“Nuru Paşa Bakını azad etməklə qalmadı, hərbi məktəblər yaratdı, ordumuzun əsasını qoydu”

2021-09-15 14:51:00

“Nuru Paşa Bakını azad etməklə qalmadı, hərbi məktəblər yaratdı, ordumuzun əsasını qoydu”

Bu gün, 15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsindən 103 il ötür. 

Hurriyyet.az xəbər verir ki, Moderator.az-ın əməkdaşı bu tarixi günlə bağlı tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudovun və professor Nəsiman Yaqublunun fikirlərini öyrənib.

R.Mahmudov Moderator.az-a açıqlamasında 15 sentyabrın başımıza papaq qoyduğumuz gün olduğunu bildirib:

“Bu gün 15 sentyabr Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını ingilislərdən, ermənilərdən və bolşeviklərdən azad etməsindən 103 il ötür. Bu gün mən hesab edirəm ki, bizim papaq geyinən günümüzdür. Bu sentyabr ayları Türkiyə-Azərbaycan qardaşlığına düşərli olub. Vətən müharibəsində də 27 sentyabrda döyüşlərə başladıq və türk qardaşlarımız mənəvi cəhətdən yanımızda oldular, bizi dünyada müdafiə etdilər. Nadir Şahdan sonra bu bizim ilk qələbəmizdir. Biz bu günü də tarixi bayramımız kimi qeyd etməliyik. 15 sentyabr həm də bizim kişi olmağımızın, başımıza papaq qoymağımızın günüdür. Bakının 15 sentyabrda paytaxt günü kimi qeyd edilməsi və Nuru Paşaya abidə qoyulması təşəbbüsünə mən də qoşuluram. Mən hələ bu haqda fikirlərimi illər öncə demişəm”.

 

Professor Nəsiman Yaqublu isə saytımıza açıqlamasında 10 nəfər ziyalının imzasıyla Nuru Paşaya heykəl qoyulması üçün aidiyyatı qurumlara məktub ünvanladıqlarını bildirib:

 

“Bizim də rəsmi müraciətimiz olub və bunu mətbuatda da yayımlamışıq. Biz on nəfər ziyalının imzasıyla məktub ünvanladıq ki, Nuru Paşaya Bakı şəhərinin ən görkəmli yerində heykəl qoyulsun. Amma hələ ki, məktubumuza cavab almamışıq. 15 sentyabr Azərbaycan tarixinin ən böyük tarixi günlərindən biridir. 15 sentyabr zəfəri Bakının azad edilməsi, Azərbaycan Cümhuriyyətinin Bakıya köçmə imkanlarının yaranması və Azərbaycanda demokratik dövlət quruculuğunun başlanmasıyla şərtləndirilir. 15 sentyabr olmasaydı, bunların heç biri baş verməyəcəkdi. Biz istiqlalımızı sözlə elan edib, elə Gəncədə də qalacaqdıq. Yəni bizim Bakıya yolumuzu açan 15 sentyabr Bakının qurtuluşu zəfəri, Qafqaz İslam Ordusu oldu. Gəncədən başlayaraq Hacıqabul, Kürdəmir, Ağdaş, Göyçay, Şamaxı, Qobu, Güzdək Salyan, Neftçala, Naxçıvan, Astara və Azərbaycanın o bölgəsi yoxdur ki, orda erməni xəyanətkarlarına və digər düşmən ünsürlərinə qarşı Qafqaz İslam Ordusu döyüşüb, mübarizə aparmasın. Nəticədə 1100 nəfərdən çox türk əsgəri bu döyüşlərdə şəhid oldu. Amma Bakını azad etdilər. Nuru Paşa təkcə Bakını azad etməklə qalmadı, burda hərbi məktəblər yaratdı, ilk ordu hissələrimizin əsasını qoydu, zabitlər yetişdirdi. Bu mənada Nuru Paşanın mənəvi haqqı var ki, Bakı şəhərinin ən görkəmli bir yerində ona böyük, möhtəşəm bir abidə ucaldılsın. Əlbəttə ki, sentyabrlar bizim tariximizə düşdü. İyirminci əsrin və iyirmi birinci əsrin əvvəllərindəki sentyabrlar tariximizə yazıldı. O sentyabrda biz Bakını azad etdik, bu sentyabrda isə Qarabağın işğalda olan əksər rayonlarını işğaldan azad etdik, Qarabağ probleminə doğru addımladıq, uğurlar əldə etdik, Şuşanı azad etdik. Əlbəttə ki, uyğunlaşan məqamlar çoxdur və hər ikisinin də əsas iştirakçısı qardaş Türkiyədir, türk əsgərləridir, ordusudur”.