddahların, ordenli manqurtların üstünə getmək ölümə bərabər idi. Amma, işdir şayəd birisi qəzəbə gəlsəydi ümumi komanda ilə hamı əl-ələ verib onu dimdikləyib ya gedər-gəlməzə yollayırdılar, ya da çərlədib öldürürdülər.

Bircə anlıq təsəvvür edin, 1969-cu ildə Yazıçılar İttifaqında qurulmuş “Linç məhkəməsində” əgər zavallı Xəlil Rza Ulutürkə “Sən xalqın düşmənisən!” ittihamı verilirdisə, görün məşum 30-40-cı illərdə bu “korifeylər” nə pəstahlardan çıxıblar.

... İllər keçib, başımıza bəlalar gəlib, mənfur bir rejimə canla-başla qulluq edib, düçar olduğumuz mənəvi deqradasiyanın təməlini qoyanları indi yenidən tərifləyib göyə qaldıranlar, yaxşı bilirəm, haranın, hansı qüvvələrin əmrlərini yerinə yetirirlər.

Bu konformist sürüsünü qandıran yoxdur ki, dünən Müşfiqi satan, Əhməd Cavada, Hüseyn Cavidə xalq düşməni deyən, neçə-neçə qələm sahibinin qol-qanad açmasına mane olmuş, gənc yazıçıların canına gəda viruslarını sala bilmiş unikumlarla vətənpərvərlik təbliğatı aparmağın özü cinayətdir.

Elementar ikrah hissi məni qoymur ki, efiri, telekanalları “Kubinkaya” döndərən qondarma “...şünasları” , “...loqları”  bir-bir rüsvay edim. Onlar elə bilirlər ki, əsas ifşaedici qovluqlar, sənədlərin hamısı Moskvaya aparılıb, qalanlarının başına həmin donosbaz ataların indi ixtiyar sahibi olmuş törəmələri daş salıblar. Xeyr, mənim əzizlərim, yanılırsınız. Bəsdirin səbrimizi dara çəkdiniz. Hələ nə qədər mənbə, sənəd məhv edilməyib, “Mədəniyyət” və digər kanallarda millətin gül kimi övladlarını keçi qiymətinə satanları tərifləyənlər bilsinlər ki, xalq onlar kimi pulgir və riyakar deyil.

Hörmətli Mehriban xanım!

Sizdən nə kömək istəyirəm, nə də sədəqə. Hələ neçə il bundan əvvəl yazmışdım ki, Siz savab əməllərinizlə bütün titullardan yüksəkdə durursunuz. Bu gün-sabah öləcək bir veteran kimi Sizə bəzi sözləri deməyə məcburam.

Azərbaycan dünyada yeganə dövlətdir ki, hər azğın, istədiyi vaxt Allahın dənizini kasıb-kusubun üzünə bağlaya bilir. Şərəfsiz məmurlar burada elə şərait yaradıblar ki, yoxsul bədbaxt çörək dərdindən daha çox harada, necə basdırılacağının fikrini çəkir. Türk-islam aləmində görünməmiş rəzalət baş verir, adi bir qəbir yerinin qiyməti beş yüz manatdan iki min, üç min manata qədərdir.

Azərbaycan musiqi mədəniyyətinin bel sütunu sayılan misilsiz muğamımızı məhvdən xilas etdiniz. Hələ başqa sahələrdə gördüyünüz nəcib əməllərdən danışmıram.

Yaxşı baxın, görün ideoloji iş kimlərin əllərindədir. Ürəyim yandığı üçün açıq danışmağa məcburam. Gündə neçə qibləsini dəyişə bilən, pulgir, qatilləri də, günahsız qurbanları da tərəzinin bir gözünə qoyub tərifləyən, soyğunçuluğunu məddahlıqla ört-basdır edən, bir yetimin də başına əl çəkməyən, xalqın nifrət dolu nəzərləri altında villalar ucaldan YAP-ın dələduzları ilə çox uzağa getməyəcəksiniz.

Mehriban xanım, atanız yaşda qocayam, mənə inanın, haqqına qazandığınız hörmət, izzət tariximizdə hər qadına nəsib olmayıb. Ətrafınıza, Sizin üsuli-idarənin sayəsində yağ-bal içində neynim demədən yaşayan, cəzasızlıq hissindən acgözləşən vampirəbənzər güruha da baxın. Müstəqillik uğrunda, qələbəmiz naminə min əzaba qatlaşan, bir dəfə də şikayət etməyən, hər dəqiqə də ölümə getməyə hazır olan əsl namuslu insanları yaltaqlardan, pulgirlərdən, dörd-beş cəbhəyə qulluq edənlərdən ayırmağı bacarın.

Firuz HAŞIMOV

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR