"Nikol Paşinyan Rusiyaya qarşı siyasi cəbhə açıb" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-01-10 14:41:00

"Paşinyan da Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət müddətinin uzadılması sənədinə imza atmaya bilər, onun əsas siyasi kursu Rusiyanı Ermənistandan çıxarmaqdır"

"Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu il Ermənistanda keçiriləcək "Sarsılmaz Qardaşlıq 2023" hərbi təlimindən imtina edib. Paşinyan həmçinin, Ermənistanda Rusiya hərbi bazasının olmasını ölkəsinin təhlükəsizliyinə təhdid hesab edib". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq hesab edir ki, Paşinyanın KTMT-nin yekun Bəyannaməsinə imza atmaması, təlimlərindən imtina etməsi və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əleyhinə formalaşdırdığı etiraz aksiyaları iki ölkə arasında siyasi böhranı dərinləşdirəcək: "Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin səlahiyyəti müddətinə yaxınlaşanda Paşinyan da Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət müddətinin uzadılması sənədinə imza atmaya bilər. Onun əsas siyasi kursu Rusiyanı Ermənistandan çıxarmaqdır. Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğu Paşinyanın mövqelərini gücləndirir və Kremlə qarşı demarşına gətirib çıxarır. Rusiyanın Ermənistandan çıxarılması Azərbaycanla sülh müqviləsinin imzalanmasına gətirər".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri əlavə edib ki, Azərbaycanın mövqeləri güclənir və erməni baş nazir də bunun fərqindədir: "Bu gün mətbuat konfransında verdiyi bəyanatlardan aydın oldu ki, Paşinyan Rusiyaya qarşı siyasi cəbhə açıb. Azərbaycanla sülh müqaviləsinə gəldikdə isə yaxın perspektivdə buna getməyəcək. Paşinyan birinci Türkiyə ilə münasibətləri normallaşdırıb sonra Azərbaycanla sülh müqviləsinə getməkdə maraqlı görünür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.181763