"Nikol Paşinyan ilk fürsətdə müharibəyə başlamaq istəyir" - İLQAR MƏMMƏDOV

"Çünki təqsir onsuz da Azərbaycanın üzərinə atılacaq və Ermənistan Qərbdən çox sərt hərbi-siyasi dəstək alacaq"
"Qərbin siyasi və akademik dairələrində dərin kök salmış inanc var ki, demokratiyalar bir-biri ilə savaş etmir və əgər demokratik ölkə müharibə etməli olursa, deməli bunun səbəbkarı antidemokratik ölkədir. Qatılaşmış bir inancdır. Yaxın gələcəkdə onu kimsə sarsıda bilməyəcək və bu inanc hazırda Brüsselin, Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərinə baxışının təməlindədir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib.
Partiya sədrinin qənaətincə, Ermənistanın baş naziri Nikol Paşinyan bu vəziyyəti son aylarda bilərəkdən yaradıb: "O, ilk fürsətdə müharibəyə başlamaq istəyir, çünki təqsir onsuz da Azərbaycanın üzərinə atılacaq və Ermənistan Qərbdən çox sərt hərbi-siyasi dəstək alacaq. Bəs bu fürsət qapısı Paşinyanın üzünə necə açıla bilər ki, o, sözügedən inanca arxalanaraq müharibəyə başlayıb təqsiri üstümüzə ata bilsin? Mümkün olanların detallarına varmaq istəmirəm, hər şey ola bilər, geosiyasi vəziyyət hərəkətlidir. Amma bu hiyləyə cavabımız acıqlı bəyanatlardan çox demokratik açılım məsələsində Ermənistanı üstələmək olmalıdır. Hələlik Bakı sadəcə hirs göstərərək Paşinyanın dediklərini Qərbin gözündə daha da gücləndirir. Avropa İttifaqının ali diplomatı Josep Borrellin bu sözləri Bakını çox acıqlandırıb və XİN ona qarşı kəskin açıqlama yayıb: "Avropa İttifaqı Şurasının oktyabrdakı iclası müzakirə etdi ki, Ermənistanla əməkdaşlığımızı necə gücləndirək, onun demokratik yolla seçilmiş hakimiyyətini, dayanıqlığını, təhlükəsizliyini və ölkədə islahatların davam etdirilməsini necə dəstəkləyək. Ermənistandakı missiyamızı gücləndirmək qərarına gəldik: sərhədin həssas hissələrində daha çox müşahidəçi və daha çox patrul olacaq. Avropa Sülh Fondu çərçivəsində Ermənistana mümkün dəstəyi və Ermənistan üçün viza rejiminin liberallaşdırılması variantlarını da araşdıracağıq. Ermənistanın sabitliyini həm daxildən, həm də xaricdən pozmaq cəhdlərinə çox diqqətli olmalıyıq. Azərbaycana mesajımız da aydındır: Ermənistanın ərazi bütövlüyünün pozulması qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyətinə sərt təsir göstərəcək. Ermənistanla Azərbaycan arasında danışıqların və Avropa İttifaqı Şurasının prezidenti Charles Michel tərəfindən görülən işlərin bərpasına çağırırıq. Bizə sülh müqaviləsinin bağlanması lazımdır və vasitəçilik rolumuzu davam etdirməyə qərarlıyıq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı İttifaqın xarici işlər nazirlərinin növbəti, yəqin ki növbəti, toplantısı zamanı gəlib yan görüşlərdə bizə qoşulmağa dəvət edirik. Daha doğrusu bu qərara gələcəyik, yəni bu həll edilməlidir, söhbət Avropa İttifaqının qarşıdan gələn Xarici İşlər Şurasından gedir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
