Niyə Allahşükür Paşazadənin yaxınları başı örütülü şəkil çəkdirib şəxsiyyət vəsiqəsi ala bilər, adi vətəndaş yox?

2021-09-14 10:14:00

Niyə Allahşükür Paşazadənin yaxınları başı örütülü şəkil çəkdirib şəxsiyyət vəsiqəsi ala bilər, adi vətəndaş yox?

Niyə Allahşükür Paşazadənin yaxınları başı örütülü şəkil çəkdirib şəxsiyyət vəsiqəsi ala bilər, adi vətəndaş yox?

Xalidə Əliyeva: “Hətta vətəndaşlığı olmayan əcnəbilər belə, Azərbaycanda müvəqqəti yaşamaq izni alanda hicabla şəkil çəkdirə bilirlər…”

Bakı şəhər sakini Xalidə Əliyeva "Hürriyyət"ə müraciətində bildirib ki, bir müddətdir nə özü, nə də qızına şəxsiyyət vəsiqəsi ala bilmir. Səbəb kimi isə baş örütüyü ilə şəkil çəkilməsinə icazə verilməməsini göstərir.

Dediyinə görə, şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün Xətai rayonunda yerləşən 2 nömrəli ASAN Xidmətə müraciət edib. Bütün prosedurlardan keçən Xalidə Əliyevadan, şəkil çəkdirmək mərhələsinə çatdıqda, baş örtüyünün çıxarılması tələb olunub:

“Nə qızım, nə də mən şəxsiyyət vəsiqəsi ala bilmirik. Deyirlər ki, hicabını aç, şəxsiyyət vəsiqəsi verək. Qızımın şəxsiyyət vəsiqəsinin 1 ildir ki, etirbarlılıq müddəti bitib. Xətai rayonu üzrə 2 nömrəli ASAN Xidmətə müraciət etdik, bütün prosedurları keçdik - boyun ölçülməsi, göz rənginin təyin edilməsi və s. Şəkil çəkdirməyə gələndə, baxdım ki, pərdə çəkirlər. Səbəbini soruşanda, hicabla şəkil çəkməyə icazə verilmədiyini, bu səbəblə başımızı açanda ətrafdakılar görməsin deyə pərdə çəkildiyini dedilər. Guya bizə hörmət edirlər. Mən onlardan belə bir şeyin harda yazıldığını soruşduqda, sualıma cavab tapmadılar, çünki belə bir şey yoxdur.

Qızım 9-cu sinfi bitirib, texnikoma daxil olmalı idi. Şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən daxil ola bilmədi. Dediklərinin  qanuni əsasını tələb etdiyim zaman isə susurlar. Sadəcə ASAN xidmətə şifahi deyilib ki, baş örtüyü ilə şəkil çəkdirmək olmaz. Halbuki, qanunda belə bir qadağa yoxdur. Özümün də hazırkı şəxsiyyət vəsiqəmdə baş örtüyüm yoxdur. Alan zaman deyirdilər ki, şəxsiyyət vəsiqəsində baş örtüyü olmaz. Mən də bunun həqiqətən qanun olduğunu düşünüb əməl etmişəm. Lakin, yenə də bu illər ərzində şəxsiyyət vəsiqəsində baş örtüyümün olmaması mənə mənəvi əzab verirdi - sənəd təqdim edilən hər yerdə məni hicabsız görürlər,  ASAN Xidmətə getdiyim zaman növbə gözləyərkən şəklim ekrana çıxır, zalda gözləyənlər hicabsız şəklimi görür. Bu da mənim hamının qarşısında hicabımın açıq olması anlamına gəlir. Üstəlik, çox yerdə hicablı halımla hicabsız şəklimi bənzətməkdə çətinlik çəkirlər. Şikayətimi ASAN xidmətdə qırmızı kitaba yazdım. Müraciətimi Baş Pasport Qeydiyyat Miqrasiya idarəsinə göndərdiklərini dedilər. BPQMİ də cavab verdi ki, şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmək qanunda nəzərdə tutulmayıb. Elə bil uşaq başı aldadırlar. Hamı çox gözəl bilir ki, qanunda nəzərdə tutulmayıb, heç kəsə nə qadağa, nə məhdudiyyət, nə də cəza və cərimə tətbiq edilə bilməz. Bunun üçün xüsusi qadağanedici qanun və maddələr olmalıdır.  Ətrafımda olan hicablı qadınlar da məcburiyyətdən şəxsiyyət vəsiqəsini başı açıq formada alıblar".

Xalidə Əliyeva deyir ki, yüksək çinli məmurların hicablı yaxınları şəxsiyyət vəsiqəsini başıbağlı formada ala bilir. Amma bu, sıravi vətəndaşa icazə verilmir: "Bir tanışım Allahşükür Paşazadəyə yaxın adamların şəxsiyyət vəsiqəsini başıbağlı formada aldıqlarını deyib (onlardan bəziləri ilə yaxınlığı var). Hətta vətəndaşlığı olmayan əcnəbilər belə, Azərbaycanda müvəqqəti yaşamaq izni alanda vəsiqəni hicabla ala bilirlər. Amma sıravi vətəndaşa icazə verilmir. Vətəndaşın dini etiqad azadlığı var və buna görə ayrı-seçkilik etmək qadağandır. Bu, həm Azərbaycan Respublikasının Konustitusiyasında, həm də Azərbaycanın imza atıb tərəfdaş çıxdığı AİHK-da təsbit olunub. Bəzən sosial şəbəkədə hicabla şəxsiyyət vəsiqəsi ala bilmədiyimi səsləndirəndə deyirlər ki, xoşun gəlmir get İranda, Ərəbistanda yaşa. Halbuki, mən qanundan kənar heç bir şey istəmirəm, istəyim tam qanun çərçivəsindədir.  Azərbaycanın dini dövlət olmadığını deyirlər. Belə çıxır ki, ABŞ, Ukrayna dini dövlətdir?... Bunun dini dövlət olmasına nə dəxli var?! Burda vətəndaşın dini etiqad azadlığından söhbət gedir. Hüquqlarım kobud şəkildə pozulur. Bu səbəblə BPQMİ-ni məhkəməyə vermişəm. Lakin BPQMİ nə birinci instansiya, nə də Apellyasiya Məhkəməsinə təşrif buyurmağı belə lazım bilməyib, yaxud da əməlinə verəcəyi açıqlama olmadığı üçün cavabdan qaçır.  Cənab prezident də çıxışlarında və xarici jurnalistlərə verdiyi müsahibələrdə ölkəmizdə dini etiqadın azad olduğunu vurğulayır. Ümid edirəm ki, bu məsələ ictimailəşsə, cənab Prezident bundan xəbər tutsa,  BPQMİ-nin bu özbaşınalığına son qoyulacaq".

Qeyd etmək istəyirik ki, ölkəmizin bütün qanunlarında və normativ aktlarında - "Pasportlar haqqında" Qanunda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri"ndə, “Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda göstərilib ki, vətəndaşın fotoşəkili Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Baş örtüyü ilə şəkil çəkdirilməsinə icazə verilməsi isə ancaq dini, tibbi və mədəni səbəblərlə bağlı ola bilər. Yəni dövlət şəxsin dini inancını, tibbi zərurəti, yaxud da mədəni ənənələri nəzərə alaraq şəxsin baş örtüyü ilə şəkil çəkdirməsinə icazə verə bilər. Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədinə əsasən üz, qulaqların ön hissəsi də daxil olmaqla saç tökülməsindən çənəyə qədər görünməlidir. Üzü örtən örtüklərə, saçlara, papaqlara və ya üz bəzəklərinə icazə verilmir. Həmin sənədin 1-ci hissəsinin 1-ci cildinin 4-cü fəslinin 11 saylı əlavəsinə əsasən pasportlar, istifadə edilən başqa sənədlər üçün dini adətlər, tibbi göstərişlər və mədəni ənənələrlə bağlı baş geyimi ilə olan fotoşəkildən istifadə etmək imkanı nəzərdə tutulub. Hətta bunun foto nümunələri də göstərilib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının 2018-ci ilə dair texniki hesabatında qeyd olunur ki, baş örtüyü naxış və ornamentlərsiz, bir rəngdə, saçların dibləri arasındakı nahiyə - yanaqlar, üz, gözlər və qaşlar da daxil olmaqla, qulaqların önü və çənə görünəcək şəkildə olmalı, başa kip şəkildə oturmalı, bu zaman üzə heç bir kölgə düşməməli və foto yüksək keyfiyyətdə çəkilməlidir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının sənədindən də göründüyü kimi, dini səbəblə bağlı olaraq baş örtüklü şəkil çəkdirilməsinə icazə verilir.

Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II bəndinə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr ölkənin qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) sənədləri də qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

Konstitusiyanın 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Avropa İnsan Haqları Konvensiyası (AİHK) və BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı (Pakt) Azərbaycanın tərəfdar çıxdığı ən önəmli beynəlxalq müqavilələrdəndir. Azərbaycan AİHK-ı ratifikasiya edib, Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) yurisdiksiyasının məcburiliyini, eləcə də Beynəlxalq Paktı tanıyıb, BMT İHK qarşısında öhdəlik götürüb.

Konstitusiyanın 148-ci maddəsinin 2-ci bəndinin tələblərinə əsasən, Azərbaycanın qanunvericilik sistemi üçün AİHM-in və BMT İHK-ın qərarları (Konvensiya və Paktın müddəalarının şərhi kimi) beynəlxalq hüququn normaları ilə eyni əhəmiyyətə malikdir. Deməli, sözügedən kontekstdə Konvensiyanın və AİHM-in, eyni zamanda BMT İHK-ın standartları əsas götürülməlidir.

"Hüquq Bürosu" MMC-nin sədri, hüquqşünas Arzu Alıyeva "Hürriyyət"ə deyib ki, ölkəmizdə şəxsiyyət vəsiqəsi və pasportlarına dair standartlar "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunla və Mülki Aviasiya Təşkilatının sənədiylə tənzimlənir. Hüquqşünas vurğulayıb ki, istisna hallarda baş geyiminə icazə verilə bilər. Azərbayan dini dövlət olmadığına görə, şəxsiyyət vəsiqəsinə baş örtüyü ilə şəkil çəkdirilməyə icazə verilmir: "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportlarına dair standartlar "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunla, eyni zamanda "şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əsasnaməylə və pasportlar haqqında qanunun" tətbiqiylə bağlı əsasnamələrlə tənizmlənir. Bu əsasnamələr isə öz növbəsində beynəlxalq mülki aviasiya təşkilatının sənədiylə tənzimlənir. Yəni bu qanunların qəbulunda beynəlxalq mülki aviasiya təşkilatının sənədinə istinad edilir. Həmin sənəddə nəzərdə tutulur ki, foto şəkil çəkilərkən baş geyimlərindən istifadə etmək olmaz. Yəni baş geyimləri qadağa edilir. Eyni zamanda sənəddə göstərilir ki, şəxsiyyəti təsdiq edən şəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı, baş geyimlərindən və pariklərdən istifadəyə yol verilmir. Beynəlxalq sənəddə belə nəzərdə tutulur. Sözügedən sənəddə istisnalar da nəzərdə tutulur. Qeyd edilir ki, ölkənin dini inancları, tibbi, mədəni və digər baxımdan baş örtüyünün olması qadağan edilmir. Yəni baş örtüyü tam olaraq qadağan edilmir. Bizim ölkə dini dövlət olmadığından və rəsmi şəkildə baş örtüyü olmadığına görə beynəlxalq qanunun tələb etdiyi kimi baş örtüyündən istifadə edilməməklə şəxsiyyət vəsiqəsinə foto çəkdirmək lazımdır". 

Qeyd edək ki, şəxsiyyət vəsiqəsi meyarlarında da hicab məsələsi yer almayıb. Meyarlarda göstərilir ki, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur.

Bu fərmanın 3.3-cü maddəsinin yeni redaksiyasında qeyd olunub ki, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkili yerləşdirilir. Azərbaycan Prezidentinin imzaladığı 7 fevral tarixli Fərmanla təsdiqlənən "Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri" adlı əlavə 1-də kriteriya daha dəqiq göstərilib. Orada qeyd edilib ki, şəxsiyyət vəsiqəsinin üzərindəki fotoşəkil İCAO-nun 9303 saylı sənədinin tələblərinə uyğun olmalıdır.

 

YƏHYA