“Oğlum polislər onu döyəndən sonra öldü” - Rəsmi açıqlama

2022-05-10 23:38:00

“Oğlum polislər onu döyəndən sonra öldü”  - Rəsmi açıqlama

Ağdaş rayon sakini Səadət Cəfərova oğlunun döyüldüyünü və aldığı xəsarətlərə görə səhəri günü öldüyünü iddia edir.

S.Cəfərovanın sözlərinə görə, 1975-ci il təvəllüdlü oğlu İbrahim Cəfərov mayın 3-dən 4-nə keçən gecə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülüb.

O, bildirib ki, oğlu həmin vaxt ad günü məclisindən içkili halda qayıdırmış: “Yolda gələrkən yıxılıb. Polislər yaxınlaşıb ona sərxoş olmasını irad tutublar. Buraxmaq üçün pul tələb ediblər. Oğlum buna etiraz etdiyi üçün post-patrul maşınına otuzdurub döyüblər.

Dubinka ilə bədənindən və kürəyindən vurublar. Evə gələndə şalvarı qanlı idi, qolları göyərmişdi. Gəldi oturdu, dedi ki, nəfəs ala bilmirəm. Fikirləşdim ki, sabah həkimə gedər. Səhəri günü dedim ki, yat dincəl, sonra gedərsən. Getdi otaqda yatdı, ayılmadı. Ekspertiza da rəy verib ki, döyülüb. Prokurorluğa şikayət etmişik, amma baxan yoxdur. Polis rəisi gəlib deyir ki, ürəktutmadan ölüb. Oğlumu vuran əsas polisin adı Allahverdi olub”.

Sosial şəbəkələrdə yayılan məlumatda isə bildirilir ki, İbrahim Cəfərovun öldürülməsində Vüsal, Fəqan və Allahverdi adlı polis əməkdaşları xüsusilə fərqləniblər.

Eyni zamanda iddia edilib ki, Ağdaşda məhkəmə-tibb ekspertizası İbrahim Cəfərovun ölümü ilə bağlı saxta rəy verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İbrahim Cəfərova fiziki güc tətbiq olunduqdan sonra onun vəfat etməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir: 

“Mayın 3-də gecə saatlarında rayon ərazisində xidmət aparan polis əməkdaşları yolun kənarındakı bir nəfərin yerə yıxıldığını aşkar ediblər. Sərxoş vəziyyətdə olan həmin şəxsin şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də digər cinayət əməllərinə görə bir neçə dəfə məhkum olunmuş İbrahim Cəfərov olduğu müəyyən edilib. Polislər həmin şəxsin yaşadığı ünvana çatmasına köməklik göstərməyə çalışsalar da, o, bundan imtina edərək özü gedəcəyini bildirib. 

İ.Cəfərovun evinə çatana qədər isə bir neçə dəfə də yıxıldığı ətrafdakı müşahidə kameralar vasitəsilə  qeydə alınıb. Növbəti gün də yenidən İ.Cəfərov saat 16 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gələrək yatıb və saat 23 radələrində yaxınları onun öldüyünü aşkar ediblər".

DİN rəsmisinin sözlərinə görə, meyit müayinə edilməsi üçün morqa yerləşdirilib və ilkin rəyə əsasən onun ürək çatışmazlığından vəfat etdiyi müəyyən edilib. Onun ölüm səbəbi analizlərin cavabı çıxdıqdan və məhkəmə tibbi ekspertizanın tam rəyindən sonra məlum olacaq.

Səadət Cəfərovanın polis əməkdaşlarından etdiyi şikayətə prokurorluq orqanlarında laqeyd yanaşılması iddiası ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva cavab olaraq  İbrahim Cəfərovun ölməsi faktı ilə bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırmanın davam etdiyini söyləyib: "Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın verilməsi təmin ediləcək". \\Redaktor


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya