Nursultan Nazarbayev: “Qəddafi mənə 20 milyard dollar təklif etmişdi, razılaşmadım...”

2021-07-17 19:12:00

Nursultan Nazarbayev: “Qəddafi mənə 20 milyard dollar təklif etmişdi, razılaşmadım...”

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev deyib ki, Liviyanın keçmiş prezidenti Muəmmər Qəddafi SSRİ-nin dağılmasından sonra ona Sovet nüvə silahlarının Qazaxıstan ərazisində saxlanılması üçün 20 milliyard dollar təklif etmişdi.

 

RİA Novosti xəbər verir ki, bu barədə Nazarbayev amerikalı rejissor Oliver Stouna "Qazax: qızıl bir insanın hekayəsi" filminin çəkilişi zamanı verdiyi müsahibəsində danışıb.

 

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində Fələstin Milli Azadlıq Hərəkatının sədri Yasir Ərəfat Qəddafinin adından ölkədəki nüvə silahları ilə bağlı vəziyyəti öyrənmək üçün Qazaxıstana səfərə gəlmişdi. Keçmiş prezident qeyd edir ki, o vaxt nüvə raketlərini kiməsə satmaq və ya bunun üçün pul götürmək ağlına belə gəlmirdi. 
 

Buna baxmayaraq, Ərəfata raketləri saxlamağın çox baha olduğunu söyləyib. Eyni zamanda, zarafatla Qazaxıstanın öz ərazisindəki nüvə silahını qoruyub saxlaması üçün 20 milyard dollara ehtiyac olduğunu əlavə edib. Bu sözlərə Fələstin Azadlıq Hərəkatının  sədri ciddi yanaşıb və Qazaxıstanın tələb olunan miqdarda pulla təmin olunacağını Qəddafinin adından ona bildirib.

 

Sovet İttifaqının dağılmasından sonra Qazaxıstanın dünyanın dördüncü ən böyük nüvə arsenalına sahib idi.  Nazarbayev, həmin illərdə İngiltərənin baş naziri Margaret Tetçer və ABŞ dövlət katibi Ceyms Beykerin onu ziyarət etdiyini və ölkənin nüvə silahları ilə bağlı planlarını da soruşduğunu deyir.

Bundan əvvəl Nazarbayev, Rusiya, ABŞ, Çin və Avropa Birliyinin (AB) iştirakı ilə nüvə tərksilahına dair sammit keçirilməsini təklif etmişdi. Onun fikrincə, sammitin əsas mövzularından biri nüvə silahının mərhələli və mütənasib şəkildə azaldılmasına dair çoxtərəfli razılaşmanın hazırlanması olmalıdır. Nazarbayev qeyd edib ki, Qazaxıstan bu görüş üçün platforma təqdim etməyə hazırdır. \\Virtualaz.org