Niyə Cənubi Sakit okeanın seyrək məskunlaşmış adaları ABŞ və Çin arasında növbəti döyüş meydanına çevrilib və bu Avstraliya üçün hansı anlam kəsb edir?

2022-06-09 15:40:00

Niyə Cənubi Sakit okeanın seyrək məskunlaşmış adaları ABŞ və Çin arasında növbəti döyüş meydanına çevrilib və bu Avstraliya üçün hansı anlam kəsb edir?

Sakit okeanın cənubundakı ada ölkələri - az məskunlaşan atollar və vulkanik arxipelaqlar gəlirli təbii sərvətlərindən daha çox turizmlə tanınır - ilk baxışdan geosiyasi baxımdan daha az əhəmiyyət kəsb edə bilər. Lakin Səma İmperiyası-Çin bu yaxınlarda gözünü oraya çevirdi. Bunu Çinin XİN naziri Vanq Yinin 26 may - 4 iyun tarixləri arasında bölgəyə on günlük səfəri sübut edir. Çin və ada hökumətləri arasında diplomatik get-gəllər və güman olunan sövdələşmələr haqda xəbər bu adalarda diplomatik nüfuza malik Cənubi Sakit Okean güclərini - Avstraliya, Yeni Zelandiya və ABŞ-ı həyəcanlandırdı. Belə ki, keçən həftə Vaşinqton bölgəyə öz dəstəyini artıracağını vəd etdi, Kanberra isə XİN naziri Penni Vonqu diplomatik səfərə yolladı.
Vaşinqton və Kanberranın nöqteyi-nəzərindən Pekin potensial olaraq infrastruktur sazişlərini, hətta sadə görünən təhlükəsizlik razılaşmalarını özü üçün hərbi platsdarma çevirə biləcəyi üçün Cənubi Sakit okean paytaxtları ilə əlaqələri gücləndirir.
Bu, ABŞ-ın hərbi bazalarının və Mikroneziya Federativ Dövlətləri, Marşal Adaları Respublikası və Palau Respublikası ilə Azad Assosiasiya Müqaviləsinin yerləşdiyi Cənubi Sakit okeanda Avstraliya-Amerika hərbi mövcudluğuna zərbə vuracaq.
Avstraliya regionda öz donanmasını idarə edir və sülhməramlı və hərbi təlim də daxil olmaqla qonşu ada hökumətləri ilə uzunmüddətli müdafiə və təhlükəsizlik əlaqələrinə malikdir. Bundan əlavə, həm Avstraliya, həm də Yeni Zelandiya Sakit okeanda regional və ikitərəfli təhlükəsizlik paktlarının tərəfləridir.
Çinin müdafiə obyektlərinin bölgədə yerləşdirilməsi ABŞ-Avstraliya ticarət və hərbi gəmilərinin fəaliyyətinə təhlükə yaradacaq.
ABŞ və Avstraliya üçün regional status-kvonun təhdidləri İkinci Dünya Müharibəsinin nəticələrini xatırladır, o zaman adalar Yaponiya imperiyası tərəfindən ABŞ-ın nüvə hücumundan əvvəl Avstraliyanın suverenliyini təhdid etmək üçün istifadə olunurdu.
Çin də öz növbəsində Hind-Sakit Okean regionunun bəzi ölkələrində yaxşı reklam edilmiş layihələri - Solomon adalarında Sakit Okean Oyunları üçün milli idman stadionu, Papua Yeni Qvineyada magistral yollar, Ficidəki körpü layihələrini dəstəklədi və tez-tez hökumət rəsmilərini ora göndərdi. Bura xüsusilə, Çin lideri Si Szinpinin 2014 və 2018-ci illərdə iki səfəri də aid etmək olar.
Avstraliyanın "Lowy İnstitute" analitik mərkəzinin tərtib etdiyi məlumatlara görə, son beş ildə Avstraliya regionun ən yaxşı yardım donoru olsa da, bəzi ölkələr Çinin daha uyğun tərəfdaş olduğuna və daha çox maliyyə təklif edə biləcəyinə inanır.
Beləliklə, regionda bir tərəfdə Çin, digər tərəfdə isə ABŞ, Avstraliya və Yeni Zelandiya olmaqla ikitərəfli düşərgə yaranır. Zaman keçdikcə aralarındakı gərginlik artacaq və ada dövlətləri bu iki cinahdan birini seçməli olduqlarına görə balanslaşdırma çətinləşə bilər ki, bu da müharibəni tətikləyə bilər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya