Saat:19:31
Haqqımızda

“Ola bilsin ki, Qarabağda üçtərəfli patrul formalaşsın” – Keçmiş nazirdən maraqlı AÇIQLAMA

2021-09-27 11:52:00

“Ola bilsin ki, Qarabağda üçtərəfli patrul formalaşsın” – Keçmiş nazirdən maraqlı AÇIQLAMA

Rusiyanın RBK telekanalı Xocalı, Xocavənd və Ağdərənin tezliklə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə veriləcəyi bağlı məlumat yayıb. Həmin məlumatla yanaşı sözügedən bölgələrin xəritəsi nümayiş etdirilib. Bir sıra siyasi analitiklər hesab edirlər ki, ermənilərin Ağdərə istiqamətindəki postları tərk etməsi bu iddianın doğruluğunu isbatlayır.

Hurriyyet.az xəbər verir ki, Yenisabah.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan cəmiyyətində xəritələrə yetərindən çox önəm verilir.

“Bu məsələdə siyasət axtarmaq düzgün deyil. Həmin ərazidə erməni əhalisi yaşayır və təhlükəsizlik funksiyalarını gərək sülhməramlılar aparsın. Artıq bu bölgələrdə qondarma qurumlara ehtiyac qalmır. Hansısa mərhələdə qarşılıqlı, bəlkə də üçtərəfli patrullar formalaşacaq. Belə bir təcrübə dünyada var ki. Üçtərəfli patrul xidmətləri oxşar ərazilərdə olur. Bizim variantda qondarma qurumun təmsilçiləri yox, hansısa kommersiya şirkətlər üçüncü tərəf kimi təhlükəsizliyin təmin olunmasına cəlb edilə bilər. Məsələn, İraqda bu variant mövcuddur. Ermənilər də bu təhlükəsizlik şirkətinin əməkdaşı olaraq, rus sülhməramlıları və Azərbaycanın hərbi polisi ilə bir yerdə bölgədə müvəqqəti post patrul xidmətini apara bilərlər. Təbii ki, Azərbaycan tərəfinin ayırdığı maliyyə ilə”, – deyə Tofiq Zülfüqarov təxminlərini səsləndirib.  

Sabiq XİN rəhbəri hesab edir ki, bölgədəki vəziyyət addım-addım bu şəkildə formalaşacaq:

“İnteqrasiya mərhələli şəkildə olmalıdır və təhlükəsizlik funksiyasında boşluq ola bilməz. İstər-istəməz başa düşməliyik ki, 30 il ərzində orada hansısa qurumlar mövcud olub və onları yavaş-yavaş Azərbaycanın qanunlarına riayət edən qurumlar əvəz etməlidir. İncəlik bundan ibarətdir ki, post-konflikt vəziyyətində təhlükəsizliyi qorumaq üçün hansısa qurumlar (məsələn, üçtərəfli patrul) müvəqqəti fəaliyyət göstərsin. Məncə, məntiqi olaraq belə olmalıdır. Sonu necə olacaq, onu zaman göstərəcək”, – deyə siyasətçi fikirlərini tamamlayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR