Oğlu müxalifətçi olan YAP-çı deputat - "Səsvermədə heç kimi məcbur etmirlər"

2022-07-25 20:27:00

Oğlu müxalifətçi olan YAP-çı deputat -

“Bir neçə adamın deputatlar barəsində səhv fikir yürütməsi, sosial şəbəkədə müəyyən tənqidi paylaşımlar etməsi bütün Azərbaycan xalqını əhatə etmir. Deputatlar barədə səsləndirilən mənfi fikirləri Azərbaycan xalqının ümumi fikri kimi qəbul etmək düzgün deyil, 10 milyonluq xalqı əhatə etmək böyük məsuliyyətdir. Kimlərsə bunu öz adından ictimailəşdirir, dediklərini xalqın fikri kimi qəbul edirlər. Milli Məclisdə təmsil olunan, müxtəlif bölgələri təmsil edən deputatlarımız müəyyən məsələlər nəzərə alınmaqla yeri gələndə, xalqımızın, millətimizin xeyri üçün fikirlərini açıq şəkildə səsləndirirlər. Ən vacib məsələlərdən biri isə odur ki, Milli Məclisdə həqiqətən də söz azadlığı var. Kimsə digərinə deməz ki, sən bu fikri niyə səsləndirdin, bu fikri nahaq dedin, belə deməlisən, elə deməlisən... Bütün millət vəkilləri sərbəst şəkildə onu narahat edən məsələləri bildirirlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Deputat bildirib ki, vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün cənab Prezident, hökumət tərəfindən bir çox dövlət proqramları qəbul olunur, layihələr həyata keçirilir: “Mərhələli şəkildə vətəndaşların sosial məsələlərinin həlli istiqamətində lazımi addımlar atılıb və atılmağa da davam edir. Bunu qəbul etmək lazımdır. Lakin elə məsələlər var, bütün dövlətlərdə mövcuddur. Xoşagəlməz halları birdən-birə aradan qaldırmaq, bütün problemləri həll etmək mümkün deyil. Əgər insan artımı varsa, dünyada müəyyən böhran halları baş verirsə, Azərbaycan bundan yan keçə bilmir. Bütün bunlar mütləq ölkəyə də mənfi təsirini göstərir. Buna baxmayaraq, atılan addımlar göz qabağındadır. Normal düşüncəli insanlar da, təbii ki, bunu normal qəbul edirlər. Amma müəyyən qüvvələr var ki, görülən işə kölgə salırlar. Bu gün ölkə rəhbərinin, dövlətimizin siyasətinə dəstək verən, alqışlayan vətəndaşlarımız yetərincədir. Azərbaycan dövlətinin qarşısında böyük məsələ durur. Keçmiş məcburi köçkünləri öz ata-baba yurdlarına qaytarmaq, dağıdılmış, viran qoyulmuş ərazilərdə yenidənqurma, tikinti, bərpa işlərini başa çatdırmaq... Beynəlxalq təşkilatların heç bir dəstəyi olmadan Azərbaycan dövləti bütün bu işləri görə bilirsə, artıq “Böyük Qayıdış”a başlamışıqsa, bunu dəyərləndirməmək, vallah, haqsızlıqdır. Allah hər birimizə səbir, təmkin versin. Bütün görülmüş işləri düzgün dəyərləndirib, qiymətləndirək. İş olan yerdə səhv də ola bilər, amma bunu o dərəcədə qabartmaq, məncə, düzgün deyil”.

A.Məmmədov deputatların xalq tərəfindən seçilməməsi, onların təyin olunmaları barədə səslənən fikirlərə də münasibət bildirib: “Bu fikri düzgün hesab etmirəm. Əgər demokratik dövlətdə yaşayırıqsa, seçki haqqında azadlıqdan danışırıqsa, hər kəs gedib bülletenini götürür, kabinəyə girib istədiyinə səs verir. Bu gün kimsə gəlib deyə bilməz ki, seçkiləri kimsə təhrik elədi, kimsə filankəsə səs vermək üçün vətəndaşı məcbur etdi və s. Bu fikirlə razılaşmaram. Bu gün xalq, camaat, seçici gəlib fikrini sərbəst ifadə edir. Heç bir təsirə məruz qalmır, bütün şərait yaradılır, seçicilər səslərini verib gedirlər...”

***

Hurriyyet.az xatırladır ki, bir müddət YAP-çı deputat Aqil Məmmədovun oğlu Turan Məmmədov muxalifyönümlü paylaşımları ilə gündəm olmuşdu. Deputat oğlu həmçinin muxalifət fəallarının statuslarını paylaşmışdı. Sonradan deputat oğlunun "facebook" profilini bağlatdırdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.080034