O, həqiqətən, Allahın qulu və elçisidir

2023-01-12 22:45:00

O, həqiqətən, Allahın qulu və elçisidir

Allah elçisi olan peyğəmbərlər bəşəriyyətə ilahi qanunları çatdıran kamil insan nümunələridir.

Bu məsum insanlar Allah tərəfindən bəşəriyyətə mənəvi kamilliyin yolunu göstərmək kimi müqəddəs bir missiyanı yerinə yetirmək üçün seçilirlər.

Bəzən peyğəmbərləri tərif edərkən onları dünyanın dahi şəxsiyyətləri ilə müqayisə edib, onların üstünlüyünü sübut etməyə cəhd edirlər. Müxtəlif tədbirlərdə peyğəmbərimiz haqqında danışan bəzi ziyalılarımız onun güclü tarixi şəxsiyyət olduğunu vurğulayaraq, gah onu nəhəng siyasi xadim, gah istedadlı sərkərdə, gah da ki böyük bir alim kimi göstərməyə çalışırlar. Bəzən hansısa Qərb dövlətində dünyanın yüz dahi şəxsiyyətinin siyahısının tərtib olunması və peyğəmbərimizin (s) adının o siyahının başında gəlməsi faktı iftixarla qeyd edilərək, əziz İslam peyğəmbərinin (s) müqəddəs şəxsiyyəti bu siyahıya daxil edilmiş Nyuton, Stalin, Lenin, Eynşteyn və s. kimi şəxsiyyətlərlə müqayisə olunur. Görəsən, Allah elçiləri olan peyğəmbərlər dünyanın dahi alimləri və filosoflarından hansı xüsusiyyətləri ilə fərqlənirlər? Bu yazıda məhz bu suala cavab verməyə çalışacağam.

Peyğəmbərlərin öz fikirlərinin təbliğ edilməsində göstərdikləri qətiyyət onların təlimlərini alimlərin irəli sürdüyü elmi nəzəriyyələrdən fərqləndirən əsas cəhətlərdən biridir. Hər hansı bir elmi nəzəriyyə irəli sürən alim öz fikir və görüşlərinin tamamilə doğru olmasına və gələcəkdə digər elmi kəşflərlə müəyyən dəyişikliklərə uğrayıb-uğramayacağına tam şəkildə əmin ola bilməz. Elmin inkişafı alimlərin baxışında təsir qoyub yeni fikirlərin meydana gəlməsinə zəmin yaradır. Lakin peyğəmbərlər bu məsələdə digərlərindən tamamilə fərqlənirlər. Onlar öz sözlərinin doğruluğuna tam əmin olaraq öz missiyalarını həyata keçirməkdə heç bir tərəddüdə yol verməyib, bu işdə bir addım belə geri çəkilməyə razı olmurlar. Onlar öz fikirlərini qətiyyət və əzmlə müdafiə edərək məqsədlərinin həyata keçirilməsi uğrunda canlarından belə keçməyə hazır olublar. Bu qətiyyət xüsusilə İslam peyğəmbərinin (s) həyatında, daha dəqiq desək, həyatının Məkkə dövründə (peyğəmbərlik missiyasının başlanğıc dövrü) özünü qabarıq şəkildə göstərir. Qüreyş müşriklərinin hədə-qorxularına baxmayaraq, Həzrət Muhəmməd (s) böyük əzmlə öz dinini təbliğ etməkdə davam edir.

