Saat:21:55
Haqqımızda

O DA RƏQS SƏNƏTİNİN İNCİSİDİR - Əhsən Rəhmanlı yazır

2022-05-17 11:35:00

O DA RƏQS SƏNƏTİNİN İNCİSİDİR - Əhsən Rəhmanlı yazır

Azərbaycan rəqs sənəti zaman-zaman inkişafa doğru yol alıb gəlib. Bu sahədə çox zəngim, möhtəşəm və həmişəyaşar Əlibaba Abdullayev məktəbi var. Bu məktəbi keçən rəqs sənətçilərimizin hər biri öz səhnə fəaliyyətində mühüm işlərə imza atıblar. Rəqsimizin nümayəndələri daim öz işinin öhtəsindən bacarıqla gələrək keçmiş SSRİ məkanında və xarici ölkələrdə milli mədəniyyəti yüksək şəkildə təbliğ ediblər.

Zemfira Hacıbaba qızı Camalova-Həsənova 1948-ci il iyunun 15-də Bakıda məşhur “Sovetski” məhəlləsində anadan olub. III sinfi 29 saylı, VI sinfi 9 saylı ümümtəhsil məktəbdə bitirib, orta təhsili axşam fəhlə-gənclər məktəbində başa vurub. 13 yaşı olanda əmisi qızı Bəyimxanım onu 26-lar mədəniyyət sarayında Böyükağa Məmmədovun rəhbəri olduğu özfəaliyyət rəqs ansamblına gətirir. Ora aparmazdan əvvəl Bəyimxanım onunla bəzi məşqlər edir, pəncə-daban hərəkətlərini öyrədir. Böyükağa müəllim onu yoxlayanda bacarığını hiss edir, ritm istedadını duyur və kollektivə qəbul edir. Zemfira burada və B.Məmmədovun Fioletov klubunda və Ehtiyat Əmək Qüvvələri peşə təhsilinin nəzdində rəhbərlik etdiyi özfəaliyyət rəqs kollektivində 1 il ərzində şox şey öyrənir və bacarığı ilə diqqəti cəlb edir. 1960-cı illərin əvvəllərində Mahnı və Rəqs Ansamblına rəqqasələr tələb olunur. Filarmoniyadan B.Məmmədovun rəhbərlik etdiyi özfəaliyyət rəqs kollektivlərinə nümayəndə göndərilir. 26-lar mədəniyyət sarayından Zemfira ilə birlikdə beş qız seçilir və filarmoniyaya dəvət olunur. O zaman Zemfiranın cəmi 14 yaşı var idi.

Haşiyə: “1935-ci ildə peşəkar rəqs sənətimizə az yaşla, lakin böyük istedadla qədəm qoyan Əminə Dilbazi olub. Zemfira Camalova isə bu sahəyə 14 yaşı olarkən, o da yüksək istedadla cəlb olunub”.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Xalq artisti, şöhrətli bəstəkar, filarmoniyanın direktoru Tofiq Quliyev azyaşlı rəqqasəni, Zemfiranı görəndə gülümsəmişdi. Beş qızı (dörd qızdan hər biri Zemfiradan 2 yaş böyük idi) diqqətlə yoxladıqdan sonra üc nəfər qəbul olunur. Beləliklə, Zemfira Camalova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibinə daxil edilir. Sonralar həmin iki qız rəs sənətindən uzaqlaşır, Zemfira isə taleyini həmişəlik bu peşəyə bağlayır.

Zemfira xanımın xatirələrindən: “Düzdür, atam buna etiraz edirdi. Tofiq Quliyev atamı çağırıb söhbət apardı, həm də əmim atamı yola gətirdi. Mən doğum haqqında şəhadətnamə ilə işə qəbul olundim, axı, pasport almağa yaşım çatmırdı. Mənə hansı qaydalarla maaş yazırdılar, bilmirəm. 50 “rubl” məvacib alırdım”.

Zemfirann zahiri gözəlliyi və füsinkar səhnə cazibəsinə onun böyük istedadını da əlavə edəndə, göz qarşısında gələcəyin əsl Azərbaycan rəqqasəsi canlanırdı. Odur ki, filarmoniyanın rəhbərliyi, baletmeysterləri bu nadir incini əldən verə bilməzdilər. Ola bilərdi ki, sonrakı dövrdə o, başqa sahəyə gedər və beləlikllə rəqs sənəti üçün belə bir incini itirə bilərdik. Düzdür, rəhbərlik yaşının azlığına görə Zemfiranı da işə götürəndə tərəddüd edirdlər. Ona görə də tapşırıq verilmişdi ki, bu qız ansamblın ikihissəli proqramını mənimsəyib təhvil verə bilsə, işə qəbul olunsun. Zemfiranın bacarığı öz nəticəsini verdi, proqramı təhvil verəndə həm təəccüb yaratdı, həm də alqışlanıb tərifləndi. Rəqs sənətinə ümid dolu rəqqasə, yeni incəlik və təzə təravət gəlmişdi. Əvvəllər bütün kütləvi rəqslərdə oynayır, staj, təcrübə qazandıqca solistə çevrilirdi. Həmin vaxt ansamblın baletmeysteri Əminə Dilbazi idi.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

İlk səfər 1963-cü ildə Orta Asiya respublikalarına oldu. İki ay yarım çəkən bu səfərdə rəqs ustadı, baletmeyster Ə.Abdullayev özü də iştirak edirdi. Ansambll ora zəngin proqramla getmişdi. Oradakı möhtəşəm konsertlər Z.Camalova kimi sənətə yenicə qədəm qoyan rəqqasə üçün əsl sınaq və imtahan olmuşdu.

Sonrakı səfərlər Azərbaycan royonlarına idi, o, bu konsertlərdə bərkə-boşa düşür, möhkəmlənir, sənətin şirinliyini dadır, məsuliyyətini hiss edir, böyük nailiyyətlər əldə etmək arzuları ilə yaşayır və qazandığı peşə ilə nəfəs alırdı.

Z.Camalova böyük həvəs, arzu və istəklə burada çalışır. Kütləvi və duet rəqslərdəki soloları, həmçinin solo rəqsləri ilə tanınır. Çox keçmir ki, əsas solistlərdən biri olur. “Azərbaycan”, “Dostluq” suitası”nda, “Bulaq başında”, “Qavalla rəqs” , “Bənövşə” və digər rəqslərdə solist olaraq böyük uğurları imzalayır. “Nazeləmə”də öz füsünkar ifası, tərəf-müqabilə münasibəti, inandırıcı hərəkətləri, üz cizgiləri, qaş-gözlə danışması, səmimiyyəti və cazibəsi ilə böyük sevgi ilə qarşılanır. O, bu rəqsdə Əlikram Aslanov, Əkbər Həsənov, Qorxmaz Qurbanov, Ramiz Eynullayev, Azad Hüseynov, Əliağa Yəhyayev və Eldar Əliyevlə çıxış edib. Zemfira xanım “Nazeləmə”də kiminlə, harada, hansı səhnədə çıxış etməsindən asılı olmayaraq həmişə maraqlı oyun nümayiş etdirib və duet rəqsin icraçıları tamaşaçıların fasiləsiz alqışları altında dəfələrələ səhnəyə qayıtmalı olublar. “Dağlar gözəli” Əminə Dilbazinin quruluşu olub. Düzdür buradakı mövzunun məzmunu milli-mənəvi dəyərlərdən kənar olsa da, Sovet ideologiyasına uyğun olaraq repertuara daxil edilib. Bu rəqsdə ən yaxşı ifaçılardan biri kimi tanınan həm də Zemfira xanım olub. Rəqsdə iki oğlan və bir qız çıxış edir. Zemfira Camalova-Həsənova bu məşhur rəqsdə yalnız böyük məharət deyil, həm də incəlik, nəciblik, gözəllik tərənnüm edərək Əkbər Həsənov, Əvəz Qasımov, Xanlar Bəşirov və başqaları ilə tərəf-müqabil olaraq çıxış edib.

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Zemfira xanım “Moldav rəqsi”nin də bacarıqlı solsiti idi. Bu solonu əməkdar artist, çox böyük sənətkar Qorxmaz Qurbanovla oynayıb.

Zemfira xanım çalışdığı Mahnı və Rəqs Ansamblını özünə çox doğma sanmış və öz xoşbəxtliyini də burada tapmışdır. O, 1971-ci ildə ansamblın solistləridən biri Əkbərlə ailə quraraq Həsənova soyadını qəbul edib. Zemfira xanım Ə.Abdullayevin qurduğu “Neftçilər” suitasında da mahir ifaçı olaraq özünü təsdiqləyib, ansamblın kişi solistləri ilə öz solosunu uzlaşdıraraq vəhdət yaradıb, əsərin ideya açımına vasitə yaradıb. Z.Həsənova Mahnı və Rəqs Ansamblının repertuarında özünə daimilik qazanan, C.Cahangirovun mahnısına qurulmuş “Lirik rəqs”də öz yaradıcılıq imkanlarını, daxili hisslərini, incə duyumunu və zövqünü göstərə bilib. Burada Azərbaycan xanımına xas incəlik, şux baxış, incə yeriş, təravət, gülümsər şöhrə və digər xüsusiyyətlər öz əksini tapırdı. Beletmeysterlər, rəqs mütəxəssiləri, incəsənət xadimləri Z.Həsənovanın “Lirik rəqs”dəki ifasına öz heyranlıqlarını bildirir və yüksək dəyər verirdilər. Bu rəqs ilk dəfə Roza Cəlilova üçün qurulub və o, bu rəqsi sevdirə, populyarlıq qazandıra və sevdirə bilib. Lakin Ə.Abdullayev “Lirik rəqs”i Zemfiranın da yüksək səviyyədə ortaya çıxaracağına inanırdı. Elə də oldu, Zemfira bu ifa ilə daha çox sevildi və məşhurlaşdı. R.Cəlilova da Zemfiranın bu işinə böyük dəyər vermişdi.

Bir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Ə.Abdullayevin qurduğu “Dostluq” suitası Sovet dövründə xüsusi əhəmiyyət kəsb edirdi. Burada Sovet xalqlarının dostluğu vəsf olunur. Zemfira xanım bu suitada özbək, rus, Azərbaycan rəqsləri ilə solist idi. Və hər birini xüsusi məharətlə oynayırdı.

Zemfira Həsənova SSRİ-nin bütün respublikalarında və xarici dövlətlərdə çıxış edərək milli rəqsimizi yüksək səviyyədə tərənnüm edib və həmişə alqışlarla qarşılanıb.

Həmin dövrdə Ə.Abdullayev “Qavalla rəqs”i solo ifa olaraq həm Afaq Məlikova və həm də Zemfira Camalova ilə hazırlamışdı. Əslində belə işlər məqbuldur. Əməkdaşın biri xəstə ola bilər və yaxud səfərə tək biri göndərilər, bu zaman həmin rəqs repertuardan çıxarılmasın, rəqs oynanılsın. Bir müddətdən sonra A.Məlikova “Qavalla rəqs”ə maraq göstərmir, Z.Camalova isə həmin rəqsi sevə-sevə oynayır, bir növ özünküləşdirir, ifasında cillayır, formalaşdırır və necə deyərlər hər yerdə öz möhürünü vururdu. Bu rəqsdə də o potensialını, yaradıcılıq məharətini göstərə bilirdi.

Bir 3 nəfər şəkili ola bilər

O, çalışdığı ansamblın bütün heyəti ilə birgə 1965-ci ildə Misirdə 1 ay səfərdə olub. Bu istedadlı rəqqasə 1967-ci ildə Ramiz Məmmədovla Monqolustanda, 1968-ci ildə əməkdar artist Rafiq Əzizovla Əlcəzairdə çıxış edib. Ona qardaş ölkə Türkiyəyə səfər etmək xoşbəxtliyi hələ 1970-ci ildə nəsib olub. Həmin səfərin iştirakçıları xalq artistləri – müğənnilər Şövkət Ələkbərova, İslam Rzayev, tarzən Həbib Bayramov, kamançaçalan Habil Əliyev, nağara ifaçısı Böyükağa Muradov, rəqqasə Roza Cəlilova kimi sənətkarlar idi. Bu səfərdə rəqqasə Afaq Məlikova da getmişdir. Belə ünlü sənətçilərimizin və rəqqasələrin çıxışları Türkiyə tamaşaçılarına o qədər sevinc bəxş edirdi ki... Roza xanımın quruluşu olan üç gül rəqsini R.Cəlilova, Z.Həsənova və A.Məlikova gözəl oyunu xüsusi maraq oyadırdı. Bundan başqa onların hər birinin solo ifası proqramın daha gözəl, zəngin, məzmunlu olmasına xidmət edirdi.

Bir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

1968-ci ildə Mahnı və Rəqs Ansamblı tam heyətlə Monqolustanda çıxış edərkən Z.Həsənovanın solo ifaları da mühüm rol oynayırdı. Sonra İtaliya (2 dəfə), İspaniya, Malta, Çexoslovakiya (2 dəfə), Yunanıstan, Yaponiya, Vyetnam səfərləindəki çıxışlar Zemfira xanıma sənət sevincləri, uğurlar və fərəh hissi bəxş edib.

Zemfira xanımın 1975-ci ildə Belçika və Mozambikdə, sonrakı illərdə ardıcıl olaraq Anqola, Portuqaliya və digər dövlətlərdə çıxışı Azərbaycan rəqs sənətini sevdirib.

Z.Həsənova 1982-ci ildə əməkdar artist fəxri adı alıb. O, Dövlət Rəqs Ansamblının solsiti olaraq cəbhə bölgələrində əsgərlərimiz qarşısında çıxış edib. Ansambl güclü atəşlər altında oranı tərk etməli olub. Z.Həsənova 1995-ci ildə pensiyaya çıxıb. Sonra 22 il “Cücələrim” məktəblilər ansamblında öz qrupu ilə işləyib. O, 6 saylı İncəsənət Gimnaziyasında da çalışıb, burada şöbə müdiri və bədii rəhbər olub. Bu işgüzar, sənətsevər xanım 2 saylı Tibb Məktəbində də qızlardan ibarət özfəaliyyət rəqs ansamblı yaradaraq rəhbərlik edib.

Əhsən RƏHMANLI

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR