Saat:03:59
Haqqımızda

"Oğlum qanunsuz olaraq həbs edilib, onda narkotik vasitə olmayıb"

2021-09-21 09:39:00

Mətanət Yaqubova: "Ağstafa rayon prokuroru Anar Cəfərovla rayon polis şöbəsinin rəis müavini Qurban Qurbanov əlbir olub oğluma şər atırlar"

"Onlar Rəşad Yaqubovu 19 iyul tarixində 40 dərəcə temperaturda döyüb morqa tullamaq istəyirdilər"

Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Ağstafa rayonu, Xətai kənd sakini Mətanət Sirəddin qızı Yaqubova Ağstafa rayon prokuroru Anar Cəfərovla rayon polis şöbəsinin rəis müavini Qurban Qurbanovun əməllərindən şikayətlənib və oğlunun qanunsuz olaraq həbs edildiyini bildirib.

"Əgər həqiqətən də evimdə narkotik tapmışdılarsa, onda hal şahidləri çağırardılar, tərəzi gətirib çəkərdilər"

Belə ki, məhkəmə qərarı olmadan 2020-ci il 22 aprel tarixində evinə polis tərəfindən basqın edildiyini iddia edən Mətanət Yaqubovanın sözlərinə görə, həmin vaxt 30-a yaxın polis əməkdaşı prosesdə iştirak edib: "Onlar evin hər yerini axtardılar. Oğlum Yaqubov İrşad da evdə mənimlə bir yerdə idi. Kiçik oğlum Yaqubov Coşqun da bizimlə idi. Həmin vaxt mən polis əməkdaşlarından evimdə axtarışın aparılması ilə bağlı qərarı təqdim etmələrini tələb etdim. Lakin mənə belə bir qərar verən olmadı. O vaxt Ağstafa rayonunda polis rəisinin müavini İlham müəllim də vardı. Beləcə, tələbimə məhəl qoymadan evimə basqın etdilər, axtarış apardılar. Ancaq evimdən heç bir narkotik vasitə tapmadılar. Aprelin 23-də isə məhkəmədən qərar aldılar ki, guya evimdən narkotik vasitə tapılıb. Əgər həqiqətən də evimdə narkotik tapmışdılarsa, onda hal şahidləri çağırardılar, tərəzi gətirib çəkərdilər. Bir daha bəyan edirəm ki, evimdə heç bir narkotik vasitə olmayıb".

"3 nəfəri - Hüseynov Azər Asif oğlunu, Yahyayev Tofiq Bilal oğlunu və Şəmkir rayonundan Şamxal Nuru oğlunu onun üzünə durğuzmaq istəyirdilər"

4 oğlu olduğunu qeyd edən Mətanət Yaqubova narkotik maddə əldə edib saxladığına görə həbs edilən övladları Elşad Yaqubovla Rəşad Yaqubovun günahsız olduğunu bildirib: "Polis əməkdaşları böyük oğlum Yaqubov Rəşaddan ötrü evimə gəlmişdilər. Qeyd edim ki, o mənimlə birgə yaşamır. Oğlum nənəsinin evində, Həzi Aslanov küçəsində qalır. Polislər deyirlər ki, guya evdə tapılan narkotik vasitə Rəşadın olub. Halbuki, o, 2-3 gün idi ki, mənim evimə gəlmirdi. Guya yemək yediyimiz stolun üstündən narkotik vasitə tapılıb. Bu, ağ yalandır. Polislər gəlməmişdən 10 dəqiqə öncə stolun üstünü yığışdırmışdım və bu zaman narkotik vasitəyə rast gəlmədim. Ancaq buna baxmayaraq, hadisədən bir gün sonra eşitdim ki, polis şöbəsində plan qurublar. Onlar icra nümayəndəsinə və bələdiyyəyə təzyiq göstəriblər ki, gəlin, paketlənmiş kağıza imza atın. Onu da deyim ki, oğlum Yaqubov Rəşad polislərin evimizə basqın etməsindən qorxuya düşüb və buna görə də qaçmışdı. O, şərlənəcəyindən ehtiyat etdiyi üçün orda-burda gizlənirdi. Bir qədər sonra 3 nəfər şəxsi - Hüseynov Azər Asif oğlunu, Yahyayev Tofiq Bilal oğlunu və Şəmkir rayonundan Şamxal Nuru oğlunu onun üzünə durğuzmaq istəyirdilər. Lakin üzləşmə zamanı onların heç biri oğlumun üzünə durmadılar və dedilər ki, biz Yaqubov Rəşaddan narkotik vasitə almamışıq. Polis onlara təzyiq edib və deyib ki, Rəşadın üzünə durun. Bundan sonra polis rəisinin müavini Qurban Qurbanov Şəmkir rayonundan olan Şamxal adlı oğlanı və Hüseynov Azəri otağına çağırıb deyib ki, Rəşadın üzünə dur, sənin maşınına 4 ədəd təzə təkər alacam. Onu da nəzərinizə çatdırım ki, Hüseynov Azər Asif oğlu, Yahyayev Tofiq Bilal oğlu və Şəmkir rayonundan olan Şamxal adlı oğlan Baş Prokurorluğa, Məhkəmə Hüquq Şurasına və digər müvafiq qurumlara teleqramlar ünvanlayıblar. Bundan başqa, Ağstafa rayon prokuroruna və rayon polis şöbəsinə ərizə ilə müraciət etdilər və bildirdilər oğlumdan heç bir narkotik vasitə almayıblar".

"Oğlumun vəkili Zabil Qəhrəmanov Gəncə şəhər 1 nömrəli vəkillər bürosundan gəlib və bu zaman oğlum ona deyib ki, üzərimdəki narkotiki polislər atıblar"

2 fevral 2021-ci il tarixədən oğlunun axtarışda olduğunu vurğulayan şikayətçi qeyd edib ki, oğlu saxlanılan vaxt üzərində guya narkotik vasitə tapılıb: "Halbuki, onda narkotik maddə olmayıb. Buna görə də o, ifadə verdiyi vaxt heç bir sənədə imza atmayıb. Bir gün öncə isə kiçik oğlumu tutdular. Buna görə də böyük oğlum təslim olmaq üçün özü gəldi. O dedi ki, qardaşımı mənə görə tutublar, gedim yuyunum sonra təslim olacam. Beləcə, oğlum hamamda olarkən, onu götürüb aparıblar və üstünə narkotik yükləyiblər. Bu zaman oğlum bağırıb ki, Fikmət adlı polis mayoru serkanta şərait yaradıb, o da üstümə narkotik yükləyib. Oğlum heç bir sənədə imza atmayıb, onu 8 saat qolu qandallı saxlayıblar. Oğlumun vəkili Zabil Qəhrəmanov Gəncə şəhər 1 nömrəli vəkillər bürosundan gəlib və bu zaman oğlum ona deyib ki, üzərimdəki narkotiki polislər atıblar".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verdiyini, Baş Prokurorluğa teleqram vurduğunu, Ombudsman aparatına getdiyini deyən Mətanət Yaqubova iddia edir ki, Ağstafa rayon prokuroru Anar Cəfərovla rayon polis şöbəsinin rəis müavini Qurban Qurbanov, polis əməkdaşları əlbir olaraq oğlanlarına qarşı qərəz nümayiş etdirirlər və Rəşad Yaqubova şər atırlar: "Onlar oğlumu 19 iyul tarixində 40 dərəcə temperaturda döyüb morqa tullamaq istəyirdilər. Bir daha qeyd edirəm ki, oğlum qanunsuz olaraq həbs edilib, onda narkotik vasitə olmayıb. Bütün bunları nəzərə alaraq, buradan aidiyyatı qurumlara müraciət edirəm ki, oğluma qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin cəzalandırılması, övladımın azadlığa buraxılması üçün qanunamüvafiq addımların atılmasında yardımçı olsunlar".

Valeh TÜRKSOY

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR