Saat:10:53
Haqqımızda

OLİQARX OĞLU ÇOXSAYLI “XAHİŞLƏRDƏN” SONRA MƏHKƏMƏYƏ GƏLDİ – "Sea Breeze"dəki davanın təfərrüatları məlum oldu

2023-12-01 14:13:28

OLİQARX OĞLU ÇOXSAYLI “XAHİŞLƏRDƏN” SONRA MƏHKƏMƏYƏ GƏLDİ –

Noyabrın 30-da Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə "Sea Breeze" istirahət mərkəzində oliqarx övladlarının iştirakı ilə baş verən kütləvi dava ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məlumat üçün bildirək ki, bu ilin iyununda "Sea Breeze"də baş verən kütləvi dava ilə bağlı 3 cinayət işi başlanıb və sözügedən hadisənin iştirakçıları bir cinayət işi üzrə zərərçəkən, digər cinayət işi üzrə isə təqsirləndirilən şəxs qismində çıxış edirlər...

Belə ki, birinci cinayət işində Elnur Məmmədov tərəfindən təhqir edilən, avtomobili əzilən Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cu sinif şagirdi təqsirləndirilən şəxs, Elnur Leysan oğlu Məmmədov və dostu Cavad Vahid oğlu Muradov isə zərərçəkən kimi tanınıblar. İkinci cinayət işində isə Elnur Məmmədovun dostu Cavad Vahid oğlu Muradov və Şamxal İlham oğlu Məmmədov təqsirləndirilən şəxslər, Elmir Üzeyir oğlu İsmayılov, onun qardaşı Elgün Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə və Məhəmməd Natiq oğlu Həsənzadə zərərçəkəndirlər.

İstintaqı davam edən üçüncü cinayət işində isə Elnur Leysan oğlu Məmmədov və hazırda axtarışda olan digər şəxslər təqsirləndirilən şəxs statusundadırlar. Maraqlıdır ki, Elnur Məmmədov barəsində cinayət işi başlansa da, o istintaq tərəfindən zərərçəkən kimi tanınıb.

Hazırda ilkin olaraq araşdırılan bu qalmaqallı cinayət işi üzrə Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və məktəbli M.Ə təqsirləndirilən şəxsdirlər. Hazırda məktəbli xaric, digər 3 şəxs həbsdədir. M.Ə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib.

Cavad Muradov və Elnur Məmmədov isə zərərçəkəndirlər.

Bu vaxta qədər məhkəmədə cəmi bir dəfə iştirak edən, hakim Mirheydər Zeynalovun çağırışlarına məhəl qoymayan Məmmədov Elnur Leysan oğlu məhkəmənin çoxsaylı "xahişlərindən" sonra zərərçəkən kimi tanındığı iş üzrə məhkəmə prosesində ikinci dəfə iştirak etmək qərarına gəlib. Bu dəfə də qardaşına məxsus “TT Fight Club” adlı döyüş klubunda məşq edən idmançı dostlarının əhatəsində məhkəməyə gələn Elnur, dövlət ittihamçısının və təqsirləndirilən şəxslərin vəkillərinin suallarını cavablandırarkən növbəti dəfə Elmir İsmayılovu vurduğunu etiraf edib: "Ailəliyəm, 2 övladım var. İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətində çalışsam da, artıq oradan ayrılmışam. Təqsirləndirilən şəxslərlə aramızda heç bir ədavət yoxdur. Hadisə günü Vüqar və Cavadla birlikdə Jah Khalib adlı müğəninin konsertinə getmişdik. Arxamızdakı masada isə Elmir və 2-3 nəfər dostu əyləşmişdi. Hadisəni tam xatırlamıram. Hər şey çox sürətli baş verdi. Vüqar Elmiri bizim masamıza dəvət etdi. Elmir və dostları bizim masamıza yaxınlaşdılar. Bu zaman Elmirlə aramızda münaqişə baş verdi. Elmirə bildirdim ki, xoş gəlirsən, ancaq yoldaşların gəlməsin. Daha sonra ortaq dostumuz olan Vüqar bizi barışdırmaq istədi. Dava isə restoranın çölündə oldu. Dayanacaqda üz-üzə gəldik və bu zaman Elmir mənə yumruq atdı. Zərbə gözümün alt nahiyəsinə dəydi. Bu zaman yerə yıxıldım. Özümü müdafiə edən zaman mən də Elmirə yumruq zərbəsi endirdim. Bu zaman hər ikimiz də içkili idik. Dalaşdıq, sonra da avtomobilə əyləşərək oradan ayrıldım"

Elnur Məmmədovun əksər suallara “bilmirəm”, “xatırlamıram” kimi cavablar verməsi hakimi özündən çıxarıb: “Sizə xəbərdarlıq etdim ki, yalan ifadə verməyə görə cinayət məsuliyyyətinə cəlb oluna bilərsiz. Burda 4 nəfər cinayətdə təqsirləndirilir. Siz də zərərçəkmiş kimi tanınmısız. İndi gəlib deyirsiz ki, xatırlamıram. Onda belə çıxır ki, bu adamlara əsassız ittiham verilib?!”. İttihamda yazılır ki, Elnur Məmmədov hadisə vaxtı huşunu itirib. Məhkəmədə vəkilin eyni sualına cavab verərkən isə huşunu itirmədiyini bildirib.

E. Məmmədov öncədən E. İsmayılovla şəxsi tanışlığının olmadığını, onunla cəmi bir dəfə "Samovar" çay evində görüşdüyünü deyib.

Təqsirləndirilən Elmir İsmayılovun vəkilinin "Elmiri 15 nəfər döyüb?" sualına Elnur "bilmirəm" cavabını verib.

Zərərçəkən şəxs bildirib ki, daha sonra Elmirlə aralarında barışıq əldə olunub və onu şikayət etmək kimi bir fikri olmayıb.

"Davadan sonra Elmiri şikayət etmək fikrim yox idi. Cavada Sabunçu Rayon Polis İdarəsindən zəng gəlmişdi. Dedi ki, "sən də orda olmalısan". Özüm yaxınlaşdım polis bölməsinə", - deyə o bildirib. 

Elmir İsmayılovun vəkili Elnurun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib. Vəkil deyib ki, bundan əvvəl təqsirləndirilən şəxslərin hər birinin əvvəlki ifadəsi elan olunub. Buna görə də zərərçəkmişin də ifadəsi elan olunmalıdır. Hamıya maraqlıdır ki, niyə görə Elnurun işi ayrıca aparılır. Hakim “əvvəlki ifadənin elanına zərurət yoxdur” deyərək vəsatəti təmin etməyib. 

Prosesin davamında təqsirləndirilən şəxslərdən 3-ü sərbəst ifadə verib. Elmir İsmayılov ifadəsində deyib ki, hadisə günü Elnur Məmmədov dostları ilə birgə onu əyləşdiyi masadan kənara çağırıblar. Bu vaxt onlar arasında mübahisə yaranıb, onu döyməyə başlayıblar: “Hadisə “parkovka”da baş verdi. Mənə söyüş söyən də o idi. Amma mən cavab qaytarmadım. Hisslərimi içimdə boğdum. Elnur dostları ilə birgə üstümə hücum etdi. Bir neçə nəfər idilər. Davanı Elnur başlatdı. Üstündən bir az keçəndən sonra qardaşıma zəng etdim ki, gəlin məni götürün. Mən uşaqları ora davaya çağırmamışdım. Səhəri gün Elnur məni görüşə çağırdı. Məndən üzr istədi. Ondan sonra eşitdim ki, gedib polisə şikayət edib”

Prosesin davamında bu iş üzrə zərərçəkmiş Cavad Muradovun Elnur Məmmədova üz tutaraq “hadisə gününün səhəri kafedə bir nəfərə demisən ki, davanın videosu yayılıb, gəlin kimisə “rasxoda” qoyaq”,- deməsi Elnurun nalayiq şəkildə reaksiyasına səbəb olub. O, elə bir söz demədiyini bildirib. E.Məmmədovun iclas zalında kobud danışmasına hakim sərt reaksiya verib: “Sən deyəsən, buranı olduğun başqa yerlərlə səhv salmısan. Məhkəmə söyüş söymək yeri deyil”. 

C.Muradov E.Məmmədovla üzləşməsində ondan hər şeyi necə var danışmasını istəyib: “Kişi kimi danış, orda dava necə başladı? Sən pis söyüş söydün, ona görə… Onun səhəri biz gedib restoranda oturduq, sən Elmirdən üzr istədin. Elmirə dedin ki, nə söyüş söymüşəmsə özümə getsin. Barışıqdan sonra da gedib şikayət verdin. Məsələ belə olub”.

Sonra təqsirləndirilən Elmir İsmayılov E. Məmmədovdan avtomobilinə zərər verib-vermədiyini soruşub. İsmayılov cavabında belə bir şey etmədiyini deyib.

Elmir İsmayılov hadisə zamanı baş verənlərlə bağlı ifadəsində deyib ki, hər şey Elnurun söyüş söyməsindən sonra başlayıb.

"3-4 nəfər dostumla birlikdə konsertdə idik. Elnurgilin masasına yaxınlaşan zaman o söyüş söydü. Daha sonra Vüqar Elnurun qohumu olduğunu deyərək üzr istədi. Hesabı ödəyib restorandan ayrılan zaman Elnur məni kənara çəkdi. Bu zaman söyüş söyərək məni vurdu. Elnur və onun hazırda axtarışda olan 6 dostu məni döydülər. Sonra qardaşıma zəng vuraraq dalaşdığımı və məni xəstəxanaya aparmalarını xahiş etdim. Sonradan məlum olub ki, qardaşım və onun iki dostu ora gəlsələr də, məni tapa bilməyiblər. Məni axtaran zaman oradakı kütlənin içində olduğumu zənn edib, onların aralarına giriblər və dava baş verib. Bu zaman qardaşım Elgünü döyüblər. Sosial şəbəkələrdə yayılan videonun heç bir kadrında mənə aid görüntü yoxdu. Çünki orada olmamışam. Avtomobilə əyləşərək oranı tərk etmişəm. Məni xəstəxanaya Nicat adlı ayıq sürücü aparıb",-deyə o bildirib.

