Saat:03:55
Haqqımızda

Oğluna qanunsuz olaraq 8 il iş verildiyini deyən atadan ölkə rəhbərliyinə MÜRACİƏT

2024-01-29 23:06:29

Oğluna qanunsuz olaraq 8 il iş verildiyini deyən atadan ölkə rəhbərliyinə MÜRACİƏT

İbadulla İbayev: “Biz ədalətin bərqərar olunmasını öz dövlətimizdən gözləyirik...”

06 dekabr 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında rüşvət almaqda təqsirləndirilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin sabiq rəisi Anar Poladov, şöbənin əməkdaşları Səbuhi Rzayev və Afiq İbayev barəsində həbs qərarı verildi. Hökmə əsasən, barələrində həbs qətimkan tədbiri seçilən Anar Poladov və Səbuhi Rzayev hərəsi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilən Afiq İbayev isə 8 il müddətinə azadlıqdan məhrum olunaraq, məhkəmə zalında həbs edildi.

Rəsmi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin baş məsləhətçisi olmuş Səbuhi Rzayev iş başında rüşvət alan zaman saxlanılıblar. Bununla bağlı yayılan görüntülərdə A.Poladov və S.Rzayevin vətəndaşdan rüşvət aldıqları əks olunub.

Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin birgə yaydığı məlumata əsasən, Nazirliyin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində sentyabrın 2-də hər iki şəxs 1 000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, cəmi 1 il bu idarədə məsləhətçi vəzifəsində çalışan 3 uşaq atası Afiq İbayev də “cinayət ortağı” elan edilərək, 8 il müddətinə azadlıqdan məhrum edildi. Halbuki, atası İbadulla İbayev oğlunun barəsində çıxarılan hökmün ədalətsiz olduğunu iddia edir. Onun sözlərinə görə, oğlunun bu işdə qismən təqsiri olsa da, bu, 311.3.1-ci maddə ilə ittiham edilməsinə heç bir əsas yoxdur. Bu baxımdan, “Hürriyyət” vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən İ.İbayev oğlu Afiq barəsində ədalətli qərar verilməsi üçün dəstək istəyir:

“Cənab Prezident!

Hörmətli Birinci vitse-prezident!

Dəfələrlə Sizə şikayət məktubları yazsam da, çox təəssüf ki, ünvanına çatmır. Bu səbəbdən, Sizə mətbuat vasitəsilə müraciət etməyə məcbur oldum.

Diqqətinizə çatdırmaq istəyirəm ki, vaxtilə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsində çalışan oğlum Afiq İbayev vətəndaşdan 2 min manat rüşvət alınmasında təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilib. Halbuki, onun heç bir səlahiyyəti olmayıb, idarədə sıradan məsləhətçi kimi çalışıb. Üstəlik, dəymiş ziyan da vətəndaşa ödənilib. Yəni bu məsələdə oğlumun hər hansı suçu olsa belə, ona 8 il iş verilməsi tamamilə qanunsuzdur. Hansı ki, dövlətin milyonlarla manat vəsaitini mənimsəyənlər ən pis halda 2-3 ilə müddətinə azadlıqdan məhrum olunurlar.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Oğlumun 3 azyaşlı övladı var. Bu faktı və onun suçsuz olmasını nə Apellyasiya Məhkəməsi, nə də Ali Məhkəmə diqqətə almayıb. Bütün məhkəmələr qərəzli ittihamı təsdiq etməklə kifayətlənmişdir.

Afiq İbayev Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsində cəmi 1 il müddətində məsləhətçi işləyib. Onun da 8 ayı pandemiya dövrünə təsadüf edir. Onu Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirli biliblər. Lakin bu maddə vəzifəli şəxslərə aiddir, oğlumun isə vəzifəsi olmayıb.

Cənab Prezident!

Hörmətli Birinci vitse-prezident!

Biz haqq-ədaləti başqa ölkələrin səfirliklərində axtarmaq istəmirik. Biz ədalətin bərqərar olunmasını öz dövlətimizdən gösləyirik. Sizdən xahiş edirik ki, bu məsələ ilə bağlı obyektiv araşdırma aparılması üçün müvafiq orqanlara göstəriş verəsiniz”.

Hazırladı: KƏNAN

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199871