O GECƏNİN RƏNGİ… - Biz o rəngi heç vaxt unutmamalıyıq…

2023-01-20 13:32:00

O GECƏNİN RƏNGİ… - Biz o rəngi heç vaxt unutmamalıyıq…

1990-cı ilin 20 yanvarında 10 yaşım olmağına baxmayaraq, Bakımıza, rayonumuza, kəndimizə, evimizə çökmüş kədərin, qəmin, rəngini bu günə qədər yadımdan çıxartmamışam. Bu, gözlə gördüyümüz rənglərə bənzəmirdi. 19 yanvar gecəsi televizor ekranının birdən-birə dayanması ilə atamın, anamın üzündə yaranan təlaşı hiss etdim. Səhərisi kiminsə, kiməsə zəng etməsi nəticəsində bütün kəndə yayılan səslə hər şey aydın oldu...

Sonra bu adı olmayan rəngi mən qəzetlərdə, bir həftə sonra göstərən televiziyamızın ekranında ilk dəfə Şəhidlər Xiyabanını ziyarət etdikdə, on il sonra oxuduğum institutun divarlarındakı güllə izlərində gözüm. Qara Yanvar, Qanlı Gecə adı qoymaqla sanki əsl adını tapmaq istədilər bu gecənin rənginin.

Gözümün önündə əsgəri xidmətə gedənin qapısında kəsilən buğanın, qoçun qanının, geri qayıtdıqda qohum "soldat"ların mənə verdiyi nişanın, medalın, sinəsinə "CCCP" yazılan idmançıların əllərində tutduğu bayrağın, Yeni il "yolka"sının baş ucundakı ulduzun, boğazıma bağladığım "qalstuk"un al rənginin həmin an yanıb puç olduğu bir rəngdir o.

Sən demə, satqınlığın, zalımlığın, ikiüzlülüyün, yalanın “donu” olan bu rəngi Rəsulzadələr, Tağıyevlər, Nərimanovlar, Cavadlar, Müşviqlər, Arazlar, Xəlillər, Vahabzadələr yaxşı tanıyıblarmış. Kəndli-fəhlə dövləti, Vətən müharibəsi, Sovet İttifaqı sosialist əməyi qəhrəmanı, SSSR-i Xalq artisti, Xalqlar dostluğu, tikilən mikrorayonlar, zavodlar, kommunist, komsomol, pioner, limonad, "danqa" manat adlı boyalarla üstünü örtmək istəyiblərmiş bu rəngin.

Bu gün kamillik çağına çatmış mən və yaşıdlarım mələk qismində görsənən babanın bizə danışmış olduğu şip-şirin nağılların necə qorxulu, babanın necə qaniçən olduğunu tanıdan gecənin rəngini heç vaxt unutmamalıyıq ki, biz qala-qala, gələcəkdə nəvələrimizə, nəticələrimizə yalançı birisi “baba” qismində doğma babalarını unutdurmaq istəyən nağıllar danışa bilməsin.

ŞAMİL


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.146034