Saat:08:02
Haqqımızda

Niyə biz özümüzü aldadırıq?

2024-02-05 16:15:02

Niyə biz özümüzü aldadırıq?

«Hürriyyət» qəzetinin 23.01.2024-cü il tarixli sayında «Molla rejimi soydaşlarımızın sayını niyə azaltmağa çalışır», başlıqlı Vazeh Bəhramoğlunun, həmişə savadlı və obyektiv təhlilə əsaslanan yazıları ilə mətbuatda çıxış edən politoloq Xaqani Cəfərlinin fikirlərinə əsaslanan yazısında diqqətimi bir neçə məsələ cəlb etdi.

Məqalənin əvvəlində deyilir: “İranın mövcud düzənini qoruyub saxlaya bilməyəcəyi ilə bağlı əminlik artdıqca, İranın əhalisinin etnik tərkibi ilə bağlı məlumatlar daha çox maraq kəsb etməyə başlayıb. İsrail mənbələri istisna olmaqla, böyük əksəriyyət araşdırmaçılar soydaşlarımızın sayını azaltmağa çalışırlar. Belə ki, əksər araşdırmaçılar azərbaycanlıların sayının 20-25 milyon arasında olduğunu və İran əhalisinin 25 faizini təşkil etdiyini qeyd edirlər.

«Hürriyyətin məlumatına görə, politoloq Xaqani Cəfərli bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi kimi qərəzliyi aşkar görünən mənbələr İran əhalisinin 15-20 faizini azərbaycanlıların təşkil etdiyini göstərirlər.

Birinci bundan başlayaq ki, bu gün İran adlandırılan Qacar yurdunda bir nəfər azərbaycanlı adlı etnikin (millətin) nümayəndəsi belə yoxdur. Əgər sözbət Güney Azərbaycan ərazisində yaşayan və aborigen millət olub, bu ərazidə yaşayan əhalinin mütləq çoxluğunu təşkil edən millətdən gedirsə, bu millət Güney Azərbaycan TÜRKLƏRİDİR. Yəni türk milləti, türk etniyidir.

1936-cı ildə Quzey Azərbaycan türklərinə İ.Stalinin məqsədyönlü olaraq öz uşağına qoyduğu ad kimi verdiyi saxta, «Azərbaycanda yaşayan» mənası daşıyan «azərbaycanlı» adı bu gün Quzey Azərbaycanda bir sıra məsələlərlə əlaqədar olaraq öz Konstitusiyasında bu saxta adı pozub, millətin əsil adını yazmadığından, çoxları indi təkcə Quzeydə yaşayan türkləri deyil, hətta Güneydəki türkləri də «azərbaycanlı» adlandıraraq düşmənlərimizin dəyirmanına özləri də bilmədən su tökmüş olurlar. Necəsini izah edəcəyəm.

İkincisi, Rusiya dövlətinin bütün səviyyədə olan dövlət orqanları və məmurları Güney Azərbaycanda 15-20 mln. türkün (onların təbirincə «azərbaycanlının») yaşadığını daim təkrar etməsi Xaqani Cəfərlinin iddiası olmayıb, hətta Rusiya Prezienti V.Putinin Moskvanın telestudiyaları vasitəsilə verdiyi müsahibələrində bütövlükdə «İranda» 15-20 milyon «azərbaycanlının» yaşadığını söyləməsi bu gün də telearxivlərdə mühafizə edilən, sənədlərlə təsdiq edilən real faktdır.

Üçüncüsü, Tehranın molla-faşist rejimi bu ölkədə, ilk növbədə Güney Azərbaycanda türk millətinə mənsub vətəndaşların sayını rəsmi məlumatlarda bir neçə üsul ilə əhəmiyyətli dərəcədə azaldaraq beynəlxalq müstəvidə bu dövlətdə farsların çoxluq təşkil etməsi təsəvvürü yaratmağa çalışır.

Bu dövlətdə, xüsusilə molla rejimi dövründə türk mənliyinin yox edilməsinə yönəldilmiş proses və tədbirləri az-çox izləyən hər kəsə məlumdur ki, Güney Azərbaycanın ərazilərinin şəhərlərini, həmin şəhərlərin ətraf kəndləri ilə birlikdə Güney Azərbaycan inzibati ərazilərinə daxil olmayan ostanlara, yəni vilayət tipli inzibati qurumların ərazilərinə qatmaqla, buranı ərazi etibarilə kiçiltməklə bərabər, rəsmi məlumatlarda Azərbaycan türklərinin sayını həmin ərazidə yaşayan türklərin sayı qədər azaltmış olurlar. Məsələn, Astara şəhəri, ətraf kəndləri də daxil olmaqla «Türkmənçay» müqaviləsinə əsasən yarı bölünərək o vaxtdan bəri bir hissəsi Güney, bir hissəsi də Quzey Azərbaycanın tərkibində qalmışdır. Tehran rejimi Güney Astara şəhərini ətraf kəndləri ilə birlikdə Gilan ostanının (vilayətinin) tərkibinə qatmaqla Güney Azərbaycanın inzibati əraziləri ilə birlikdə, o ərazidə yaşayan türklərin də sayı qədər azaltmışdır. Həm də molla rejiminin dövründə bu üsulla Güney Azərbaycan ərazisi və əhalisinin sayını otuz faizdən çox azaltmışdır. Güney Azərbaycan türklərinin sayının rəsmi məlumatlarda süni şəkildə az göstərmək məqsədilə əhalinin siyahya alınmasının keçirilməməsi, bu sahədə araşdırma aparanları çaşdırmaq üçün əhaliyə öz uşaqlarına türk adlarının qoyulması, təhsil, mətbuat, sənədləşmə, mədəniyyət sahələrinin, ədəbiyyatın türk dilində mövcudluğunun sərt qadağan edilməsi və s. Tehran rejiminin bu sahədə süni surətdə qeyri-müəyyənlik yaradaraq milli məsələlərə dair məlumatları kütləvi olaraq saxtalaşdırmasına şərait yaradır.

Məqalə müəllifi bir məsələdə çox haqlıdır ki, Güney Azərbaycanda yaşayan türklərin sayının 45 milyon olduğunu deyən İsrail mənbələrinin məlumatı dəqiqdir. Çünki İsrail mənbələri Tehranın Güney Azərbaycanın kürd, fars, ərəb və s. millətlərin say etibarilə çox sayılan ərazilərinə birləşdirdiyi ərazilərlə birlikdə, yəni Güney Azərbaycanın bütöv ərazilərində yaşayan Azərbaycan türklərinin sayını açıqlayır. Tehran rejiminin və onun saxta məlumatları əsasında Güney Azərbaycan ərazisindən kənarda, Qacar yurdunda yaşayan türklərin isə hamısı fars olaraq göstərilir. Hansı ki, təkcə Tehranın öz əhalisinin 8 milyondan çoxunu türklər təşkil edir. Hələ R.Xomeyni sağ ikən Tehranda türk əhalinin sayı farslardan iki milyona yaxın çox olduğundan Əfqanıstandan və s. yerlərdən iki milyona qədər farsdilli əhalini gətirib Tehranda yerləşdirməklə, orada türk-fars milli balansını tarazlaşdırdılar.

Şimali Azərbaycan Respublikası mətbuatında Güney türkləri haqqında fikir söyləyənlərin ən böyük xətası isə budur ki, biz ictimaiyyətin nəzərini ancaq Güney Azərbaycan türklərinin sayına yönəltməklə, Qacar yurdunun digər bölgələrində öz milli ərazilərində yaşayan digər türkləri görməzdən gəlir, şovinist fars faşizminin milli mənafeinə xidmət etmiş oluruq. Hansı ki, bu gün fars körfəzi adlandırılan Kəngər körfəzindən bu tərəfə kəngərlər, Şiraz, İsfahan, Simnanda qaşqaylar, Xorasanda, Türkmənistan Respublikası ilə həmsərhəd ərazilərdə Qonbəde-Kavus, Sarı şəhərində türkmənlər, şahsevənlər, əfşarlar, türkmənsəhra türkləri və s. ümumilikdə sayı 17 milyondan çox olan türk toplumları Güney Azərbaycan sayılan ərazilərdən kənarda yaşayır.

Qacar yurdunda yaşayan başqa millətlərin sayına gəldikdə isə, beş milyona yaxın kürd, iki milyona yaxın ərəb, üç milyona yaxın bəluc, 12-14 milyon civarında fars, 1-1,5 milyona yaxın digər xırda xalqlar yaşayır. Biz Qacar yurdunda yaşayan türk toplumları və onların milli hüquqlarını bir kənara qoyub, ancaq Güney Azərbaycan türkləri haqqında danışdığımız halda özümüz öz millətimizi kiçildir, 45 milyon Azərbaycan türkündən əlavə on yeddi milyondan çox türk toplumunun milli haqlarının fars şovinizmi tərəfindən vəhşicəsinə tapdalanması, onların assimilyasiya məruz qoyulması üçün daha münbit şəarit yaratmış oluruq.

Adı çəkilən məqalədə türk milli məsələləri, o cümlədən türklərin sayı barədə bir sıra dövlətlərin və beynəlxalq təşkilatların istifadə etdiyi rəsmi məlumatlara əsaslanaraq təhlil edilərək, onların tirajladığı rəqəmlərin saxta olduğu sübut edilir. Lakin buna baxmayaraq bir çoxları bu rəqəmləri elə real rəqəmlər kimi qəbul edir. Çünki biz özümüz rəsmi olmayan, lakin real mənzərəni əks etdirən rəqəmləri daim açıqlamadığımıza görə, Tehran rejiminin saxta, çox vaxt da şifahi bildirdikləri rəqəmlərinə əsaslanaraq, bu məlumatları düşmən dövlətlərin yüksək statuslu məmurları, dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarda yuvalanmış türk düşmənlərinin millətimizə qarşı bu saxtakarlıq vasitəsilə həqiqətə uyğun olmayan rəy yaratmasına kömək etmiş oluruq.

Ümumiyyətlə, hansı türk dövlətinin vətəndaşı olmasından asılı olmayaraq türk dili, türk mədəniyyəti, türk tarixi, türk mənliyinə aid olan hər bir məsələ haqqında danışarkən azərbaycanlı, özbəkistanlı, türkiyəli və s. baxımından deyil, məhz TÜRK MİLLƏTİ olaraq məsələyə yanaşılmalıdır. Çox təəssüf ki, biz hələ də rus imperiyasının, o cümlədən bolşevizmin bizim beynimizə yeritdiyi saxta anlayışlardan, zehnimizə möhür kimi vurduqları yanlış düşüncələrdən əl çəkib, reallıqlara olduğu kimi yanaşmaqdansa, bir hissəmiz min ildən çox öncə vəhşi ərəblərin və hiyləgər farsların başımıza noxta keçirib, belimizə palan kimi qoyduqları sünnü-şiə yükünü, yüz ildən bəri rusların bolşevizmini bizi sağlam düşüncədən, inkişafdan sapındıran ağır yük kimi onların xeyrinə müftə daşıyırıq.

Bu gün biz türklərin həm millət, həm fərd olaraq tarixin bu anında qarşımızda taleyüklü bir məsələ durur. Biz türk milli mənliyini monolitləşdirmək, eləcə də bütün iqtisadi, inzibati, hərbi, elmi, texniki və s. sahələr üzrə bütün türk toplumlarını qane edə biləcək iqtisadi-ictimai sistemini ehtiva edən TURAN dövlətini qurmalıyıq. Bunu etmək istəməsək və ya edə bilməsək, elə də uzaq gələcək olmayan dövrdə türk milləti və dövlətləri olaraq tarixin arxivində mənzilləşəcəyimiz qaçılmaz labüdlüyə çevrilmiş olacaq.

Şapur QASİMİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199862