E. İsmayılov barışıq əldə olunsa da, yalan ifadə əsasında tutulduğunu deyib: "İki gün sonra "Xurma" restoranında barışıq oldu. Üzr istədilər və barışdıq. Sonra isə yalan ifadə verib məni tutdurdu".

E. İsmayılov polis idarəsində verdiyi ifadənin tamamının özü tərəfindən yazılmadığını bildirib: "Orada yazılanların bir hissəsində mənim xəttim var. Polis idarəsində bir vəkil yaxınlaşdı və dedi ki, "sənin müdafiəçin mənəm". Həmin vaxt həyəcanlı idim, atamın adını soruşdum, dedi və ona inandım. Şamxalın avtomobilimin qarşısını kəsdiyi ilə bağlı yazılanları təsdiqləmirəm. Məni Elnur və onun 6 dostu döyüb. Onların hamısı xaricə qaçıblar".

Zərərçəkmişin vəkili İsmayılovdan adı məlum olmayan 6 nəfərin Elnurun dostu olduğunu haradan bildiyini soruşub. İsmayılov bu barədə müstəntiqin ona məlumat verdiyini deyib. "Müstəntiq dedi ki, ölkədən qaçıblar. Dava saat 4-də baş verib, 6-da hava limanına gedərək ölkəni tərk ediblər",-deyə o bildirib.

Daha sonra digər təqsirləndirilən şəxs Məhəmməd Həsənzadə ifadə verib.

"Gecə saat 3 olardı. Mərdəkanda bağda idik. Elgünə zəng gəldi. Zəng vuran qardaşı Elmir idi. Dedi ki, "məni döyüblər, gəlin məni aparın xəstəxanaya". Elə bir yerdə getdik "Sea Breeze"ə. Bu zaman bizi səhv istiqamətə yönləndirdilər. Dedilər ki, Elmir o kütlənin içərisindədir. Biz də həmin kütləyə doğru yaxınlaşdıq. Həmin vaxt orada olan Elnur Elmiri söyürdü. Elgün bunu eşidən zaman Elnura öz iradını bildirdi. Sonra isə dava baş verdi. Elgünü vurdular və o yerə yıxıldı. Yerdə onu təpiklədilər", - deyə o bildirib.

Məhəmməd Həsənzadə zərərçəkən Cavad Muradovu vurmadığını deyib: "Mənim Muradı boğduğuma dair ifadə qərəzlidir. Mən onu sadəcə tutmuşam. Nə o məni vurub, nə də mən onu. Ancaq kütlənin içində Elgünü vuran Cavad idi".

Daha sonra digər təqsirləndirilən şəxs Vəlizadə Peyman ifadə verib.

V. Peyman hər şeyin Elnurun söydüyü söyüşə görə baş verdiyini deyib: "Həmin gün Elnur orada söyüş söyməsəydi biz tutulmayacaqdıq. Elgünə zəng gələndən sonra mən də onunla birlikdə "Sea Breeze"ə yollanmışdım. Biz 3-4 nəfər idik. Bu zaman Elnur və 10-a yaxın şəxs tərəfindən mən də orada döyüldüm. Başıma iki tikiş atıblar".

Təqsirləndirilən şəxs məhkəmənin qərəzli iş apardığını iddia edərək, kimlərinsə "sifarişi" əsasında 6 aydır həbsdə olduğunu deyib. "Biz özümüz getmişik xəstəxanaya. Təqsirli olsaq tutalacağımızı bildiyimiz halda xəstəxanaya necə gedə bilərdik? Elnur Elmiri döyüb, maşınına ziyan vurub. Videoda Elmir yoxdur, 4-müz düşmüşük. Həmin videoda isə döyülən tərəf bizik. Buna görə bizi təqsirli bilib, barəmizdə həbs qəti-imkan qərarı veriblər...", - deyə o qeyd edib.

Təqsirləndirilən sonuncu şəxs - Murad Əhmədli isə növbəti iclasda ifadə verəcək.

Qeyd edək ki, “Sea Breeze”dəki davanın əsas fiqurantı olan Elnur Məmmədov ötən ilin aprelinə qədər Binəqədi İcra Hakimiyyəti başçısının müavini olmuş Leysan Məmmədovun oğludur. L. Məmmədovun müxtəlif vəzifələrdə çalışdığı dövrlə bağlı məlumatlar var. O, mətbuatda həm də dövlət büdcəsi hesabına tikilən idman komplekslərinin tikintisinə nəzarət edən “kölgə” adam kimi təqdim olunur. Oliqarxa çevrilməsinin də məhz bu dövrə - dövlət hesabına inşa edilən obyektlərin tikintisi dövrünə təsadüf etdiyi vurğulanır. E. Məmmədovun digər qardaşının isə prokurorluq orqanında çalışdığı bildirilir.

Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi 7 dekabr 2023-cü il tarixdə baş tutacaq.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.250392