Saat:03:36
Haqqımızda

"ÖLÜ QALXIB FƏSƏLİ, TORT YEMƏYƏCƏK Kİ..." - Tural İrfan: “İslamda qəbir üstünə yemək, şirniyyat aparmaq kimi ənənə yoxdur” 

2024-09-25 14:55:48

Bəzi bölgələrdə və bəzi ölkələrdə qəbir üstünə yemək, şirniyyat, meyvə aparıb qoyurlar. Belə ənənə İslam dinində yoxdur.

Bu fikirləri Hurriyyet.az saytına açıqlamasında tanınmış ilahiyyatçı Tural İrfan söyləyib.

“Bu, İslamdan əvvəlki dinlərdən, əsasən şamanizmdən qalma adətdir. Qəbristanlıqda yemək yemək, namaz qılmaq, oranı dünya işlərinə vasitə qərar vermək dinimizdə doğru sayılmır. Qəbristanlıq axirət aləminin bu dünyadakı ibrət yeridir. Adi, sadə və standart məzarlar olmalıdır, təmiz saxlanılmalıdır, vəssalam.

Qəbir daşı qoymaq, hasar çəkmək, təmtəraq yaratmaq hələ qəbir üstündə talvar, günbəz tikmək, qəbir üstünə yemək, meyvə, şirniyyat aparıb düzmək olmaz. Bu, böyük günah və küfrdür. Dini təhrif etmək dindən çıxmaq qədər təhlükəlidir”.

İlahiyyatçı qeyd edir ki, istisna hal kimi ucqar yerlərdə rəhmətə gedən yaxınlarını ziyarətə gedənlər məzar üstünə dən, buğda səpirlər ki, quşlar yesin, sanki alqış etsin, bu da ölünün ruhu üçün xoş olsun:

“Yaxud müəyyən meyvə, şirniyyat qoyurlar ki, yoldan keçən yolçular, miskin adamlar, çobanlar, dərvişlər ehtiyac olsa ondan qidalansınlar, dua etsinlər. Bunu ölü üçün ehsan qismində edirlər. Amma bu da başqa dinlərdən keçmədir. Həmçinin, indiki dövrdə buna ehtiyacı olan yoxdur. Və heç kəs də qəbristanlıqdan nəsə götürüb yeməz. Həmin şirniyyatları orada it-pişik, qurd-quş dağıdır, məzarlıq çirklənir. Bir sözlə, bu, doğru adət deyil. Bunu əsasən cahil və dindən uzaq, savadsız adamlar edir. Adicə Fatihə surəsini, kəlimeyi-şəhadəti, hətta ölünün üstündə dua etməyi belə bilmirlər, ancaq daşı dəsmalla silib, şəklin üzündən öpüb ağlamağa başlayırlar. Amma İslamda ölü ziyarəti belə olmur. Ən azı əlini qaldıraraq dua edib, rəhmət diləmək lazımdır. İmkan varsa, su çiləmək kifayət edir. Yoxsa hoqqa çıxarmaq, şirniyyat aparmaq, fəsəli bişirmək kimi xurafatlara lüzum yuxdur. Ölü qalxıb fəsəli, tort yeməyəcək ki... Elə bu dünyada əhlini qırıb məhv edən həmin şirniyyatlardakı saxta yağlar, kimyəvi maddələrdir. Biçarə ölülər bu yerin üstündəki əzabdan canını güclə qurtarır, yerin altında da onlardan əl çəkmirlər. Ümumiyyətlə, belə işlər görmək lazım deyil.

Cəmiyyətimiz vəhşi tipdə yaşayır. Qəbirləri hasara alırlar. Bu, daş dövrünün mağara təfəkküründən qalmadır. Hərə ölüsünə dağ boyda qara daş qoyur. Sonra da aparıb üstündə məqbərə tikir, yemək, şirniyyat qoyur. Bu böyük günahdır və qəbirdə ölüyə işgəncə verməkdir. Ölünün ruhu bu şeylərdən əzab çəkir. Çünki Peyğəmbərdən hədis var, buyurur ki, ölü ona ağlayanlar susana qədər əzab çəkir”.

T.İrfan vurğulayır ki, bu cür əməllər mövhumat, xurafat və cəhalətdir: “Dinimiz də düzgün təbliğ edilmir. İrançı mollalar məscidlərə dolub, yalnız siyasi İslamı mənimsəyiblər. Şübhəsiz ki, onlar heç bir dini, mənəvi dəyəri düzgün çatdıra bilməzlər. Dinimizi əhaliyə sağlam şəkildə çatdırmaq, xurafatlardan çəkindirmək üçün irançı olmadıqlarına görə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təcrid edilmiş, boykot edilmiş sağlam, vətənpərvər ilahiyyatçıların təbliğatına, dini dəyərləri normal şəkildə maarifləndirməsinə şərait yaradılmalıdır”

Aynurə İSMAYIL

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207243