Hədə-qorxularının nəticəsiz qaldığını görən müşriklər öz mübarizə taktikalarını dəyişərək peyğəmbərə var-dövlət və məqam təklif etməklə onu öz yolundan döndərməyə cəhd edirlər. Onların bu təkliflərinin cavabında peyğəmbər (s) belə buyurur: "Əgər günəşi sağ əlimə, ayı isə sol əlimə versələr (yəni dünyanı mənə versələr), təbliğimdən əl çəkən deyiləm". Peyğəmbərlərin qorxmazlıq və şücaəti bilavasitə onların öz əqidələrinin doğruluğuna tam əmin olmaları ilə əlaqədardır. Alimlər isə bir çox hallarda irəli sürdükləri fikirlərin tam doğru olduğunu iddia edə bilmirlər. Eynşteynin yazdığı kimi: "Çox az alim tapılar ki, öz fikirlərinin tam doğru olduğunu iddia etsin. Əksinə, Nyuton kimi dahi şəxsiyyətlər etiraf ediblər ki, bu günün inkaredilməz bir həqiqətinin yanlışlığı sabah üzə çıxa bilər və həmin həqiqət gələcək nəsillər üçün qəbuledilməz ola bilər. "Heç bir peyğəmbərin öz təbliğ müddətində keçmiş fikir və görüşlərindən əl çəkməsi və təlimlərinin yeniləri ilə əvəz olunması görünməyib. Digər tərəfdən alim və mütəfəkkirlər tərəfindən əldə olunan nailiyyətlər tədricən uzun-uzadı eksperiment və tədqiqatlar nəticəsində əldə olunur. Peyğəmbərlərin fəaliyyətini araşdırdıqda məlum olur ki, onlar öz nailiyyətlərini qısa bir müddətdə heç bir araşdırma və tədqiqat aparmadan əldə edirlər. Çünki onların ifadə etdikləri həqiqətlər vəhy vasitəsilə Tanrı tərəfindən onlara çatdırılır. Peyğəmbərlərin çox çeşidli və əhatəli təlimlərinə nəzər saldıqda bu təlimlərin universallığı və hər dövrə uyğunlaşması diqqəti cəlb edir. Bundan əlavə, dinlərin əsas hökmlərinə nəzər salsaq, görərik ki, bu hökmlərdən heç birinin o dövrlərdə yaşayan alimlərin fikirləri ilə oxşarlığı yoxdur. İslam peyğəmbərinin (s) yaşadığı mühitin xüsusiyyətlərinə diqqət yetirsək, nadanlıq və cəhalətin hökm sürdüyü bir cəmiyyətdə bu cür ali və yüksək fikirlərin meydana çıxmasının qeyri-mümkünlüyü tamamilə aydın olur. Məlum olur ki, peyğəmbərin (s) təlim və göstərişləri öz beyninin məhsulu deyil, ilahi vəhydən qaynaqlanan bir həqiqətdir.

Alimlər və peyğəmbərləri fərqləndirən cəhətlərdən biri də budur ki, birincilər bir-birindən təcrid olunmuş halda fəaliyyət göstərərək hər biri öz qarşısında olan elmi məsələlərin həllində özünəməxsus, digərlərindən fərqli bir yolla getmişdir. Bundan əlavə, çox vaxt bir alimin irəli sürdüyü fikirlər digərləri tərəfindən inkar edilib. Bunun nəticəsində əsaslı şəkildə fərqlənən nəzəriyyələr ortaya çıxıb.

Peyğəmbərlərdən hər biri özündən əvvəl gələnlərin təlimlərini təsdiq edərək, hamısı eyni xətt üzrə hərəkət ediblər. Onların təlimlərini araşdırdıqda məlum olur ki, bu təlimlər arasında heç bir prinsipial fərq yoxdur. Bu bir daha sübut edir ki, peyğəmbərlərin təlimi eyni mənbədən - ilahi vəhydən qaynaqlanır: "Bu kitabı haqq olaraq sənə nazil etdik, bu (kitab) ondan öncə olan kitabları təsdiq edən və onlara hakim olan kitabdır". (Maidə - 48)

Yaxud "Ali-İmran" surəsinin 81-ci ayəsində Allah-Təala buyurur: "...Və Allah peyğəmbərdən qəti söz aldı: Sizə kitab və hikmət vermişəm, sizin yanınıza dininizi təsdiq edən peyğəmbər gələndə ona inanıb yardım edin".

Peyğəmbərlərin təlimi elmi abstraksiya deyil, həyat tərzidir

Bundan əlavə, peyğəmbərlərin təlimi elmi abstraksiya deyil, həyat tərzidir. Bu təlimi qəbul edən insanların həyatında ciddi dəyişikliklər baş verir. Dini dünyagörüşü yalnız intellektual sferanı əhatə etmir, eyni zamanda insanın əqidəsi, əxlaqı və davranışına ciddi təsir göstərir. Bu, peyğəmbərlərin təbliğini alimlərin fəaliyyətindən fərqləndirən ən prinsipial cəhətdir. Bir alimin vəzifəsi öz fikirlərini yalnız insanların ağlına çatdırmaqdan ibarətdir. Alim və filosoflar bundan bir addım irəli gedə bilməzlər. İlahi təlimlər isə əqli dəlillərlə əsaslandırılmaqdan əlavə, insanın ruhunun dərinliklərinə nüfuz etməli və onun bütün vücuduna hakim olmalıdır. Dini əqidə insanın daxilində mənəvi inqilab yaradıb onu büsbütün dəyişir.

Peyğəmbərlərdən başqa, heç kim insanı özünə qarşı qiyam etməyə vadar edə bilməyib. İlahi peyğəmbərlərin missiyasının özəlliyi məhz bu olduqca çətin olan bir işin öhdəsindən gəlmələrindən ibarətdir. "Ən böyük cihad nəfslə cihaddır" kəlamı bu özəlliyin ifadəsidir. Dinə görə, meyil və istəklər seli qarşısında vüqarla dayana bilən insan insanlıq zirvəsinə ucalır, həqiqi hürriyyətə qovuşur, kamil insan olmaq şərəfinə nail olur. Belə bir dərəcəyə çatan insan cəmiyyəti islah edə bilər, zülmün dayaqlarını sarsıdıb ədaləti bərqərar etməyə müvəffəq olar. Zalımlara qarşı mübarizə daxili mübarizə ilə müqayisədə olduqca asan bir işdir. Bu mübarizədə kamil insan hər halda qalibdir, hakimiyyət kürsüsündə və ya zindanda olmasından asılı olmayaraq, qanına qəltan edilsə və ya dar ağacından asılsa da...

Belə bir insan üçün ən başlıcası Allahın razılığını əldə etmək bu razılıq isə qələbənin rəmzidir. Həzrəti Əli (ə) savaş öncəsi bütün döyüş hazırlığını gördükdən sonra belə dua edirdi: "İlahi, bizi düşmənə qalib et, əgər bunu etməsən, bizə şəhidlik nəsib et!" Azadlıq və din yolunda ən yaxın silahdaşları, ailəsi və övladları ilə birgə savaşan imam Hüseyn (ə) qanla dolu ovuclarını səmaya qaldırıb, bu qurbanların qəbul olunması üçün Allaha dua edir. Bu insanların mübarizəsinə dünyanı heyrətə gətirən əzəmət bəxş edən amil onların daxili mübarizədə, nəfslə cihadda qalib olmalarıdır. Bərk torpaqda toxum bitmədiyi kimi, pak olmayan qəlbdə iman toxumunun cücərməsi mümkün deyil, əsla. "Qəlb Allahın hərəmidir, orada Allahdan qeyrisinə yer verməyin" - deyə buyurub peyğəmbər (s).

"Allahdan başqa bir tanrı yoxdur - deyin, nicat tapın" fəryadı ilə öz missiyasını başlayan peyğəmdər (s) insan səadətinin İslamın ilk kəlməsi olan "La ilahə illəllah" kəlməsində ifadə olunduğunu bildirdi. Ərəb dilində "lə" "yox" deməkdir, inkarı bildirir. İslam öz dəvətini təsdiqdən yox, inkardan başlayır. "Lə" kəlməsində Tanrıdan qeyrilərinə qarşı üsyan gizlənib. Kəlmeyi-şəhadət deyən hər bir müsəlman ilk öncə daxili və xarici bütlərin əsarətindən azad olur, öz daxili bütxanasında yer alan, meyil və istəklərinin təcəssümü olan bütləri sındırıb həqiqi azadlığa qovuşur. Allaha bəndəliyin mahiyyəti bundan başqa bir şey deyil. İslam dininə görə, insan öz boynuna keçirdiyi buxovları çıxarmadan kənardan ona təhmil edilən zəncirləri qırmaq iqtidarında deyil. Fironla mübarizə aparmaq üçün seçilmiş Musa ilk öncə öz daxilində olan Fironu məğlub etməlidir. Yalnız bundan sonra onun zülmə qalib gəlməsi mümkün ola bilər. Daxili ədalətə nail olmadan ictimai ədalətə qovuşmaq mümkünsüzdür. Peyğəmbərimizin (s) peyğəmbərliyinə şəhadət verərkən "Təsdiq edirəm ki, Muhəmməd (s) Allahın qulu və elçisidir" deyirik. Qulluq məqamı peyğəmbərlik məqamından öncə gəlir və bu, təbiidir. Çünki Tanrıya qul olmadan peyğəmbərlik işinin öhdəsindən gəlmək mümkün deyil. Yalnız Tanrıya qul olmaqla həqiqi azadlığın ləzzətini dadmaq olar. Daha doğrusu, həqiqi azadlıq Allaha qul olmaqdan başqa bir şey deyil.

