Ölməzliyə qovuşan qəhrəman - Şəhid Elçin Novruzovun anım günü qeyd olundu
“Mən həyatımı çəkəcəkdim”. Masallı-Tarix Diyarşünaslıq Muzeyində baş tutan eyniadlı tədbir Vətən müharibəsinin şəhidi Elçin Qismət oğlu Novruzovun anım gününə həsr edilmişdi. Muzeyin, Mərkəzi Kitabxana, eləcə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astata Regional nümayəndəliyi Masallı bölməsinin birgə təşkilatçılığı sayəsində baş tutan anım tədbirinə təşkilatçı müəssisələrin əməkdaşları və gənclər qatılmışdı.
Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, ardınca ilk söz alan muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrin əsgəri Elçin Qismət oğlu Novruzovun həyat və döyüş yolu haqqında geniş məlumat verərək dedi: - Ölməzliyə qovuşan, şanlı tariximizin qəhrəman oğlu Elçin Novruzov 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olub. Masallıya gələrək 2007-ci ildə Ə. Məmmədov adına Öncəqala kənd orta məktəbini bitirib. Vətən müharibəsində könüllü olaraq iştirak edən Elçin Füzulinin azad edilməsi uğrunda gedən ağır döyüşlərdə vuruşub. Düşmənə qan uddurub, onlarla canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Elə burada şəhadətə ucalıb. 16 noyabr 2020-ci ildə Masallının Hüseynhacılı kəndində torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və digər medallara layiq olub. Elçin mənən qəlblərdə yaşayacaq, hər an xatırlanacaq...
Söz şəhidin anası Şəhrəbanu xanıma çatanda o, övladı ilə qürur duyduğunu dedi, bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Azərbaycan xalqına razılığını söylədi.
Prezident İlham Əliyevin və qəhrəman Vətən övladlarının qətiyyəti sayəsində 30 il yağı tapdağının altında qalan müqəddəs yurd yerimiz Qarabağın düşmən işğalından azad edilməsi, ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu vurğulayan kitabxananın baş biblioqrafı Günay Xəlilova, muzeyin elmi işçisi Dilguşə Məmmədova onu da qeyd etdilər ki, vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyəti olduqca böyükdür.
Sonda tədbirin iştirakçıları şəhid Elçin Novruzovun muzey fondunda qorunan şəxsi əşyaları ilə tanış oldular və xatirə şəkilləri çəkdilər.
Zəfər ORUCOĞLU