"Ölkəyə gətirilən avtomobillərin ortalama qiyməti artıb" - NATİQ CƏFƏRLİ

2023-01-26 11:02:00

"Güzəşt elan olunan kimi ölkəyə gətirilən elektrikli avtomobillərin sayı kəskin artıb, amma dünya ölkələri ilə müqayisədə çox azdır"

"2022-ci ildə Azərbaycana 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub, ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 1 mlrd. 57 mln. 800 min dollar olub. Yəni, ortalama hər avtomobilin qiyməti 14184 dollar olub. Maraqlı məsələ odur ki, saya görə 2022-ci ildə 2021-ci ilə nisbətən 13,1% az olsa da, dəyər ifadəsində 2022-də 2021-ci ilə nisbətən 18,2% çox artım olub". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, bu, o deməkdir ki, ölkəyə gətirilən avtomobillərin də ortalama qiyməti artıb: "Ölkəyə 155,4 mln. dollarlıq 11337 ədəd hibrid, 17,7 mln. dollarlıq 486 ədəd sırf elektriklə işləyən maşın gətirilib. Elektriklə çalışan maşınların sayı keçən il 2021-ə nisbətən 3 dəfə artıb. Ötən il elektriklə işləyən maşınlara rüsumlarla bağlı güzəşt elan edildi, amma son 3 ildə istehsal edilən maşınlara bu güzəştlər tədbiq edilir. Güzəşt elan olunan kimi ölkəyə gətirilən elektrikli avtomobillərin sayı kəskin artıb, amma dünya ölkələri ilə müqayisədə çox azdır, cüzidir. Səbəbi də odur ki, 3 illik istehsal məhdudiyyəti məntiqsizdir – benzin/dizellə çalışan yeni avtobobillərə təşviq təyin etməyin məntiqi var, yeni avtomobillər ekoloji olaraq daha az zərərli olurlar".

Natiq Cəfərli hesab edir ki, elektriklə işləyən maşınlara belə yanaşma absurddur: "2010-cu il istehsalı elektrikli maşınla 2020-ci il istehsal tarixi olan elektrikli maşının ekoloji cəhətdən heç bir fərqi yoxdur. Hər ikisi elektriklə işləyir, hər ikisi ekologiyaya ziyan vurmur, çünki eyni texnoloji məntiqlə çalışırlar. Ona görə də, hökumət elektrikli maşınlara tədbiq etdikləri 3 illik istehsal təşviqi msəsləsinə yenidən baxmalı, bu məsələ, ən azı son 10 il istehsal tarixi olan maşınlara tədbiq edilməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.185168