Məhz bu səbəbdən peyğəmbərlərin dəvəti iki amilə əsaslanır: təlim və təzkiyyə (təmizlənmə). Elmi kəsb etmək yolunda bir addım atan şəxs bir addım da iman əldə etmək yolunda atmalıdır. Həzrəti Muhəmməd (s) öz səhabəsi Əbuzərə nəsihət edərkən, buyurur: "Ey Əbuzər! Qiyamət günü cənnət əhlindən bir dəstə cəhənnəm əhlindən bəzilərini görüb soruşarlar: "Necə oldu ki, siz cəhənnəmə düşdünüz? Halbuki, biz sizin tərbiyənizin, elminizin sayəsində cənnətə düşmüşük". Cavabında deyərlər: "Biz başqalarını yaxşı əməllər etməyə dəvət edirdik, lakin özümüz öz dediklərimizə əməl etmirdik". Hədislərimizə əsasən, qiyamət günü ən çox peşmanlıq çəkən o kəsdir ki, başqaları onun vasitəsilə əbədi səadətə qovuşar, o özü isə öz elminə əməl etmədiyi üçün əzaba düçar olar. İslam baxımından elm insana ad-san, şan-şöhrət qazanmaq üçün yox, digər insanların yolunu işıqlandırmaq üçün lazımdır. Elm başqalarına fayda yetirdiyi zaman dəyər sayıla bilər: "Əməlsiz alim yağışsız bulud kimidir". Elm insana məsuliyyətdən başqa bir şey bəxş etməz. İmam Cəfər Sadiqin (ə) buyurduğu kimi: "Alimin bir günahı bağışlanana qədər cahiln 70 günahı bağışlanar".

Elmi kəsb etmək yolunda bir addım atan şəxs bir addım da iman əldə etmək yolunda atmalıdır.

Yuxarıda deyilənlər ilahi elçilərin təlimini alim və filosofların fəaliyyətindən fərqləndirən əsas cəhətlərdir. Din alimlərindən birinin dediyi kimi, yazıq filosof böyük zəhmətlə yüzlərlə termindən istifadə edərək müəyyən fikri neçə il ərzində tələbəsinin ağlına yeridir. Lakin peyğəmbərlər heç bir elmi termindən istifadə etmədən sadə cümlələr vasitəsilə öz fikirlərini ifadə edərək milyonlarla insanın qəlbini fəth edirlər. Burada bir tarixi hekayəti qeyd etmək yerinə düşər:

Böyük İslam alimi İbn Sinanın tələbəsi Bəhmənyar bir gün ona deyir: "Sən elə bir adamsan ki, peyğəmbərlik iddiası etsən, camaat qəbul edər və sənə iman gətirərlər". İbn Sina bu işin qeyri-mümkünlüyünü sübut etməyə çalışsa da, Bəhmənyar öz dediyindən əl çəkmir. Bu hadisədən bir müddət keçir, soyuq bir qış günündə onlar ikisi birlikdə səfərə gedirlər. Sübh vaxtı azan veriləndə İbn Sina yataqda olan Bəhmənyarı səsləyir və ondan xahiş edir ki, içməyə su gətirsin. İsti yataqdan qalxmaq istəməyən Bəhmənyar onun cavabında deyir: "Ustad, özünüz həkimsiniz, hamıdan yaxşı bilirsiniz ki, mədə çox isti olanda insan sərin su içsə xəstələnər". İbn Sina deyir: "Mən həkiməm, sən isə tələbəmsən, mən səndən su istəyirəm". Bəhmənyar öz sözünü sübuta yetirmək üçün müxtəlif bəhanələr gətirib yatağından qalxmır. İbn Sinaya onun yataqdan qalxmayacağı bəlli olduqdan sonra deyir: "Mən susuz deyiləm, səni sınamaq istədim. Yadındadırmı, mənə sual verdin ki, nə üçün peyğəmbərlik iddiası etmirsən? Mənim yanımda neçə il dərs oxumağına baxmayaraq, əmrimə itaət etməyə hazır deyilsən, səndən su istəyirəm, sözümə qarşı min cür dəlil gətirirsən. Peyğəmbərin vəfatından dörd yüz il keçməsinə baxmayaraq, o azan verən öz isti yatağından qalxıb uca minarədən səslənir: "Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın rəsuludur" və yüzlərlə insan bu dəvətə cavab verib məscidə axışır. Mənimlə peyğəmbərin fərqi bax budur".

Peyğəmbərlərin işinin çətinliyi məhz ondadır ki, onlar öz fikirlərini bunları qiyamətə qədər yaşadacaq insanların qəlbinə nüfuz etdirməlidirlər. Bu fikirlər həm alim və mütəfəkkirləri, həm də sadə insanları öz təsiri altına almalıdır. Bu məsələdə heç bir dahi alim peyğəmbərlə müqayisə edilə bilməz. Odur ki, peyğəmbəri tərif etmək istəyən şəxs yalnız bir cümlə ilə kifayətlənə bilər: "Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın qulu və elçisidir".

Hacı Şahin Həsənli

Milli.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.170200