Saat:05:09
Haqqımızda

Oğurlanan baş katib – Meksika kommunistlərinin prinsipial lideri Verduqonun həyatı

2022-11-27 00:17:00

Oğurlanan baş katib – Meksika kommunistlərinin prinsipial lideri Verduqonun həyatı

O, 1960-1980-ci illərdə Meksikanın ictimai-siyasi həyatında ən fəal simalardan biri olub. Məhz Arnoldo Verduqonun 1978-ci ildə ciddi səylərindən, hakimiyyətlə apardığı danışıqlardan sonra ölkənin seçki sistemində islahatlar aparılıb və Meksika Kommunist Partiyasının seçkilərə qatılması təmin edilib.

Meksika kommunistlərinin rəhbəri kimi Verduqonun mövcud hakimiyyətlə mübarizəsi tək seçki məsələsi ilə bitməyib və o, bu mübarizədə dəfələrlə təhdidlərə, təzyiqlərə məruz qalıb...

Arnoldo Verduqo 1925-ci ildə Meksikanın Sinaloa ştatının Mokorito şəhərində yoxsul bir ailədə anadan olub. Yeniyetməlik yaşlarından əmək fəaliyyətinə başlayan Verduqo əvvəlcə kiçik mağazalarda fəhlə, kuryer, sonra isə sürücü işləyib.

sputnik-767562-preview.jpg (71 KB)

Verduqo 1943-cü ildə Mexikoya köçüb və rəssamlıq məktəbində təhsil alıb. Qaynar paytaxt həyatı onun həyatında çox şeyləri dəyişdirib. Gənc yaşlarından marksist ideyalarına maraq göstərən Verduqo tələbə olarkən gənclərin həmkarlar hərəkatına qoşulub. 1946-cı ildə isə Meksika Kommunist Partiyasına üzv olub. 1948-ci ildə partiyanın yığıncağında o, partiyanın gənclər komissiyasına sədr seçilib. Eyni zamanda partiyanın mətbu orqanı olan “Nueva Vida” qəzetinə baş redaktor vəzifəsi də ona həvalə edilib. Məhz bu vəzifədə olarkən Verduqo digər ölkələrdə fəaliyyət göstərən Kommunist Partiyaları ilə sıx əlaqələr yaradıb. Bu sırada SSRİ ilə əlaqələr xüsusi yer tutub. O, 1950-1951-ci illərdə Moskvanın dəvəti ilə Mərkəzi Komitə yanında Ali Partiya Məktəbində təhsil alıb, sovet kommunist idelogiyası ilə yaxından tanış olmaq imkanı qazanıb.

Moskvadan qayıtdıqdan sonra Verduqo Meksika Kommunist Partiyasının təşkilat şöbəsinə rəhbərlik edib, eyni zamanda partiyanın Mexiko şöbəsinin katibi vəzifəsinə seçilib. Bu ərəfədə Meksika paytaxtında kommunist idelogiyasının təbliği və təşviqi daha geniş vüsət alıb.

Emblema_PCM_Mexico.svg.png (53 KB)

Siyasi fəaliyyətinə görə dəfələrlə həbs edilsə də, Verduqo kommunist əqidəsindən dönməyib. Kremldən həmişə dəstək alan meksikalı kommunisti təhdidlər, təzyiqlər, həbslər qorxutmayıb.

1963-cü ildə partiya orqanlarına seçkilər keçiriləndə Verduqo Meksika Kommunist Partiyasının birinci katibi seçilib. 1973-cü ildə bu vəzifənin adı Mixail Suslovun təşəbbüsü ilə dəyişdirilərək baş katib edilib. Veduqo ad dəyişmə ilə bağlı heç bir seçki keçirilmədən yeni vəzifəni daşımaq hüququna malik olsa da, o, baş katib kürsüsünə rahatlıqla sahib olmaq istəməyib və yenidən seçkilərin keçirilməsini tələb edib. Son dərəcə qanunpərəst olan Verduqo yenidən Meksika kommunistlərinin 91 faiz səsi ilə partiyanın rəhbəri seçilib.

Verduqonu digər ölkələrdəki kommunist rəhbərlərindən (SSRİ-ni çıxmaq şərtilə) fərqləndirən əsas amillərdən biri o olub ki, o özünü və Meksika Kommunist Partiyasını Kremldən tam asılı vəziyyətdə saxlamayıb. Hətta Verduqo SSRİ-nin Çexoslovakiyaya və Əfqanıstana hərbi müdaxiləsini sərt tənqid edib. Amma bu tənqidə baxmayaraq, Moskvada Mərkəzi Komitə rəhbərləri meksikalı həmkarları haqqında heç də mənfi fikirdə olmayıblar. Uzun illər SSRİ-nin xarici işlər naziri olmuş Andrey Qromıko müsahibələrinin birində Verduqonu aşağıdakı kimi xarakterizə edib:

Primirea_de_către_Nicolae_Ceaușescu_a_delegației_Partidului_Comunist_din_Mexic_condusă_de_primul_secretar,_Arnaldo_Martinez_Verdugo.jpg (211 KB)

“Meksika Kommunist Partiyası ilə SSRİ-nin əlaqələrini qənaətbəxş saymaq olar. Sözsüz ki, bu əlaqələrdə Arnoldo Verduqonun böyük xidmətləri var. Ümumiyyətlə, Verduqo bir kommunist kimi öz əqidəsinə sadiqdir və biz bunu yüksək qiymətləndiririk. Onun Çexoslovakiya və Əfqanıstan məsələlərinə münasibətinə gəlincə, bu da anlaşılandır. Yəqin ki, Meksikada kommunist idelogiyasının daşıyıcısının sovet diplomatiyası və bu diplomatiyanın hərbi müstəviyə keçməsinin səbəblərini, zərurətini tam anlaya bilməyib. Bu anlaşılmazlığa görə biz münasibətlərimizi korlaya bilmərik...”

Verduqo 1981-ci ilə qədər Kommunist Partiyasına rəhbərlik edib. Həmin il o, Kommunist Partiyasının bazasında daha üç partiyanın birləşməsi ilə Meksika Birləşmiş Sosialist Partiyasının yaradıcılarından biri olub. Elə bu partiyadan da 1982-ci ildə Meksika prezidentliyinə namizədliyi irəli sürülüb. Migel de la Madrid seçkilərdə 72 faiz səs toplayaraq Verduqonu arxada qoyub.

f55c585a433f27_55c585a434310.thumb.jpg (90 KB)

Verduqo iki dəfə, birinci dəfə 1979-1982 illərdə Kommunist Partiyasından, ikinci dəfə 1985-1988-ci illərdə Meksika Birləşmiş Sosialist Partiyasınından Meksika deputatlar palatasına üzv seçilib. Məhz ikinci dəfə deputat mandatı qazananda Verduqo “qeyri-müəyyən” şəxslər tərəfindən oğurlanıb. Bir neçə gündən sonra o pul qarşılığında buraxılıb. Bu hadisənin təfərrüatları açıqlanmayıb. İnsidentdən sonra Verduqonun siyasi fəaliyyətində passivlik müşahidə olunub, o, siyasi səhnədəki fəaliyyətini əvvəlki kimi fəal davam etdirməyib.

Arnoldo Verduqo Meksika tarixində Kommunist Partiyasının rəhbəri kimi ölkədə siyasi rejimin, ictimai mühitin demokratiləşməsi prosesində ciddi bir fiqur kimi yadda qalıb.

Арнольдо_Мартинес_Вердуго.jpg (106 KB)

Ömrünün son illərində Verduqo öz memuarlarını qələmə alıb. Onun Meksikada Kommunist Partiyasının fəaliyyətindən və rolundan, dünyada kommunist hərəkatından bəhs edən bir neçə kitabı işıq üzü görüb.

Meksikanın sonuncu kommunist lideri Arnoldo Verduqo 2013-cü ildə, 88 yaşında vəfat edib. \\Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR