Saat:03:03
Haqqımızda

“Ölkədə qiymət artımı idarəolunmaz prosesə çevrilib…”

2022-01-18 10:36:00

“Ölkədə qiymət artımı idarəolunmaz prosesə çevrilib…”

Vahid Məhərrəmov: “Artımın səbəbini dünya bazarları ilə əlaqələndirə bilməzlər…”

“Monoploistlər qiymətləri daha çox artırmaqda maraqlıdırlar”

“İlham Əliyevə yalan məlumat verirlər ki, biz quş əti ilə özümüzü 80 faizə çatdırmışıq…”

“Torpaqları elə bir vəziyyətə salıblar ki, oraları yenidən bərpa etmək uzun illər mümkün olmayacaq”

“Məhsuldarlıq artmaq əvəzinə, getdikcə azalmağa doğru gedir. Belə olan halda əldə edilən ətin maya dəyəri də artır. Bu da hökümətin uzun illər apardığı siyasətin nəticəsidir”

Son günlər istehlak bazarında ətin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılır. Bəzi ət satışı məntəqələrində dana və quzu ətinin satış qiyməti artırılıb. Satıcıların bildirdiyinə görə, kiloqramı 11 manata satılan dana əti 13-14 manata, 14 manata satılan quzu əti 15-16 manata təklif edilir.

Paytaxtdan sonra ətin qiymətində olan artım dalğası bölgələrə də çatıb. Satıcılar qiymət artımını fərqli səbəblərlə izah edirlər. Onların sözlərinə görə, heyvan yemindəki qiymət artımı fermerlərə təsir etdiyi üçün onlar da heyvanları baha satırlar. Bəzi heyvandarlıqla məşğul olan sahibkarlar bildirir ki, ət məhsullarına tələbat artır, yerli istehsalın da yetərincə zəif olması səbəbindən tələbat tam ödənilmir. Bu da qiymət artımına səbəb olur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov mövzu ilə bağlı "Hürriyyət"in suallarını cavablandırıb:

- Vahid bəy, sizcə, ətin qiymətinin artması gözlənilirdi?

- Bəli, ət məhsulunun qiymətinin bahalaşması gözlənilirdi. 2015-ci ildən bəri ətin qiyməti iki dəfə qalxıb. Hətta Dövlət Statistika Komitəsinin ətin qiyməti ilə bağlı statistikası var. Statistikada 2015-ci ildən bəri olan qiymətlər göstərilib. Həmin statistikada mal və qoyun ətinin artım qiyməti göstərilir. Rəqəmlər göstərir ki, 2015-ci ildən qiymətlərdə iki dəfə artım olub.

 

 - Bəs artımın səbəbi nədir?

- Artımın səbəbini dünya bazarları ilə əlaqələndirə bilməzlər. Deyə bilməzlər ki, dünyada ətin qiyməti qalxıb, Azərbaycanda da bu səbəbdən qalxıb. Bunu deməyə əsas yoxdur. Ona görə ki, biz dünya bazarında təklif edilən dondurulmuş ətdən az istifadə edirik. Daha çox yerli ətdən istifadə edirik. Bunu dünya bazarı ilə əlaqələndirmək cəfəngiyyat olardı.

- Necə düşünürsüz, Azərbaycan yemə olan tələbatını ödəyə bilirmi?

- Azərbaycan yemə olan tələbatını ödəyə bilmir. Bu da ətin qiymətinin bahalaşmasına səbəb olur. Yem istehsalı Azərbaycanda kifayət qədər deyil. Ölkəmizdə yem bazası heyvandarlıq üçün nəzərdə tutulmayıb. Söhbət keyfiyyətli yemdən gedir. Bu səbəbdən heyvandalıqla məşğul olan sahibkarlar yemi baha almalı olurlar. Bu da ətin maya dəyərinə təsir edir. Artıq Qarabağ işğaldan azad olunub. Hətta bəzi ərazilərdə heyvandarlıq sahələri yaradılıb. Əvvəllər istifadə olunmayan örüş sahələri də istifadə edilir. Artıq 7-8 aydır ki, heyvanlar örüş sahələrinə çıxarılıb və otarılır. Demək olar ki, yeni imkanlar mövcuddur.

- Bəs bu cür imkanlar varsa ətin qiyməti niyə qalxır?

- İşğaldan azad etdiyimiz torpaqlar da bizi bu vəziyyətdən çıxartmayacaq. Ərazinin mövcudluğu o demək deyil ki, hər hansısa bir ölkə özünün yemə olan ehtiyacını ödəyə biləcək. Məsələ burasındadır ki, bu torpaqlarda iş görmək lazımdır. İş görmək lazımdır ki, məhsuldarlıq artsın. İqlim dəyişikliyi baş verir. Nəticədə suvarmada problemlər yaranır. Hazırda sahələrə suvarma kanalları çəkilib. Əgər bunlar olmasa məhsuldarlıq olmaz. Belə olan halda, əksinə olaraq məhsuldarlıq aşağı düşəcək. Heyvanların da baş sayı getdikcə artır və ərazilər yüklənir. Prezident yerli telekanallara müsahibəsində deyib ki, əvvəl ölkəmizdə süd istehsal edilməyib. Ola bilsin ki, məlumatı düzgün bilmirlər. Hər halda məlumatı prezidentə ötürən məmur olub. Görünür ki, məmur bakılı olduğuna görə məlumatsızdır. Amma Azərbaycan sovet dövründən bəri süd istehsal edib. O vaxtı yerli təsərrüfatlarda istehsal edilən süd statistikaya düşməyib. Həmin dövrlərdə fərdi təsərrüfatlarda daha çox süd istehsal edilib. Onu da qeyd edək ki, sovet dövründə ət daha çox istehsal edilib. Əhali az idi, təxminən 5-6 milyon civarında olub. Hazırda isə əhalinin sayında iki dəfə artım olub.

Fermerlər su problemlərini həll edə bilməzlər. Örüş sahələri dövlətə məxsus ərazilərdir. Hələ xəbərdalıq da edilib ki, örüş sahələrinə kotan salmayın. Çünki gələcəkdə həmin ərazilərdən səmərli istifadə etmək olmayacaq. 2020-ci ildə yüz min hektara yaxın torpaq sahəsini əkin məqsədilə dövriyyərə buraxdılar. Düzdür ki, həmin ərazilərdə buğda əkini həyata keçirildi. Nəticədə sözügedən sahələrdən bir kq da olsa buğda əldə edə bilmədilər. Təsəvvür edin ki, yüz min hektardan bir kq buğda əldə etmədilər. Çünki həmin torpaqların münbitləşməsi istiqamətində heç bir tədbir görülməmişdir. Onların pula olan hərisliyi gözlərini yumdu. Torpaqları elə bir vəziyyətə salıblar ki, oraları yenidən bərpa etmək uzun illər mümkün olmayacaq. Həmin əraziləri bərpa etmək üçün orda paxlalı bitkilər əkərək becərmək lazımdır. Bu üsulla əraziləri bəpra edə bilərlər.

- Qiymət artımında daha çox kimlər maraqlıdır? Sizcə, bəzi işbazlar da bilərəkdən qiymətləri artırırlar?

- İndi istəyirlər ki, Qarabağ ərazilərini də bu üsulla becərib pul əldə etsinlər. Bu üsullarla heyvandarlığı inkişaf etdirmək mümkün olmayacaq. Əvvəl ətin qiyməti 10 manat olmuşdusa, indi 15 manat olub. Əgər kifayət qədər yem bazası olardısa və ət istehsalı artardısa bunlar baş verməzdi. Deməli, yem bazası zəif olduğuna və bu sahədə süni problemlər yarandığına görə məhsuldarlıq mümkün olmur.

Bütün bunlarla bərabər pambıqçılıqda da məhsuldarlıq aşağı düşüb. 2019, 2020 və 2021-ci illəri müqayisə etdikdə görərik ki, buğda məshulanda 80 min tona yaxın azalma var. Məhsuldarlıq artmaq əvəzinə, getdikcə azalmağa doğru gedir. Belə olan halda əldə edilən ətin maya dəyəri də artır. Bu da hökümətin uzun illər apardığı siyasətin nəticəsidir. Təəssüf ki, qiymət artımı hələ də artmaqda davam edir. Marketlərə girdiyimiz zaman müşahidə etdiyimizdə görərik ki, həftədə bir dəfə qiymətləri artırırlar. Bu da bəzi işbazlar üçün fürsətdir. Monoploistlər qiymətləri daha çox artırmaqda maraqlıdırlar. Bu dəfə ətin qiyməti qalxıbsa, gələn dəfə kolbasanın qiyməti qalxa bilər. Toyuq məhsullarının qiyməti niyə qalxmasın?... Buğdanın qiyməti qalxıb. Belə olan halda sahibkarlar qiymətləri qaldıra bilərlər. Fikir versəniz görərsiz ki, quş əti istehsalında bütün istehsal vasitələri xaricdən gətirilib.

- Necə düşünürsüz, Kənd Təsərrüfatı Nazirliyi məhsuldarlığın artması ilə bağlı hansısa işlər görürmü?

- Təəssüf ki, qiymət artımı hələ davam edir. Həmişə 90 qəpiyə aldığım kəsmiyi hazırda 1,80 AZN-ə ala bilirəm. Hələ 1,80 AZN-ə kəsmiyin ən ucuzudur. Daha baha qiymətə olanları da var. Ən azı quş əti istehsalında qiymətləri sabit saxlamaq lazım idi. Əhalinin xərcləri ilə yanaşı, istehsalçının da xərcləri artır. Hazırda ət alanların sayı azalmağa doğru gedir. Bu da ət istehsalçılarının gəlirlərinə təsir edir. Onların gəlirləri azaldıqca qiymətləri qaldırırlar. Belə yollarla qazanclarını artırmağa çalışırlar. Artıq bu idarəolunmaz prosesə çevrilib. İlham Əliyevə yalan məlumat verirlər ki, biz quş əti ilə özümüzü 80 faizə çatdırmışıq. Amma keçən il prezident deyirdi ki, biz 100 faiz özümüzü quş əti ilə təmin edirik. Ölkə başçısı ziddiyyətli rəqəmlər səsləndirir. Bir-birinə uyğun gəlməyən rəqəmlərdir. Reallıqda vəziyyət başqa cürdür. Kənd Təsərrüffatı Nazirliyi qiymətin artımının səbəbini hələ də cavablandıra bilməyib. Bu nazirliyi idarə edənlərin içində bir nəfər də olsa aqronom, zootexnik və baytar həkimi yoxdur. Çünki kadr siyasəti düzgün aparılmır. Qeyri-peşəkarlarla iş görülür. Qeyri-peşəkarlar da prezidenti yalan məlumatlarla aldadır.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR