Növbə kimindir: Lukaşenkonun, yoxsa Mirziyoyevin?

2022-01-15 13:42:00

Növbə kimindir: Lukaşenkonun, yoxsa Mirziyoyevin?

Belarus prezidenti Aleksandr Lukaşenko ili “yaddaş ili” adlandırdı. Amma siyasi müşahidəçilərin böyük əksəriyyətinin fikrincə il Belarus və Lukaşenkonun özü üçün tamam başqa mənalarda “əlamətdar” olacaq.

Məsələ bundadır ki, fevralda Belarusda yeni konstitusiya ilə bağlı referendum keçiriləcək və belaruslar özlərinin yeni konstitusiyalarını qəbul edəcəklər. Əlbəttə, konstitusiyaya yeni-yeni düzəlişlər avtoritar ölkələr üçün elə də nadir hadisə deyil və bu ölkələrdə konstitusiyanın kağız parçasına çevrilməsi adi haldır.

Amma Belarusun halında vəziyyət tamam başqadır. Məsələ bundadır ki, Belarus prezidenti Qazaxıstanın və Nursultan Nazarbayevin təcrübəsini təkrar etməyə hazırlaşır. Bəli, Belarusbaşı prezident postunu tərk edərək Ümumbelarus Məclisinin sədri olmaq istəyir. Xatırladaq ki, elə N.Nazarbayev də belə etmişdi: Təhlükəzizlik Şurasının sədri və guya ki, sadəcə, Elbaşı idi.

Amma Nazarbayevin aqibəti artıq hamıya bəllidir. İnsanlar onun heykəllərini uçurdular. Hətta hökumət adamları paytaxtı öz adı ilə çağırmırlar, çünki xalqın qəzəbindən qorxurlar. Əlbəttə, hakimiyyət adamlarının bəyanatlarına görə guya ölkədə vəziyyət stabilləşib və artıq rus “sülhməramlı”larının ölkədən çıxarılmasına başlanılıb. Amma bizə elə gəlir ki, prosesin yalnız bir mərhələsi bitibdi. Çünki Q.J.Tokaev bir çoxunun fikrincə, siyasi meyitdi və hakimiyyətdə çox qalmayacaq, hətta qalsa belə, rus süngülərinin sayəsində qalacaq. Xalq ilk fürsətdəcə onu devirəcək.

Eyni sözləri Aleksandr Lukaşenko haqqında da demək mümkündür. Təxmini hesablamalara görə, ölkədə mindən artıq siyasi məhbus var. Bundan başqa, A.Lukaşenko prezidentlik stajına görə bütün MDB-də liderdir. Aydın məsələdir ki, əbədi olaraq belə qalmayacaq. Maraqlıdır ki, bu adam öz problemini bilir. Xatırlayırıq ki, sonuncu prezident seçkilərindən sonra müsahibədən öncə o, Rusiya jurnalistlərinə demişdi ki, mən hakimiyyətdə çox qaldım. Bəli, vaxtında hakimiyyətdən getmədi, indisə getməkdən qorxur, çünki bir çox məsələlərə görə cavab verməli olacaq.

Hazırda o, Nazarbayevin təcrübəsini təkrar etməyə hazırlaşır. Hərçənd, sonuncu Qazaxıstan hadisələri bunun necə faydasız olduğunu əyani şəkildə göstərdi. İki hakimiyyətlilik dayanıqsız siyasi sxemdir. Məlum olduğu kimi, Tokayev sələfinin əvvəlcə qızını, daha sonrasa onun özünü hakimiyyətdən uzaqlaşdırdı. Ona görə də demək olar, bütün siyasi müşahidəçilər belə hesab edirlər ki, Qazaxıstan hadisələrinin geosiyasi məzmunundan başqa ciddi daxili siyasi aspektləri də var idi.

Güman ki, Aleksandr Lukaşenko da Rusiyaya və KTMT –nın “sülhməramlı”larına arxayındır. KTMT-nın son müzakirələrində o, dedi ki, növbəti ünvan Özbəkistan ola bilər. Dərhal sual yaranır: bəs niyə Özbəkistan?

Səbəb sadədir. Son vaxtlarda Özbəkistan da geosiyasi mənada KTMT-nın ağalarını qane etmir. Amma daha yaxşı olardı ki, Lukaşenko özünün siyasi aqibəti haqqında fikirləşsin.

Bir daha qeyd edirik ki, o, da yəqin KTMT –a ümid edir. Amma Belarus prezidenti bir məsələni dəqiq bilməlidir: rus süngüləri üzərində uzun müddət hakimiyyət qurmaq olmayacaq.

Hazırda A.Lukaşenko Rusiya ilə razılaşdırmadan bir addım da atmır, ona görə ki, azad Avropada o, əsl “siyasi xortdana” çevrilib. Yalnız MDB-nin və KTMT-nın sammitləri – o, bundan uzağa gedə bilmir. İndi o, daha bir konstitusion tryuk üzərində işləyir.

Hətta MDB-nin sonuncu sammitinə də əliboş gəlməmişdi, yeni konstitusiya layihəsini gətirmişdi ki, Kreml onu necə var, redaktə edə bilsin. Amma çətin, bu, ona kömək etsin, çünki hər şeyin, o cümlədən də ən güclü diktaturaların da bir axırı olur...

Yeni Müsavat