NOTARİUS LƏNKƏRAN SAKİNİNİ HANSI HAQLA MİRASDAN MƏHRUM EDİB? – Hüquqşünaslar məsələyə aydınlıq gətirdi…

2022-09-07 16:36:00

NOTARİUS LƏNKƏRAN SAKİNİNİ HANSI HAQLA MİRASDAN MƏHRUM EDİB? – Hüquqşünaslar məsələyə aydınlıq gətirdi…

Hürriyyet.az-a müraciət edən Lənkəran sakini, hazırda Rusiyada yaşayan Kəmalə Bayramovanın haqsızlıqla üzləşdiyi haqda iddiası ilə oxucularımızı tanış etmişdik.

Xatırladaq ki, K.Bayramova şikayətində atası Allahverdi Bayramovdan miras qalan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 116-da yerləşən evin bölgüsünün ədalətli aparılmadığını və ona miras payı verilmədiyini bildirmişdi. Şikayətçinin sözlərinə görə, 3 qardaş və 2 bacı arasında pay bölgüsü aparılsa da, qanuni varis olmasına rəğmən, onun adı payçılar siyahısında qeyd olunmayıb.

Kəmalə xanım bildirir ki, 2005-ci ildən Rusiyada yaşayır və bu ölkənin vətəndaşıdır. Uzun müddət Azərbaycanda olmadığından, onun xəbəri olmadan 3 qardaşı ata mülkünə sahib çıxıblar. Bacıları Abdullayeva Zəminə və Qasımova Günay isə ata mülkündən qardaşlarının xeyrinə imtina ediblər.

Lənkəran şəhərində yerləşən Notarius kontorunun əməkdaşı Səfər İsmayılov mövzu ilə bağlı suallarımızı cavablandırıb. O qeyd edib ki, Kəmalə Bayramova sözügedən evdə qeydiyyatda olmayıb: "Həmçinin, bizə qardaş-bacıları deməyiblər ki, əlavə bir bacıları da var. Biz tərəfdən hər şey qanunauyğun aparılıb və iş yekunlaşıb".

Lənkəran sakininin ata mükündən pay ala bilməməsi nə dərəcədə qanunidi? Bu məsələyə hüquqşunaslarla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

Vəkil Asif Allahverdiyev deyir ki, Notarius xidməti sənədlərdə kimlərin adları varsa onlarla maraqlanır: "Notarius məcbur deyil ki, araşdırma aparsın, sənəddə adı olmayan xanımı tapsın. Notarius qərar verir və 6 ay gözləyir. 6 ay keçdikdən sonra qərar qüvvəyə minir. Və nəticədə belə görsənir ki, xanım payını istəmir".

Vəkilin sözlərinə görə, bununla belə, xanım məhkəmə orqanlarına müraciət etsə, ata mirasından pay əldə edə bilər.

Vəkil Fərhad Mehdiyev də deyir ki, bu məsələdə Notarius məsuliyyət daşımır: "Notarius 6 ay ərzində qanunu icra etmir. Şikayətçi varsa, 6 ay ərzində notariusa müraciət edir və qanun qüvvədə qalmır".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qeyd edək ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 116-da yerləşən evin qeydiyyat şəhadətnaməsinin surətini əldə edə bilmədiyimiz və şikaytçi xanım da bu sənədi redaksiyamıza təqdim etmədiyi üçün, Notarius kontorunun əməkdaşı Səfər İsmayılovun iddia etdiyi kimi, orada Kəmalə Bayramovanın adının olub-olmadığını aydınlaşdıra bilmədik…


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.105433