Saat:03:10
Haqqımızda

Nizami polisi hansı "dövlət lotusu"nun SİFARİŞİNİ İCRA EDİR?

2022-08-19 11:00:00

Nizami polisi hansı

1-ci dərəcəli yataq xəstəsi Qarabağ əlili kimin göstərişi ilə axtarışa verilib?

Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin DİN-in 1-ci dərəcəli Qarabağ əlilinə qarşı özbaşınalığı yeni mərhələyə qədəm qoyub. Bir aya yaxındır Bakıdan qıraqda tibbi istirahətdəyəm. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xaricdə müalicəyə getmək üçün yol xərcinin ödənməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət edib və ƏƏSMN də öz növbəsində, uçaq biletləri əsasında xərcləri qarşılamağa söz verib. Hazırda Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicəyə getməyə yollayış axtarışındayam. Mən bilet, yol pulu, yollayış axtarışında, sən demə, Nizami polisi də məni axtarışa verib. Hansı əsasla, hansı qanun, hansı məcəllə, hansı Konstitusiya ilə?

Yaşayış yerimin yanında iki nəfər mülki geyimli şəxsin 90-RZ-222 dövlət nömrə nişanlı “Şevrolet Malibu” avtomobilində məni bir neçə gündür güddükləri bəlli olub. Deyəsən, “ağıllanıblar”, daha əvvəllər olduğu kimi, iki maşın reket dəstəsi ilə yataqdan alt paltarında aparmaq “lotuluğuna” əl atmırlar. Bu “ağıllanma” Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından qaynaqlanır, yəqin. Hələ növbəti qərarın veriləcəyi də gözlənilir . Ona görə evin yanında “axtarış keşiyindədirlər”. Kimin sifarişini, hansı “dövlət lotusu”nun tapşırığını icra edirlər? Polis hüquq mühafizə orqanıdır, yoxsa “lotuların” buyruq qulları?

Dünən oğlum öyrənib ki, “axtarış həyata keçirən” mülki geyimli polislər heç məni tanımırlar, niyə “axtardıqlarını” da bilmirlər. Sadəcə rəisin (ya idarə, ya da 24-cü PŞ) göstərişini yerinə yetirirlər. Rəisə də hansısa “dövlət lotusu” sifariş verib. 24-ün yeni rəisinin kim olduğunu bilmirəm, yaxşı olar, sahə müvəkkili Elçin İslamov 4 il qabaqkı “axtarışın” sonucunu yeni rəisinə xatırlatsın. O vaxt nazir Ramil Usubovun qardaşı oğlu Hikmət Usubovun “cinayət axtarışı”ndan “mühafizəçi xidməti”nə keçirilməsi özbaşınalığa verilən qiymət idi. Hətta Nizami RPİ-nin rəisi Ədalət Yaqubovun “axtarış cinayətini” boynuna götürməsi yarınmağı da yardıma çatmamışdı.

Bir daha bildirirəm ki, mən heç yerə qaçmamışam, fikrim də yoxdur, olsa da yataqdan hara qaça bilərəm? Ramiz Rövşən deyir, mən durmuşam yerimdə. Mən yatmışam yerimdə. Çağırış vərəqi verilsin, orada hansı prosessual qisimdə çağırılmağım göstərilsin, gəlməsəm, məhkəmə qərarı ilə gətirilim. Bu, prosessual hüquqdur, bir də yataq xəstələrinin məcburi gətirilməsini qanun qadağan edir. Yataqda izahat almaq belə problemdir?

Mənim heç nədən qorxum yoxdur. Qorxum ailə üzvlərimin qorxu içində olmalarındandır. Görün, nə durumdur ki, oğlum məni zorla aparanları vuracağını deyir. Oğlumun yaşamını puç edim?

Dünəndən iki dəfə 102-yə zəng edib, yataqda olduğumu demişəm, tədbir görüləcəyi bildirilib. Elə illər öncə də belə deyilirdi… Xəbərdarlıq edirəm, yenə əvvəlki illərdəki özbaşınalıq təkrarlansa, baş verənlərin məsuliyyəti “dövlət lotuları”nın sifarişini icra edən polisin üzərində olacaq.

Ana Qanunun 71-ci maddəsinin IX hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. 79-cu konstitusiya maddəsi heç kəsin Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməzliyini doğrulayır.

Mən Ana Qanunun 1-ci maddəsinə görə, XALQAM-ölkənin 1-ci şəxsiyəm.

Mən xalqam, mən yatmışam yerimdə. Nə sözünüz var, gəlin adam kimi, lap elə polis kimi deyin !

Məğrur Bədəlsoy,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR